Əri tərəfindən alçaldılan qadın intihara cəhd etdi


18:45     22 Aprel 2017 bicaq_qadin_2145%20(1).jpg

Aprelin 19-da Mingəçevir şəhər sakini, 1977-ci il təvəllüdlü İsmayılova Aynurə Xalid qızının yaşadığı evdə bıçaqla qarın nahiyəsinə xəsarət yetirərək özünü öldürməyə cəhd etməsi faktına görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


Bu barədə Femida.az-a Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən edilmişdir ki, A.İsmayılovanın özünü öldürməyə cəhd etməsinə səbəb əri İsmayılov Eldəniz Allahverən oğlunun onu mütəmadi olaraq ləyaqətini alçaltması və amansız rəftar edərək döyməsi olmuşdur.

Müayinə olunması üçün məhkəmə-tibb ekspertinə təqdim olunan A.İsmayılovanın bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarət izi aşkar edilmişdir.

E.İsmayılov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 3636