Nəbatat Bağında böyüyən `Nazpəri` – VİDEOREPORTAJ


15:37     26 May 2017 kjjjkkh3+.jpg

Bu gün ölkəmizdə turizmin inkişafından bəhs edərkən Mərkəzi Nəbatat Bağını da xatırlamaq yerinə düşər. Misal üçün, qonşu Gürcüstanda yerləşən Botanika bağından uğurla turist mərkəzi kimi istifadə olunur. Təəssüf ki, bizdə Botanika bağı bu günün özündə diqqətdən kənarda qalıb. 80 ildən artıqdır ki, fəaliyyət göstərən bağın ərazisi 41 hektardan çoxdur. Atmosferin müxtəlif qazlarla çirkləndiyini nəzərə alsaq, Bakının ekologiyasının tənzimlənməsində bu bağ kifayət qədər böyük çəkiyə malikdir. Bu bağın “Bakının ağciyərləri” adlandırılması da təsadüf deyil.



Turistləri bağa necə cəlb edək?



Ömrünü bitkilərə həsr edən Mərkəzi Nəbatat Bağının nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının müdiri Yusif Zeynalov burada olan bitkilərin əhəmiyyətindən danışarkən yeni gətirilən Adəm ağacının özəlliyini də xüsusi qeyd edir:






“Mərkəzi Nəbatat Bağında xaricdən gətirilmiş ağaclar çoxdur. Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən hədiyyə edilmiş 6 ədəd sakura ağacı, Çindən gətirilən Adəm ağacı bağa xüsusi gözəllik verir. Çinin savannalarında yetişən bu ağac suya çox tələbkar olsa da son dərəcə gözəl dekorativ bitkidir. Hələ yarpaqlamamış büsbütün çiçək açır. Adəm ağacı, həm də ona görə qiymətli hesab olunur ki, ondan yüksək keyfiyyətli musiqi alətləri hazırlanır. Hazırda onların çoxaldılması üçün işlər aparırıq.”

Nəbatat Bağını gəzərkən qurulan dekorasiya xüsusilə diqqəti cəlb edir. Ovucun içərisində yerləşən ağac əslində özündə böyük mənanı daşıyır. Yusif Zeynalov Nəbatat Bağında salınan Konifer baxçanın tarixçəsindən danışıb:

“ Konifer baxçasının keçən il açılışı oldu. Mərkəzi Nəbatat Bağında bu baxçanı Şöhrət adlı azərbaycanlı iş adamı saldırıb. Əlin içərisində olan ağacın da mənası var. Yəni, insanlar bitkiləri ovuclarının içərisində saxlamaqla qorumalıdırlar və çoxaltmalıdırlar. Burada 30-a yaxın fərqli bitkilər var.”






Bağın ərazisində yerləşən hovuzların təmirə ehtiyacı olsa da, onlarda saxlanılan qızılı balıqlar gələnlərin marağına səbəb olur. Bağın ərazisində xüsusi maraq kəsb edən bölmələrdən biri də qızıl güllərin əkildiyi ərazidir. İndiyədək laboratoriyada xarici ölkələrdən gətirilmiş 560-dan çox qızılgül sortu introduksiya edilib, yəni yerli şəraitə uyğunlaşdırılıb. Ömrünü bitkilərin əhatəsində keçirən alim bildirir ki, indiyədək laboratoriyada Azərbaycana məxsus 31 yeni qızılgül sortu yetişdirilib. “Əsrin müqaviləsi”, “Sarı gəlin”, “Nazpəri” qızılgül növləri artıq dövlət tərəfindən qəbul olunub, aidiyyəti qurumların patentini alıb. Söhbətimiz zamanı maraqlı bir faktla da qarşılaşdım. Belə ki, bağda olan güllərdən biri xalq artisti Nazpəri Dostəliyevanın şərəfinə “Nazpəri” adlandırılıb. Bu növü hazırlayan alim isə Asəf İsgəndərovdur. O müğənniyə olan sevgisini məhz bu yolla ifadə etməyə çalışıb.
Alim Yusif Zeynalov bağın ərazisində yerləşən nadir ağac növlərindən də danışıb. Nadir ağac növü kimi qorunan Dəmirağacdır. Ağac növünün belə adlandırılmasının da səsəbi var. Onun oduncağı ağır olduğu üçün suda dəmir kimi batır. Bu səbəbədən də onu bu cür adlandırırlar.

Bakının oksigen balonu sayılan bağda gözəlliklərlə yanaşı problemlər də diqqətimizdən qaçmır. Bağın ərazisində hovuzların, binaların, asfalt örtüyünün təmirə ehtiyacının olduğu görünür. Bundan əlavə bağın ərazisində işçilər üçün yeməkxanın, çay içilməsi üçün məkanının olmaması diqqətimizdən qaçmadı. Bu gün yaşıllığa bürünmüş 80-dan çox yaşı olan bu bağın əsas qidası olan sudur. Bağın əməkdaşları ilə söhbətimiz zamanı məlum oldu ki, günün bu günündə belə Nəbatat Bağının su problemi qalmaqdadır.





Vətəndaşlar Nəbatat Bağını gəzmək üçün nə qədər pul ödəməlidir?

Nəbatat Bağına giriş qonşu ölkələrlə müqayisədə kifayət qədər ucuzdur. Böyüklər bağa girmək üçün 1 manat, uşaqlar isə 50 qəpik ödəməlidir. Bağda olduğumuz müddətdə məktəblilərin də gəzinti üçün gəldiyini gördük. Onlar da bu gözəllikdən məmnun görünürdülər. Siz də bu gözəlliyi görmək və təbiəti qorumaq üçün istirahət günlərinizdə bu yaşıl bağa istirahətə gedə bilərsiniz.


Femida.az Mərkəzi Nəbatat Bağından hazırlanan videoreportajı təqdim edir:














Müxbir: Miri Məcidli
Oğuz Altay
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov
Femida.az

Açar sözlər:

Oxunub: 17354


Oxşar xəbərlər