Ailə həkimlərinə təlimlər keçirilib


22:13     26 May 2017 18742336_2084764998417565_1970992372_o_1495800740.jpg

Mayın 26-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Mingəçevir və Yevlax Ailə Sağlamlıq Mərkəzlərində çalışan həkimlər üçün seminar keçirilib.


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Azər İsmayılov seminar iştirakçılarını salamlayıb və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin seminar iştirakçılara ünvanlandığı məktubunu oxuyub:

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsas məqsədlərindən biri İlkin Səhiyyə Xidmətlərinin gücləndirilməsi, ailə həkimliyi institutunun inkişaf etdirilməsidir. Ailə həkimlərinin bilik və bacarıqlarının artırılması, onlara beynəlxalq təcrübənin öyrədilməsi olduqca zəruridir. Bununla həm göstərilən tibbi xidmətlərin keyfiyyəti, həm də əhalinin tibbi xidmətlərə əlçatanlığı artırılacaq”.

Seminarda ürək-damar və tənəffüs sistemi xəstəliklərinin erkən aşkarlanması, müasir diaqnostika üsulları və müalicəsi, həmçinin təcili təxirəsalınmaz halların idarə olunmasında ailə həkimlərinin roluna dair mövzular işıqlandırılmış, həkimlərin praktiki bacarıqlarının təkmilləşdirilməsi üçün məşğələlər keçirilmişdir. Seminar Türkiyə Ailə Həkimliyi Dərnəyinin üzvləri Murat Soyal və Hakan Uzun tərəfindən aparılıb. Seminar mayın 27-də də davam edəcək.

Pilot ərazilərdə fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə Agentlik tərəfindən gələcəkdə də təlim və praktiki seminarların keçirilməsi planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 854