Regionda ən böyük investisiyalı layihə - Sumqayıt Kimya Sənaye Parkı


23:33     22 Aprel 2017 537774.jpg

Paytaxt Bakıdan 32,5 km məsafədə yerləşən və nəhəng infrastruktura malik Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisi 466,37 hektar təşkil edir.


Femida.az report.az-a istinadən bildirir ki, SKSP Baş Planına əsasən Parkın Sənaye Zonası 192 hektar təşkil edəcək.

Burada aqro və tibb kimyası, məişət kimyası, tikinti sənayesi kimyası, elektronika və avtomobil sənayesi kimyası, polimerlər və sənaye avadanlıqlarının istehsalı üçün nəzərdə tutulmuş müəssisələr yerləşəcək.

Ümumilikdə 21 hektar ərazini təşkil edəcək Sosial zonada Parkın rezidentləri üçün 16 mərtəbəli inzibati bina, Sərgi-Konfrans Kompleksi, Peşə Təhsil Mərkəzi, Laboratoriya binası, emalatxanalar, Uşaq Baxım Mərkəzi, açıq və qapalı idman meydançaları, Sağlamlıq Mərkəzi, Yataqxana Kompleksi, həmçinin rezidentlər və işçilərə xidmət edəcək digər obyektlər fəaliyyət göstərəcək.

Hazırda SKSP-nin 10 rezidenti var və bura yatırılan investisiyaların ümumi həcmi 1,2 mlrd. ABŞ dollarıdır. Bu isə regionda ən böyük investisiya qoyuluşu hesab edilir.

Rəsmi açıqlamaya görə, Sumqayıt Kimya Sənaye Parkının ikinci fazasında da müəyyən işlər görülüb. İkinci fazaya daxil olan 27 ha ərazidə söküntü işləri tam yekunlaşdırılıb və ərazidə yeraltı infrastrukturun salınması həyata keçirilir.

Xatırladaq ki, SKSP Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılıb.

Açar sözlər:

Oxunub: 1475


Oxşar xəbərlər