Azərbaycanda kuryoz olay: Prokuror və polis bir-birini inkar edir (FOTO)


20:32     26 May 2017 polis47.jpg

İsmayıllıda baş verən qətl hadisəsi ilə bağlı qalmaqal böyüyür.


Belə ki, Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında qaynatasını öldürməkdə təqsirli bilinən İsmayıllı rayon sakini Tural Rüstəmovun könüllü olaraq polis şöbəsinə təslim olduğu öz əksini tapsa da, məhkəmə dövlət ittihamçısı Fuad Musayevin tələbini əsas tutaraq başqa qərar qəbul etdi.

İclasda iştirak edən prokuror Tural Rüstəmovun yəqin ki kiminsə xahişi ilə polis şöbəsinə gəldiyini deyərək, əsassız və qəribə mövqeyi ilə könüllü gəlməni qəbul etməyib, məhkəmə də müdafiə tərəfinin etirazına baxmayaraq prokurorun mövqeyini qəbul edib.

Femida.az məsələyə aydınlıq gətirmək üçün hadisə baş verdiyi gün, 2016-cı ilin 22 avqust tarixində İsmayıll Rayon Polis Şöbəsində növbətçi olan mayor Hüseyn Babayevlə əlaqə saxladı.

Hüseyn Babayev açıqlamasında bildirdi ki, Tural Rüstəmov özü könüllü şəkildə şöbəyə yaxınlaşaraq polisə təslim olub:

“Saatı dəqiq xatırlamıram, amma onu deyə bilərəm ki, Tural Rüstəmov həmin gün şöbəyə yaxınlaşdı və adam öldürdüyünü bildirərək könüllü təslim oldu”.

Qeyd edək ki, ötən gün Şəki Ağır Cinayətlər Məhkəməsində qaynatasını öldürməkdə təqsirli bilinən İsmayıllı rayon sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tural İman oğluna açılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə Tural Rüstəmov barəsində hökm çıxarılıb. Hökmə əsasən, Tural Rüstəmov cəzasının 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildi.

Onu da qeyd edək ki, hakimin çıxardığı qərar birmənalı qarşılanmayıb. Belə ki, ibtidai istintaq zamanı Tural Rüstəmovun cinayət törətdikdən sonra könüllü olaraq polisə təslim olduğu öz əksini tapsa da, dövlət ittihamçısının anlaşılmaz tələbi əsasında hakim bu halı nəzərə almayıb.



Mövzu ilə bağlı digər yazılar:

http://femida.az/news.php?id=55220

http://femida.az/news.php?id=49344


Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 6212