Çəkələklə maşını idarə edən sürücülər cəzalana bilərmi?


13:42     19 İyun 2017 cekelek.jpeg

Bu gün Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov çəkələklə avtomobil idarə etmənin təhlükə yaratdığı ilə bağlı xəbərdarlıq edib. O, sürücülərə çəkələklə avtomobil idarə etməməyi tövsiyə edib.


Bəs, çəkələklərlə avtomobil idarə edən sürücülər cəzalana bilərmi?

Femida.az xəbər verir ki, məsələ ilə bağlı bunu yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib ki, çəkələklə nəqliyyat vasitəsini idarə edən sürücüyə qarşı heç bir cəza tətbiq edə bilməz.

Ərşad Hüseynovun sözlərinə görə, yol hərəkəti qaydaları sürücünün geyiminə, o cümlədən ayaqqabısına, yaxud sürücünün üzərində olan hər hansı aksesuarlara (eynək, saat, baş geyimləri və s.) dair hər hansı tələb irəli sürmür:

“Belə bir tələb olmadığına görə sürücünün konkret vəziyyətdə geyiminə, ayaqqabısına görə saxlanılaraq məsuliyyətə cəlb edilməsi də nəzərdə tutulmur”.

Lakin ekspert də sürücülərə nəqliyyat vasitələrini idarə edərkən münasib ayaqqabıdan istifadə etməyi tövsiyə edib:

“Yolda hərəkət təhlükəsizliyi qaydaları avtomobili idarə edərkən münasib ayaqqabıdan istifadə etməyi tövsiyə edir və həmin tövsiyəyə mütləq riayət etmək lazımdır. Hər bir halda təhlükəsizliklə bağlı hər şeyə son dərəcə diqqətlə yanaşmaq zəruridir”.

Ceyhun Əhmədli

Femida.az

Açar sözlər:

Oxunub: 3089