Qurban bayramında əfv olacaq? - Komissiya üzvündən açıqlama


19:13     29 İyun 2017 elimemmed1.jpg

Azərbaycanda hər il bayramlar ərəfəsində məhbusların əfv olunması ənənə halını alıb. Müxtəlif bayramlarda imzalanan əfv fərmanları ilə yüzlərlə məhbus azadlığa çıxır. Ramazan bayramı ilə əlaqədar əfv sərəncamı imzalanmadığı üçün, yaxınları həbsdə olan şəxslər gözünü sentyabrın 1-də qeyd olunacaq Qurban bayramına dikib.


Femida.az xəbər verir ki, Əfv Komissiyasının digər üzvü Əliməmməd Nuriyev yaxın bir vaxtda əfvin olacağına inanmadığını bildirib:

"Amma bu, cənab prezidentin səlahiyyətində olan məsələdir; əfv sərəncamını hər zaman imzalamaq hüququna malikdir. Lakin nəzərə almaq lazımdır ki, mart ayında prezident tərəfindən 423 nəfərin əfv olunmasıyla bağlı sərəncam imzalanmışdı. Bunun üzərindən elə böyük bir vaxt keçməyib. Bu baxımdan da Qurban bayramı ərəfəsində əfv olacağını güman etmirəm”.

Amnistiya aktının qəbul edilməsinə gəlincə, Ə. Nuriyev məhkumları və onların yaxınlarını sevindirəcək xəbər verib: "Gələn il həm cümhuriyyətin 100 illiyi ilə bağlı, həm də mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar amnistiya aktının olmasını istisna etmirəm. Amma buna hələ çox var. Bu il isə amnistiyanın olacağına inanmıram”.

Komissiya üzvü Azərbaycanda indiyə kimi 11 dəfə amnistiya aktı qəbul edildiyini deyib: "Bu aktların 3-ü ilə bağlı təşəbbüs birinci xanım, həmin vaxt Milli Məclisin deputatı olan Mehriban Əliyeva tərəfindən irəli sürülüb. Bununla da müstəqillik əldə ediləndən bu vaxta kimi Azərbaycanda 120 minə qədər şəxs amnistiya aktına düşüb”.

Femida.az

Açar sözlər:

Oxunub: 1751