• Ana səhifə / Manşet

Xəbər lenti

“Bir kəndin adamlarının hamısını yandırdılar” – Misir Mərdanov (VİDEO)


Tarix 23.06.17, 10:54


Femida.az-ın “Canlı şahid” layihəsinin növbəti qonağı əslən Qərbi Azərbaycanın İcevan rayonundan olan sabiq təhsil naziri Misir Mərdanovdur.


Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub. Bu kəndlə bağlı unudulmaz xatirələrə sahib olan müsahibimiz hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışır.

Müsahibəni oxuculara təqdim edirik:

- Doğulub boya-başa çatdığınız torpaqları necə xatırlayırsınız?

- Göyərçin kəndində anadan olmuşam. 1953-cü ildə kəndimiz qonşu Salah kəndi ilə birləşir. Yeddi illik orta təhsilimi Göyərçin kəndində bitirdim. Daha sonra Polad kəndində orta təhsilimi davam etdirdim. 10-cu sinifi burada bitirdikdən sonra Bakıya gəldim və 49 nömrəli orta məktəbdə oxumağa başladım. Nəhayət, 1964-cü ildə orta təhsilimi başa vurdum.

Kəndimiz Qaraqoyunlu dərəsində, dağlar qoynunda, səfalı bir yerdə yerləşirdi. Qaraqoyunlu dərəsi ilə Qazax şəhəri arasında 60 km məsafə var idi. Bu dərədə bir neçə azərbaycanlı kəndi var idi. Rayon mərkəzimiz İcevan şəhəri idi. İcevandan Qaraqoyunlu dərəsinə təqribən 20 km məsafə qət etdikdən sonra dağlıq bir ərazi qarşıya çıxır. Burada Dilican dərəsindən gələn çayla Tərsəçay adlanan çay qovuşurdu. Həmin yerdən bizim kəndə 10 km məsafə idi. Atam, anam, mən, bacı-qardaşlarım Göyərçin kəndində yaşamışıq. Özüm, bacı-qardaşlarım orta məktəbi bitirdikdən sonra Bakıya gəlməli olduq. Göyərçin kəndində 1953-cü il köçü ərəfəsində 70 ailə yaşayardı. Daha sonra bu kəndin sakinlərinin əksəriyyəti Salah kəndinə köçdü. Atamgil də həmin vaxt yaxınlıqda yerləşən bu kəndə köçməli oldu. Hazırda Göyərçin kəndi ilə bağlı bir kitab üzərində çalışıram. Köçdən əvvəl bu kənddə yaşayan insanların siyahısını tərtib etmişəm. Həmçinin, Göyərçin kəndindən Salah kəndinə köç edənlərin də siyahısı məndə var. Kəndimizin ziyalıları, müəllimləri, alimləri, elm xadimləri, ikinci dünya müharibəsinə gedib qayıdanlar və qayıtmayanlar haqqında əlimdə məlumatlar var. Məqsədim həmin siyahıların əsasında bir kitab yazmaqdır. Kəndin hər bir ailəsinə bir kitab bağışlayacam.

- İcevan rayonunun spesifik tərəfləri nələr idi?

- İcevan tam olaraq azərbaycanlılardan ibarət rayon deyildi. Erməni kəndləri də çoxluq təşkil edirdi. Rayonda idarəetmənin ermənilər tərəfindən həyata keçirilməsi təmin edilmişdi. Azərbaycan türklərinin bir hissəsini bölüb İcevan rayonuna, bir hissəsini isə Krasnaselo rayonuna vermişdilər. Məqsəd isə azərbaycanlıları bir-birindən ayırmaq idi. Yaşadığım bölgə dağlıq yer idi. Qaraqoyunlu dərəsinin əsas məşğuliyyəti maldarlıq idi. Cantəpə adlanan yaylağımız var idi. İnsanlar orada həm qoyunçuluqla məşğul olardı, həm də kartof bitkisi əkib becərərdilər. Sonralar ermənilərin təşəbbüsü ilə kənddə tütün əkməyə başladılar. Əvvəllər kəndimizdə meyvə bağları olmazdı. Lakin sonradan meyvə bağları salınmağa başlandı.



- Ermənilərlə azərbaycanlılar arasında say nisbəti nə cür idi?

- Rayonumuzda ermənilər say nöqteyi nəzərdən üstünlük təşkil edirdilər. Təqribən 25-30 faiz azərbaycanlılardan ibarət kəndlər idi. Qalanları isə erməni kəndləri idi.

- İki xalq arasında münasibətlər necə idi?

- Orta məktəbdə oxuduğum illərdə ciddi bir narahatçılıq hiss eləməmişəm. Atam rayonda böyük nüfuz sahibi idi. Lakin orta məktəbin son illərində və ali məktəbdə oxuyarkən eşidirdim ki, 24 aprel ərəfəsində rayon mərkəzinə azərbaycanlıların gəlməməsi tövsiyyə olunurdu. Azərbaycanlılar arasında ermənilərə qarşı pis münasibət təşfiq olunmurdu. Ermənilərin də bizə qarşı çox səmimi münasibətləri var idi. Məsələn, İrəvana gedəndə ermənilərin evində qalardıq. Aranı qızışdıran Daşnak partiyasının rəhbərliyi və milliyyətçi ermənilər idi.

- Dostluq etdiyiniz ermənilər olubmu?

- Şəxsən mənim dostluq etdiyim erməni olmayıb. Çünki həmin vaxt mən uşaq idim. Mən orta məktəbi qurtaran kimi Bakıya gəlmişəm. Lakin atamla yaxınlıq edən ermənilər var idi. Bu münasibət 80-ci illərin sonlarına qədər də davam etdi.

- Bəs, iki xalq arasında münasibətlərin kəskinləşməsi nə vaxtdan başlandı?

- 1988-ci ilə qədər bizim rayonumuzda hər hansı ciddi bir qarşıdurma haqqında eşitməmişəm. Toqquşmalar epizodik ola bilərdi. Tez-tez məqsədli şəkildə belə xəbərlər yayılardı ki, guya Qazaxdan azərbaycanlılar gəlib İcevanda erməniləri döyüb və s. Bütövlükdə 60-70-ci illərə qədər sakitçilik olub. Bu dövr ərzində öldürülən, bu hadisələr fövqündə ölən adam olmayıb.

Lakin 1918-ci ildə Qaraqoyunlu dərəsinin aşağı hissəsində ermənilər azərbaycanlılara qarşı olmazın faciələr yaşadıblar. Eşitdiyimə görə, Haqqıxlı kəndinin bütün sakinlərini bir damın altına yığıb yandırıblar.

- Köç prosesi necə yadınızda qalıb?

- 1988-ci ildə mən Bakıda yaşayırdım. Bakı Dövlət Universitetində müəllim idim. Həmin vaxt artıq Bakıda da gərginlik artmışdı. Atam-anam 1981-ci ildə Qərbi Azərbaycandan köçmüşdülər. Ona görə də həmin vaxtdan mənim həmin kəndlə əlaqəm kəsilmişdi. Bir iki dəfə əlamətdar hadisələrlə əlaqədar kəndimizə səfər etmişəm. Bizə xəbər gəldi ki, Qaraqoyunlu dərəsindəki kəndlərdən azərbaycanlıları zorla dədə-baba yurdlarından çıxarıblar.

- 1988-ci ildən sonra İcevana getmək imkanınız oldumu?

- 1988-ci ildən sonra bircə dəfə Ermənistanda olmuşam. Səhv etmirəmsə, 2001-ci il idi. Təhsil naziri olduğum dövrdə Ermənistana rəsmi səfərim olmuşdu. Həmin səfər çərçivəsində doğulub boya-başa çatdığım kəndə getmək imkanım oldu.

- Kəndiniz çox dəyişmişdi?

- Göyərçin kəndini görə bilmədim. Çünki 1953-cü ildən bu kənd köçürülmüşdü. Mən Salah kəndində oldum. İrəvan-Dilican yolu tamamilə dəyişmişdi. Əhali sıxlığı hiss olunmurdu. Ermənilərin Göyərçin kəndində narahat yaşadığını hiss etdim.

- Bu gün Göyərçin kəndinin həsrətini çəkirsinizmi?

- Əlbəttə, çəkirəm... Uşaqlığım orada keçib.

- Kəndinizi xatırlayarkən sizi ən çox kövrəldən məqamlar hansılardır?

- Evimiz, qonşularımız, həyətimiz və həyətimizdə öz əlimlə saldığım bağ... Kəndimizin yuxarı hissəsində gözəl bulaq var idi. O yerlər mənim hər gün yadımdadır və heç vaxt da yadımdan çıxarmaram. Mənim ata və ana nənə-babalarım orada dəfn olunub. Müəyyən filmlərə baxanda, kitablar oxuyanda kövrəldiyim məqamlar olur. Qonşularımızla, qohumlarımızla qarşılaşıb söhbət edəndə kövrəlirəm.

- Yəqin ki, yuxularınıza girir...

- Çox yuxu görən insan deyiləm, amma hərdən kəndimiz yuxularıma girir.

- Nə vaxtsa o torpaqlara qayıdacağımızı düşünürsünüzmü?

- Arzu edərim ki, o torpaqlara yenidən qayıdaq. Amma bu, həlli çox çətin olan məsələdir. Bu məsələdən əvvəl Dağlıq Qarabağ münaqişəsi öz həllin tapmalı və məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarına qayıtmalıdır. Buna inamım böyükdür. Cocuq Mərcanlı kəndinin yenidən qurulması, Cənab Prezidentin bu kəndə səfər etməsi, Şuşada olan məscidə uyğun orada bir məscidin tikilməsi bir azərbaycanlı kimi məndə böyük ümid yaradır. Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapdıqdan sonra düşünürəm ki, Qərbi Azərbaycan məsələsi gündəmə gələcək.



- Bu gün ermənilərlə azərbaycanlıların yenidən birgə yaşayışı məsələsi gündəmdədir. Sizcə, yenidən birlikdə yaşaya bilərikmi?

- Hesab edirəm ki, bu, mümkün olan bir şeydir. Çünki tarixən ermənilərlə bizim aramızda bundan da qanlı vuruşmalar olub. Bakıda, Qubada baş verənləri yadınıza salın. Bütün faciələrə baxmayaraq, sonradan yenidən birlikdə yaşamışıq. Bakıda bir neçə gün ərzində 12 mindən çox azərbaycanlının öldürülməsinə baxmayaraq, bu şəhərdə ermənilərlə azərbaycanlılar mehriban şəraitdə yaşayıblar. Universitetdə işlədiyim vaxtlarda ermənilər bizim fakultədə müəllim işləyirdilər. Nəzərə alaq ki, hər bir müharibənin sonu sülhlə yekunlaşır. Bu mənada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin də sonda sülh yolu ilə öz həllini tapacağına inanıram.

- Ermənilər tərəfindən növbəti dəfə xəyanətlə qarşılaşmamaq üçün nə etmək lazımdır?

- Bunun üçün biz öz işimizi yaxşı görməliyik. Tarixdə baş verən hadisələri unutmamalıyıq. Nəzərə almalıyıq ki, başımıza gələn hadisələrin səbəblərindən biri də müəyyən məsələlərə məsuliyyətsiz yanaşmağımız idi. Etinasızlıq göstərdik. Hadisələr olurdu, lakin biz onu düzgün qiymətləndirə bilmirdik. Övladlarımıza tarixi olduğu kimi təqdim etməli və başımıza nələr gəlib, hamısını izah etməliyik.

- Yenidən dost ola bilərikmi?

- Bu, çox çətin məsələdir. Amma aydındır ki, birgə yaşayandan sonra müəyyən münasibətlərə də girməli olacağıq.

- Sülh Platformasına münasibətiniz necədir?

- Qeyd edim ki, Dağlıq Qarabağ münaqişəsini xalq diplomatiyasından istifadə edərək həll etmək cəhdləri yeni deyil. Ulu öndər Heydər Əliyev öz sağlığında xalq diplomatiyası məsələsini ortaya qoymuşdu. Lakin hər dəfə ermənilər bu işi pozublar. Bu gün də Azərbaycan rəhbərliyi bu yola üstünlük verir. Əminəm ki, Prezident İlham Əliyevin apardığı siyasi kursu sonda onunla nəticələnəcək ki, ermənilər könüllü şəkildə tərksilah olunacaqlar. Ermənistanda əhali ölkənin idarə olunmasından narazıdır. Hər il minlərlə erməni ölkəni tərk edir. Ermənistan regiondakı bütün layihələrdən kənarda qalıb. Azərbaycan isə əksinə, inkişaf edir. Hər il ölkəmizdə kütləvi idman və beynəlxalq tədbirlər keçirilir. Bütün bunlar Ermənistanı məcbur edəcək ki, onlar öz mənfur niyyətlərindən geri çəkilsinlər. Sülh Platformasının da uğurla yekunlaşacağına inanıram.

İcevan-Dilican dərəsi bu gün:













Ceyhun Əhmədli
Femida.az

Xəbərin oxunma sayı : 9409











Canlı şahid
img

Erməni kəşfiyyatçısını əsir götürən zabitin xanımı: `Vəzifədə cəmi bir gün işlədi`(VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img