Xaricdən alınan sürcülük vəsiqəsi Bakıda işə yarayırmı?


03:20     28 Yanvar 2018 1486794293_80200340.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə təqdim edəcəyimiz mövzu xarici ölkələrdə alınan sürücülük vəsiqəsinin Azərbaycanda etibarlılığı ilə bağlıdır.


Mövzu ilə bağlı Femida.az –ın suallarını cavablandıran hüquqşünas Cəmil Adişov bildirib ki, “Yol hərəkəti haqqında” 1968-ci il Vyana Konvensiyasının 41-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən, hər hansı şəxs başqa bir ölkədə daimi yaşamağa başladığı anadək onun digər dövlətdə əldə etdiyi sürücülük vəsiqəsi etibarlıdır.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 11 noyabr tarixli qanuna əsasən Azərbaycan vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir.

Xarici ölkədən alınmış sürücülük vəsiqəsini Azərbaycanda dəyişmək mümkündürmü?

Hüquqşünasın sözlərinə görə, ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini dəyişdirməlidir. Sürücülük vəsiqəsi dəyişdirərkən tətbiq edilən prosedur eyni ilə tətbiq olunacaq. Yəni, sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız həyata keçirilir. Dəyişdirilmə vəsiqəsinin Azərbaycan dilinə tərcümə edilmiş surətini notarial qaydada təsdiq edilməlidir. Daha sonra tibbi müayinədən keçərək sağlamlıq arayışı alınmalıdır.18 manat rüsum da ödəyərək vəsiqənin surətini və bu arayışı DYP-nin yaşadığınız ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış şöbəsinə təqdim etməklə hər hansı imtahan vermədən eyni kateqoriyalı milli sürücülük vəsiqəsi əldə etmək olar.


Miri Məcidli
Femida.az


Açar sözlər: #Vəkil   #Hüquq  

Oxunub: 18359