Gəncəli heykəltəraş beynəlxalq mükafata layiq görülüb


23:45     23 Aprel 2017 1_65.jpg

Gəncə şəhərinin baş rəssamı, heykəltəraş Şərif Şərifov yaratdığı ulu öndər Heydər Əliyev abidəsinə görə Rusiya Yaradıcılıq Akademiyasının qızıl medalına layiq görülüb.



Femida.az xəbər verir ki, heykəltəraş AZƏRTAC-a bildirib ki, incəsənət sahəsində dünyanın bir çox məşhur şəxsiyyətlərini ətrafında birləşdirən nüfuzlu Rusiya Yaradıcılıq Akademiyasının qızıl medalına layiq görülməsi həm də bu sahədəki 50 illik fəaliyyətinə verilən yüksək qiymətdir.

“Ümummilli lider Heydər Əliyevin obrazı istər dünya miqyaslı siyasətçi, istərsə də tarixi şəxsiyyət kimi hər zaman incəsənətin müxtəlif sahələrində çalışan sənətkarlar üçün yaradıcılıq baxımından maraqlı olub. İlk dəfə Ulu Öndərin heykəlini yaratmağım üçün sifariş aldıqda çox sevindim. Bu, həm də olduqca məsuliyyətli iş idi. Əvvəlcə yeni əsərin digər heykəllərdən fərqli olması üçün düşündüm, daha sonra isə işə başladım”, - deyə Şərif Şərifov qeyd edib.

Sənətkar deyib: “Mənim yaratdığım heykəldə dinamizm var. Sanki irəli addım atan Ulu Öndər bir anlıq əllərini arxada düyünləyib qarşıya baxır. Bu zaman onun üzündə dərin bir ifadə yaranır. Heykəldə Heydər Əliyev qarşısıalınmaz xeyirxah qüvvənin rəmzidir. Onun irəlidə gördüyü isə işıqlı Azərbaycandır. Bu yolda böyük çətinliklər və çoxlu görüləsi işlər var. Lakin əsas odur ki, ölkəmiz inamla həmin işıqlı gələcəyə doğru gedir. Mən Ulu Öndərin bu baxışlarını və üzündəki həmin ifadəni daş üzərində həkk etmək istəmişəm. Elə bu da əsərin uğurlu alınmasını həll edib”.

Qeyd edək ki, heykəltəraş Şərif Şərifova qızıl medal aprelin 25-də Moskva şəhərində Rusiya Yaradıcılıq Akademiyasının rəhbərliyi tərəfindən təqdim olunacaq.

Açar sözlər:

Oxunub: 1038