• Ana səhifə / Manşet

Xəbər lenti

8 dəfə ilan sancmış bioloqla müsahibə: `52 sm olan ilanı uşağın mədəsindən çıxardıq` - (FOTOLAR)


Tarix 16.05.17, 11:24


Femida.az –ın müsahibi Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərovdur. Müsahibədə Azərbaycanda yaşayan ilan növləri, onların insanlara törədə biləcəyi təhlükələr, ilan udan qızcığazın xilas edilməsindən və digər məqamlardan bəhs olunur.






- Təvəkkül müəllim, ilanları dərindən öyrənən bir elmi işçi kimi tanınırsınız. Sizdə ilanlara böyük maraq hardandır?


- Hər kəs uşaqlıq dövründən müəyyən sahəyə maraq göstərir. Mənim uşaqlığım Kürdəmirdə keçib. Aran düzənlik zonası elədir ki, orada sürünən heyvanlar üstünlük təşkil edir. Mən də uşaq vaxtlarından sürünən heyvanlara maraq göstərirdim. Bu maraq sonda mənim biologiya fakültəsinə qəbul olmağıma gətirib çıxardı. 40 ildən çoxdur ki, yaradıcılığımı sürünənlərə həsr etmişəm. Bunlar arasında daha çoxluğu zəhərli ilanlar təşkil edir. Mən ilanlara yaradıcılıq obyekti kimi baxıram.

- İnsanlar ilanlardan digər heyvanlara nisbətən niyə çox qorxur?Mütəxəssis ilandan qorxurmu?

- Qorxu hissi insanlarda şüurlu surətdədir. Mütəxəssisdə olan qorxma hissi sonradan ehtiyatlı davranış hissini formalaşdırır. Məndə də ilanlardan sağlam qorxma hissi var. İlandan zərər görməmək üçün onun davranışlarını bilmək lazımdır. İlanı yaxşı tanısan, o sənə zərər verməz. İnsanlar ilan adı gələndə vahiməyə düşür. Bu da onun zəhərli olması ilə bağlıdır. Amma bir şeyi unudurlar ki, bütün ilanlar zəhərli deyil.

- Bu 40 ildə həyatınıza təhlükə yaradan ilanlar olubmu?

- Bəli, belə hallar çox olub. Məni bu illərdə 8 dəfə ilan sancıb. Onlardan ikisi həyatım üçün daha təhlükəli oldu. Sovet dövründə ilan zəhəri istehsal edən labaratoriya var idi. Orada işlədiyim müddətdə hər il 3- 3,5 kq quru gürzə zəhəri verirdik. Zəhər almaq üçün hər ay 2000 -2005 baş gürzə ilanı saxlayırdıq. Labaratoriyada işlədiyim vaxtı 1986-cı ildə qəfəsdə olan gürzəni götürmək istəyəndə barmağımdan yapışdı. Burada gühan ilanda yox, məndə oldu. Çünki ilan ehtiyatsız davranışı sevmir və bağışlamır. Dişinin birini barmağıma keçirdi. Həmin dəqiqə zəhərini barmağıma tökdü. Həyatım üçün ciddi təhlükə yarandı. Bu gün də gürzənin zəhəri nəticəsində barmağımın hir hissəsi yoxdur. Bu həyatım üçün ən təhlükəli ilan sancması idi.









- Biz ilandan qorxuruq. Bəs, ilan nədən qorxur?

- İlan elə ən çox insandan qorxur. İlanlar ümumiyyətlə səs-küyü sevmir. İlan mələyən çöllər deyimi də səbəbsiz deyil. O cür çöllərdə sakitlik olduğu üçün ilanlar orada daha çox yaşayır. Onlar özlərini təhlükəsiz hiss etmək üçün orada yaşayır. İlanlar insanların yaşadığı məskənlərdən hər zaman qaçırlar.

- İnsanların yaşadığı ərazilərdə də ilanlara rast gəlinir…

- Bəli, düz qeyd etdiniz. Bunun da səbəbi insanlardadır. Onlar həyətləri kol-koslu saxladıqda, tullantıları vaxtında atmadıqda ilanlar üçün münbit şərait yaradırlar. Buna görə də ilanlar yem arxasınca həmin əraziyə gəlir. Ərazimizdə ilan görmək istəmiriksə, onlara şərait yaratmamalıyıq.

- May ilanların aktiv olduğu aydır. Bunun səbəbi nədir?

- Bu ay həm insanların, həm də ilanların aktivləşdiyi aydır. İlanların belə bir xüsusiyyəti var ki, onlar qış uzunu torpağın altında qış yuxusuna gedirlər. İlanlar yuxulamaq üçün qayanın altını, kolluqları, siçovul dərmə-deşiklərini və digər yerləri seçir. Qış yuxusu zamanı ilanlar heç nə ilə qidalanmır. Orqanizmdəki fizioloji proseslər tamamilə dayanır. Havalar isinən zaman onlar qış yuxusundan oyanır. Bu da mart ayının sonundan, may ayının əvvəllərindən başlayır. Onlar soyuqlar düşənə qədər aktiv həyat tərzi sürür. Ona görə də isti aylarda ilanlarla rastlaşmaq şansı daha çox olur. Bu ayda onların yemə ehtiyacı artır. Bu səbəbdən də kütləvi şəkildə yem axtarmaq üçün ərazilərə səpələnirlər. Həmçinin ilanlar nəsl artırmaq üçün də yumurta qoyurlar. İlanların cütləşməsi də məhz mart, aprel aylarında olur. May ayından etibarən yumurtalar qoyulur. Yumurtadan çıxan ilanlar 4 il yarımdan sonra nəsil artırma qabiliyyətinə malik olur.

- Azərbaycanda neçə növ ilan növü yayılıb?

- Azərbaycanda 28 ilan növü yayılıb. Onlardan 6-sı zəhərlidir. Ən çox rast gəlinən levand gürzəsi adlandırılan ilandır. Onlar daha çox quraqlıq zonada yaşayır. Məsələn, qalxansifət ilan daha çox Lənkəran zonasında yayılıb. Bunlar çox zəhərli ilan növləridir. Digər 22 növ ilanlar isə zəhərli deyil.

- İlan udan qızla bağlı xatirəniz var. Necə baş vermişdi bu hadisə?

- Bu hadisə 80-ci illərin sonlarında İmişlidə olmuşdu. O zamankı “Pravda” qəzetinin Azərbaycan müxbiri Zaur Qədimbəyov mənə zəng etdi. Soruşdu ki, bir professor 12 yaşlı uşağın mədəsindən gürzə ilanı çıxarıb. Telefonda ona dedim ki, bu, gürzə ilanı ola bilməz. Birlikdə həmin professorun yanına getdik. Məlum oldu ki, yeniyetmə qız atası ilə bostanda işləməyə gedibmiş. Yorulduğu üçün ağacın dibində yuxuya gedib. Həmin vaxt ağzıaçıq qaldığı üçün ilan ağzına girib. Təbii udqunmaq yolu ilə ilanı udub. Professor Axundov onun mədəsini yarmaq yolu ilə çıxartmaq istəsə də, onu qusdurma yolum ilə uşağın mədəsindən çıxarıblar. Həmin ilana baxan zaman gördüm ki, uşağın mədəsindən çıxan ilanın ağzında daha bir ilan var. İlan gürzə yox, el arasında dam ilanı deyilən növdən idi. O ilan növləri öz cinslərini də yeyir. Özləri də insanlara yaxın olan ilan növüdür. Məlum oldu ki, bir ilan digərini udub, həzm etmək üçün uşağın ağzını bir yuvaya bənzədib. Ona görə də qızın ağzından mədəsinə keçib. Uşaq həmin vaxt ona toxunduqda ilan sürətlə özünü içəri salıb. Bu ilanların xüsusiyyətidir. Onları tutmaq istəyəndə daha sürətlə qaçmağa çalışır. İlanın uzunluğu 52 sm olardı. Amma xoşbəxtlikdən uşağa heç bir ziyan dəyməmişdi. İlansa havasızlıqdan ölmüşdü.







- İlanlarla bağlı şeir də yazmısınız. Orada 7 qardaş ilandan da söz açırsınız. Belə bir ilan növü varmı?

- Bəli, belə bir şeirim var. Əslində 7 qardaş deyilən ilan növü yoxdur. Bunu insanların rəvayətlər əsasında formalaşıb. İlan balaları bir-birinə çox bənzəyir. İnsanlar birini öldürdükdən sonra, bir müddət sonra ona bənzər digərini gördükdə elə zənn edir ki, bu öldürdüyü ilanın “qardaşı”dır. Bu 7 qardaş ilan söhbəti də oradan yaranıb. 7 rəqəmi də mifik olduğu üçün belə adlandırılır.

- İlanlar fısıldayan zaman təhlükə yarada bilərmi?

- İlanların özünün müdafiə üçün davranışı var. Onlar heç bir vaxt durduğu yerdə heç nəyə hücum etmir. İlanlar təhlükə hiss etdikdə ilk növbədə qaçmağa, gizlənməyə cəhd edir. Qaçmağa yer tapmayanda qıvrılıb, özünü müdafiə etməyə hazırlaşır. Bu zaman o fısıldayır. Bununla da düşməninə xəbərdarlıq edir. Əgər, onu təqib etməyə davam etsən, o zaman hücum edəcək. Ümumiyyətlə ilana toxunmasan, ona yaxınlaşmasan o insana hücum etmir.

- İlanların ən böyük düşməni hansılardır?

- İlanın ən böyük düşməni elə insandır. İnsanlar ilan görən kimi onu öldürməyə cəhd edir. Bu isə düzgün yanaşma deyil. Bundan əlavə ilanlarla qidalanan yırtıcı quşlar, heyvanlar da ilanların düşməni hesab olunur. Bundan əlavə kirpi də ilanın əsas düşmənlərindəndir. Kirpi əslində ilanı yemək üçün öldürmür. İlanlar özləri kirpiyə hücum edir. Bu zaman kirpinin sərt tikanları ilanı deşir. İlandan çıxan qan kirpinin xoşuna gəlir. Buna görə də ona hücum edib, öldürür.

- “İlanın yarpızdan zəhləsi gedər” deyimi nə dərəcədə doğrudur?

- İlanın görmə qabiliyyəti o qədər də güclü inkişaf etməyib. Onlar obyektləri iybilmə xüsusiyyəti ilə tanıyır. Qoxu bilmə ilanlarda mükəmməl inkişaf edib. Onların dilinin ucunda olan haca ilə qidaları daxilə ötürür. Daxili orqanda həmin qidanın qoxusunu müəyyən edir. İlanlar kəskin qoxunu sevmir. İlanlar kəskin iy olan əraziləri tərk edirlər. Yarpızın, sarımsağın iyi kəskin olduğu üçün onlar o ərazilərdən uzaqlaşır. İlanlar küldən, benzindən, neftdən də qaçırlar.





- Son illərdə Azərbaycanda qurbağaların biznesi yaradılıb. İlanlardan niyə pul qazana bilmirik?

- Bizdə bu sahə hələ ki geri qalır. Biz bir şeyi anlamalıyıq ki, ilanın zəhəri dərman hazırlanması üçün istifadə olunur. Bizim də ərazidə zəhərli gürzə kifayət qədər yayılıb. Gürzənin zəhəri olduqca qiymətlidir.

- İlan sancandan neçə vaxt sonra insan ölə bilər?

- Bu ilanın sancdığı yerdən asılıdır. Həyat üçün vacib orqanlara yaxın yerlərdən ilan sancdıqca daha tez ölüm halı baş verə bilər. Misal üçün gürzənin zəhəri insanın qan hüceyrələrini məhv edir. Nəticədə həmin hissədə qanqrena olur. Hüceyrələr məhv olur. Kobra insanı sancdıqda əsəb sistemini sıradan çıxarır və insan iflic olur. Bunlar hər ikisi təhlükəlidir. Buna görə də vaxtında həkimə müraciət etmək lazımdır. Dərindən ilan sancdıqda 15 -20 dəqiqəyə insan ölə bilər.











Miri Məcidli
Foto: Elvin Abdulla
Femida.az

Xəbərin oxunma sayı : 11569









Müsahibə
img

Baramaçılıqda yeni dövr - Kəndlilər böyük pullar qazanacaq (VİDEOREPORTAJ)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img