Bayram günlərində gömrükdəki sıxlıq müzakirə olunub


19:58     24 İyun 2017 gorush_240617.jpg

Dərbənd şəhərində sərhədyanı gömrük buraxılış məntəqələrində yaranan problemlərin operativ həll edilməsi üçün məlumat mübadiləsinin aparılması və qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması üzrə tədbirlərin hazırlanması məqsədilə Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüş keçirilib.


Dövlət Gömrük Komitəsindən Femida.az -a verilən məlumata görə, görüşdə Rusiya Federal Gömrük Xidmətinin Dağıstan Gömrüyüynün, "Rusiya Dəmir Yolları" ASC-nin, Azərbaycan Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin və "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndələri iştirak ediblər.

İşçi görüş zamanı gömrük-sərhəd buraxılış məntəqələrindən meyvə-tərəvəz məhsullarının mövsümi daşımaları, yay tətili mövsümü və bayram günlərində nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılmasına dair müzakirələr aparılıb.

Görüşdə, həmçinin 3 iyul 2015-ci il tarixli "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol"un müddəalarının icrasının gedişatı və dəmiryolu nəqliyyatı ilə daşınan mal və nəqliyyat vasitələri barədə ilkin məlumatların mübadiləsinə dair müzakirələr də keçirilib.

Bununla yanaşı, meyvə-tərəvəz məhsulları üzrə Azərbaycan istehsalatçı-ixracatçıları tərəfindən müvafiq markalanma qaydalarına düzgün riayət edilməsinin zəruriliyi və müəyyən növ mallara münasibətdə gömrük orqanlarına təqdim edilən manifestlərin müvafiq qaydada tərtib edilməsinin əhəmiyyəti vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 908