Vətəndaşa qarşı inanılmaz fırıldaq – Provayder və “Bakcell” bir-birini günahlandırır


15:02     04 May 2017 1434954403_otpravka-sms_22.jpg

Femida.az-a müraciət daxil olub.


Müraciəti ünvanlayan Turan Ramazanlı adlı vətəndaş istifadə etdiyi “Bakcell” mobil nömrəsinin balansından heç bir xidmətdən istifadə etmədiyi halda mütəmadi olaraq müəyyən məbləğdə pul çıxarıldığını iddia edir.

Vətəndaş bildirir ki, ona hər hansı bir xidmətə qoşulmaqla bağlı heç bir mesaj gəlməyib:

“Mənim xəbərim olmadan hər gün balansımdan 0.59 manat məbləğində vəsait çıxarılırdı. Elə oldu ki, bir neçə gün ərzində balansımdan ümumilikdə 6.49 manat pul çıxarıldı. Səbəbini öyrənmək üçün “Bakcell”in müştəri xidmətləri ilə əlaqə saxladım. Mənə bildirildi ki, guya mən 2017-ci ilin 19 mart tarixində saat 13:29-da “RMS” provayderinin təqdim etdiyi saytda qeydiyyatdan keçərək “online video” xidmətinə qoşulmuşam. “Bakcell”dən mənə o da bildirildi ki, mənim nömrəmə xidmətə qoşulmağım və xidmət haqqı ilə bağlı mesajlar gəlib. Halbuki mənə nə elə bir mesaj gəlməyib, nə də mən bu cür bir xidmətə qoşulmamışam”.

Turan Ramazanlı hesab edir ki, spam texnologiyalar vasitəsilə onun adından həmin sayta qeydiyyat aparılıb və xəbəri olmadan istəmədiyi bir xidmətə abunə edilib:

“Bu, necə ola bilər ki?! Adətən hansısa saytda qeydiyyatdan keçmək üçün müəyyən prosedurlardan keçmək tələb olunur. Axı mənim qarşıma hansısa saytda qeydiyyatdan keçmək üçün hansısa pəncərə açılmayıb. Məni istəmədiyim bir xidmətə necə üzv edə bilərlər?! Bu, “Bakcell” mobil operatorunun və “RMS” provayderinin mənə qarşı fırıldağıdır. Haqqımı məhkəmədə müdafiə edəcəyəm”.

“RMS” provayderindən sorğumuza cavab olaraq bildirildi ki, abonentin konkret hansı videolara baxdığı ilə bağlı sistemdə məlumat yoxdur və bu barədə ətraflı məlumat almaq üçün “Bakcell” şirkətinə müraciət edilməlidir. “Bakcell” isə vətəndaşa problemi həll etmək üçün provayderə müraciət etməyi tövsiyyə edib.

Qeyd edək ki, son zamanlar Azərbaycanda mobil operatorların abunəçiləri tora salaraq müxtəlif xidmətlərə qoşması ilə bağlı mətbuatda məlumatlar dolaşır.



Ceyhun
Femida.az

Açar sözlər:

Oxunub: 8367


Oxşar xəbərlər