Ukrayna Azərbaycanla hüquqi sahədə əməkdaşlığa can atır


21:53     23 İyun 2017 edliyye-foto-ukrayna.jpg

İyunun 23-də Ukraynanın ədliyyə naziri Pavlo Petrenko və nazir müavini Qiya Qesadze Azərbaycana səfərə gəliblər.


Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun və Ukraynanın ədliyyə naziri Pavlo Petrenkonun görüşü keçirilib. Görüşdə hüquqi sahədə əməkdaşlığa toxunularaq qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, hər iki dövlətdə ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar barədə fikir mübadiləsi aparılıb.

F.Məmmədov məhkəmə sistemində aparılan islahatlar, o cümlədən məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericiliyin daim təkmilləşdirilməsi, elektron məhkəmənin tətbiqi, hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumat verib.

Ukraynalı nazir bir-birinə yaxın və dost olan ölkələrimizin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayıb, respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstərərək təqdir edib, öz ölkəsində də bu sahədə köklü islahatların aparıldığını bildirib. P.Petrenko hüquqi sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək bunun üçün qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, probasiya və mediasiya institutunun tətbiqi, əhaliyə hüquqi xidmətlərin göstərilməsi, notariat institutunun fəaliyyəti, korrupsiyaya qarşı mübarizə və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1194