28 May İsveçrədə qeyd olunub


01:10     25 May 2017 bern.JPG

28 May – Respublika Günü və Azərbaycanla İsveçrə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi tərəfindən Bern şəhərində rəsmi qəbul təşkil olunub.


Səfirlikdən Femida.az-a verilən məlumata görə, 300-dən artıq qonağın qatıldığı tədbirdə İsveçrənin federal və kantonal qurumlarının rəsmiləri, İsveçrədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış simaları, elm xadimləri, işgüzar dairələrin nümayəndələri, eləcə də İsveçrədəki Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Səfir Ə.Zeynallı çıxışında müsəlman şərqində ilk demokratik respublika olan ADR barədə məlumat verib, qısa dövr ərzində mövcud olmasına baxmayaraq, bir sıra siyasi və iqtisadi islahatları gerçəkləşdirdiyini, qadınlara seçki hüququnu əksər Avropa ölkələrindən daha tez təmin etdiyini bildirib.

O, ADR-in varisi olaraq, 1991-ci ildə müstəqilliyini bərpa edən hazırkı Azərbaycan Respublikasının Ermənistanın təcavüzünə məruz qalmasına, ərazisinin bir hissəsinin işğal edilməsinə və ciddi iqtisadi, sosial və humanitar problemlərlə üz-üzə qalmasına rəğmən, ümummilli lider H.Əliyevin uzaqgörən daxili və xarici siyasəti sayəsində müstəqilliyini qoruduğunu, siyasi və iqtisadi sabitlik yoluna qədəm qoyduğunu, onun davamçısı Prezident İ.Əliyevin uğurlu siyasəti nəticəsində isə bölgənin aparıcı dövlətinə, eləcə də beynəlxalq münasibətlər sisteminin nüfuzlu iştirakçısına çevrildiyini vurğulayıb.



Azərbaycan-İsveçrə münasibətlərinə toxunan səfir Ə.Zeynallı, bu münasibətləri dostluq və qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlıq əlaqələri kimi xarakterizə etmiş, ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafının əsasını yüksək səviyyəli siyasi dialoqun təşkil etdiyinə diqqəti yönəldib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir İsveçrənin bu münaqişənin həlli istiqamətindəki səylərini, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ev sahibliyi etməsini alqışlayıb, tezliklə beynəlxalq hüququn prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına ümid etdiyini söyləyib.

İsveçrə tərəfindən çıxış edən İsveçrə Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri, senator Filippo Lombardi Azərbaycanı dost ölkə olaraq qəbul etdiklərini, iki ölkə arasında çoxlu oxşarlığın olduğunu, İsveçrənin Azərbaycanın inkişafında maraqlı olduğunu, bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasını arzu etdiklərini və şəxsən özünün təmsil olunduğu müxtəlif beynəlxalq təşkilatların parlament ölçüsü çərçivəsində bunun üçün səylərini əsirgəməyəcəyini qeyd edib. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin artıq uzun illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik etdiklərini, lakin artıq nəticə verməyin vaxtının yetişdiyini vurğulayıb. Bu baxımdan o, tək Minsk qrupu həmsədr ölkələrinin deyil, bütün dünya ictimaiyyətinin, o cümlədən İsveçrənin bu münaqişənin həllinə öz töhfəsini verməli olduğunu qeyd edib.



Tədbirdə həmçinin, müasir Azərbaycanın görüntülərindən ibarət video-çarx nümayiş etdirilib və milli mətbəx nümunələri qonaqlara təqdim olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1236