• Ana səhifə / Manşet

Xəbər lenti

`Azərbaycan deyəndə Qarabağ yadıma düşür`– Əli Pormehrlə müsahibə (FOTOLAR)


Tarix 09.06.17, 16:58


Femida.az-ın müsahibi İranda yaşayan , Türk dilində mahnılar ifadə edən yeganə pop müğənnisi Əli Pormehrdir. Əli Pormehr müsahibəsində həyat yolundan, yaradıcılığından və Qarabağa olan sevgisindən bəhs edib.


Müsahiblə qısa tanışlıq.

Əli Pormehr Muğan vilayətinin Gərmi şəhərində anadan olub. İki qardaşı və bir bacısı var. Azərbaycan dilində mahnılar ifa edən müğənni İranda yaşayan türklər tərəfindən xeyli sevilir. Təbriz, Urmiya, Türkçülüklə bağlı oxuduğu mahnılarla tanınır.Əli Pormehr evlidir. Bir qız övladı da var.


- Əli bəy, ailənizlə qısa tanışlıqdan başlayardıq.

Anam təbrizli, atam muğanlıdır. Atam tikinti sahəsində iş adamıdır. Özünün tikinti şirkəti var. Anam isə evdar qadındır. Ailədə dörd uşağıq.


- Azərbaycan deyəndə gözünüzün önündə nə canlanır?

- Azərbaycan haqqında fikrimi bir-iki cümlə ilə ifadə edə bilmərəm. Azərbaycan deyəndə əvvəl Qarabağ yadıma düşər. Sonra ayrılması yadıma düşər. Sonra oranın şəhidləri, bu tayın şəhidləri… Çünki vətən şəhidlərin üzərində qurulub…

- Bakıda olmusunuzmu ?

- Çox könlüm istəyər Bakıya gəlməyi. Amma indiyədək bu mənə nəsib olmayıb.

- Bakı ilə bağlı hansı məlumatlarınız var?

- Bakını realda görməmişəm. Amma bilirəm ki, Azərbaycanın önəmli şəhəri və paytaxtıdır. Sosial mediada Bakıdan olan çoxlu dostlarım var. Onlar paylaşdıqları şəkillərdən Bakının necə gözəl şəhər olduğunu görmüşəm.
-
- Bəstənizdə “Gecələri yatammıram sənə görə” deyəndə Bütöv Azərbaycanın həsrəti kimi nəzərdə tutmaq olarmı?

- Hər kəsin mahnıya özünə aid baxışı ola bilər. Kim necə istəsə, o cür də qəbul edə bilər. Amma mən bu mahnını sevgilimə yazmışam. Heç bir siyasi məqamı nəzərdə tutmamışam.

- Rəsmi dili fars dili olan dövlətdə Azərbaycan- Türk dilində mahnılar oxuyursunuz. Bu, sizə problem yaratmır kı?

- Mən, İranın bütün rəsmi kanallarında qonaq olmuşam. Bu vaxta qədər heç bir sıxıntım olmayıb.



- Bəs fars dilində mahnı oxuyursunuz?

- Mahnılarımı Türk dilində yazıram və oxuyuram. Amma İranda yayımlanan filmlərə və seriallara fars dilində sözlər və musiqi yazıram. Fars müğənnilərlə də yaxşı münasibətim var.

- Burada da sizi sevənlər çoxdur. Sözünüz nədir onlara?

- Mən azərbaycanlı olan hər kəsi sevirəm. Mənə məhəbbəti olan insanları xüsusilə sevirəm. Arzum budur ki, onları yaxından görüm və onlar üçün oxuyam . Onlarla üz-üzə, göz-gözə dayanmaq istəyirəm.


- Siyasətlə aranız necədir? Dünyada hansı siyasət adamlarını tanıyırsınız?

- Məncə, siyasətin kökü yalandı. Buna görə də siyasətdən və siyasət adamlarından çox da xoşum gəlmir. Amma bu o demək deyil ki, bütün siyasətçilər yalançıdır. Yalançı olmayan siyasətçilər çox azdır. Belə siyasətdən çox da başım çıxmır.

- Bu tayda, yəni Bakıda tanıdığınız müğənnilər varmı? Kimlərə qulaq asırsınız?

- Bakıda çox gözəl müğənnilər var. İfalarını və səslərini bəyəndiyim müğənnilər sırasında Çinarə Məlikzadə, Talıb Tale, İradə Mehri, Şəbnəm Tovuzlu və başqaları var.





- 2015-ci ildə İranda keçirilən musiqi yarışmasında qələbə qazandınız. Bu qələbə həyatınızda hansı dəyişikliklərə səbəb oldu?

- Bu ancaq məni insanlara tanıtdı. Başqa bir özəl nəticəsi olmadı.

- Bakıdan sizə konsert təklifləri gəlirmi?

- Bəli. Bakıdan təkliflər çox gəlib. Həm konsert üçün, həm də digər proqramlar üçün. Amma bu günə kimi ora getmək qismətim olmayıb.

- Bildiyimə görə, mahnılarınızın söz və musiqisini özünüz yazırsınız. Azərbaycan bəstəkarlarından kimlərin mahnılarını oxumusunuz?

- Düz qeyd etdiniz. Mahnılarımın sözlərini və musiqisini özüm yazıram. Çalışıram ki, başqa bəstəkarların mahnılarını oxumayım. İndiyə qədər daha əvvəl oxunan mahnıları oxumamışam.


- “Mən Türkəm” oxuyursunuz. Çoxmu fəxr edirsiniz Türk olmağınızla?

- Bəli. Mən həmişə fəxr etmişəm ki, Türkəm və həmişə də fəxr edəcəm.

- Azərbaycan övladı olaraq Qarabağ münaqişəsi ilə bağlı nə bilirsiniz?

- Qarabağın başına gələnləri hamı bilir… Təkrar demək lazımsız olar, məncə.

- Qarabağ uğrunda müharibə başlasa, döyüşə gedərsinizmi?

- Mən müğənniyəm. Qarabağ üçün mahnı yazmaq və oxumaq fikrim var. Bu da mənim Qarabağa olan sevgimin ifadə tərzi olar.

- Əli Pormehrin sənətdə əldə etmək istədiyi ən uca mükafat hansıdır?

- Ən böyük arzum millətin ürəyində və xatirələrində yaşamaqdır.

- Sonda Təbrizdən Bakıya nə deyərdiniz?

- Təbrizdən Bakıya çox salamım var. Mahnılarımı dinləyən hər kəsə sevgimi göndərirəm.





Əli Pormehrin ən çox sevilən ifalarından biri olan “Sənə görə” mahnısını təqdim edirik:





Miri Məcidli
Femida.az

Xəbərin oxunma sayı : 12070









Müsahibə
img

Baramaçılıqda yeni dövr - Kəndlilər böyük pullar qazanacaq (VİDEOREPORTAJ)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img