Faktiki və rəsmi nikahla bağlı BİLMƏDİKLƏRİMİZ


15:10     12 Avqust 2017 97278b1e-753a-4ebc-832e-3bea244d59e535.jpg

“Faktiki nikah odur ki, rəsmi nikaha daxil olmadan dini qaydada kəbin kəsmək yolu ilə və ümumi təsərrüfat aparmaqla, ər-arvad kimi ailə həyatı sürürlər. Buna qeyri-rəsmi nikah deyilir”


Bunu Femida.az-a açıqlamasında hüquqşünas Məhərrəməli Həmidov deyib.

Hüquqşünas bildirib ki, qanunvericiliyimiz faktiki nikahı tanımasa da, el arasında faktiki nikaha daxil olan şəxsləri hamı ər-arvad kimi qəbul edir:

“Çünki, faktiki nikahda hardasa kənar təsirlərə məruz qalmadan, könüllü qaydada baş tutur. Lakin, qanunvericlik bu cür ər-arvadın hüquq və vəzifələrini müəyyən etmir. Onların əldə etdikləri əmlaka ümumi mülkiyyət huququ tanımır. Ailə uğursuz alınanda, dövlət orqanına və yaxud məhkəməyə müraciət etməyə ehtiyac yoxdur. Çünki mövcud olmayan nikah nə ləğv edilə bilər, nə də ki, etibarsız sayıla bilər”.

Məhərrəməli Həmidov bildirdi ki, rəsmi nikah işin hallarından asılı olaraq həm ləğv edilə, həm də etibarsız hesab oluna bilər:

“Rəsmi nikah isə qeydiyyat orqanlarında dövlət qeydiyyatına alınır və ər-arvadın hüquq və vəzifələrini nikah rəsmiləşdirildikdən sonra müəyyən edir. Rəsmi nikah işin hallarından asılı olaraq, həm ləğv edilə, həm də etibarsız sayıla bilər. Nikah ləğv ediləndə, həmin gündən sonrakı günlərə görə mövcud olmur. Nikah etibarsız sayılanda isə, bağlandığı andan olmamış kimi başa düşülür. Yəni nikahı etibarsız sayılmış səxs sonradan nikaha daxil olarsa, bu, onun ilk nikahı kimi qeydiyyata alınır. Nikahın etibarsız sayılması səxsin istəyinə görə deyil, qanunvericilikdə nəzərdə tutulmuş əsaslara görə müəyyən edilir”.

O, aşağıdakı hallarda nikah müqaviləsinin etibarsız hesab edilə biləcəyini vurğuladı:

“Məsələn, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar; övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AiDS) olmasını o birindən gizlətdikdə, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) məhkəmə qaydasında etibarsız sayıla bilər”.



“Nikahın etibarsız sayılması bu nikahdan doğulan və ya nikahın etibarsız sayılması günündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir”, - hüquqşünas əlavə etdi.

Hüquqşünas sonda bildirdi ki, nikah etibarsız hesab edilərkən məhkəmə, belə nikahın bağlanması nəticəsində hüquqları pozulmuş ərin (arvadın) saxlanması üçün digər tərəfdən vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı payları bölə bilər. Onun sözlərinə görə, ər (arvadın) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4313


Oxşar xəbərlər