Aygün Bəylərin qardaşı: “Narkotiki istifadə etmək üçün əkmişdik”


20:13     29 İyun 2017 aygun%20beyler.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.


Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə A.Hümmətov ifadə verib.

O, digər təqsirləndirilən E.Əsirovla birlikdə internet klub işlətdiyini, R.Əsirovla isə uşaqlıqdan dost olduğunu bildirib: "Elmir Alxazov internet kluba gəlib, narkotik əkməyə təklif etdi. Özüm də narkotik vasitələrin çəkəni olmuşam. Narkotik əldə etmək çətin məsələ idi. Buna görə də onun dediyi ilə razılaşdıq. Cavid də ev təşkil etdi. Evin şəraiti yaxşı olmadığı üçün ora təmir olundu. Sonra da narkotiki əkdik".
Təqsirləndirilən A.Hümmətov qətl hadisəsi baş verən gün haqda da danışıb: "Elmir mənə zəng edib, bağa gəlməyimi dedi. Maşınla gələndə Fuad və Elmir də götürdüm. Bağa girəndə isə ortalıqda Elnurun ağa bükülmüş meyitini gördüm. Bu hadisəyə görə pis oldum. Elnur qohumum olduğu üçün orada qala bilmədim, sonra evə getdim. Hadisənin səhərisi günü onun meyitinin bağda basdırılması və bu barədə heç kəsə məlumat verilməməsi ilə bağlı məsləhət görüldü".

Daha sonra o, dövlət ittihamçısının suallarını cavablandırıb. A.Hümmətov ibtidai istintaq zamanı verdiyi ifadəsi təsdiqləmədiyini qeyd edib:

"Həmin ifadəni işgəncə və təzyiq altında vermişəm. Elnurun qətlə yetirilməsindən, kimin tərəfindən öldürülməsindən xəbəri olmayıb. Həmçinin narkotik vasitəni satmaq üçün deyil, şəxsi istifadə etmək üçün əkmişdik. Həbs olunmağımdan qorduğum üçün hüquq-mühafizə oranlarına qətl hadisəsi barədə məlumat vermədim".

A.Hümmətovun ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər olduğu bildirilib. Onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib.
Daha sonra o, ibtidai istintaq zamanı verdiyi ifadəsi təsdiqləmədiyini bir daha bəyan edib: "Düzdü, qətlin baş verməsini görməmişəm, lakin meyiti görmüşəm. Meyiti ortalıqda görəndə özümü pis hiss elədim. Onlara əmim nəvəsini nəyə görə öldürdüklərini soruşdum. Ölən də qohum idi, öldürən də. Buna görə çıxılmaz vəziyyətdə qaldım, heç kəsə heç nə demədim".

Prosesdə digər təqsirləndirilən R.Əsirov da dindirilib. O, narkotik vasitələr əkilən evdə mərhum Elnur Hümmətovla birlikdə mühafizəçi qaldıqlarını vurğulayıb: "Hadisə baş verən günü onun birlikdə yeyib-içdik. Sonra Elnur dedi ki, onun yanına qız qonaq gələcək. Buna etiraz etdim. Amma o, əhəmiyyət vermədi. Qız evə gəlsə də, onu evə buraxmadım. Qız geri qayıtdı. Evə gələndə hər ikimiz sərxoş idik. Bu zaman Elnur mənimlə mübahisə etdi, üstümə hücum çəkdi. Mən də onu itələdim. O, yerə yıxıldı, ağzından qan gəldi. Onu itələsəm də, tərpənmədi. Buna görə də Elnurun öldüyünü bildim. Əvvəlcə onu bükdüm, basdırmaq istəsəm də, ona gücüm çatmadı. Bu səbəbdən səhəri gözlədim. Səhər açılanda Elmirə zəng elədim, təcili bağa gəlməsinim söylədim. Bir qədər sonra Elmir, Fuad və Abbas bağa gəldilər. Orada Abbas meyiti görəndə pis oldu və evlərinə getdi. Biz isə onun meyitini həyətdəki quyuda basdırdıq”.

Məhkəmənin növbəti iclası iyulun 6-na təyin edilib.

İttiham aktına əsasən, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər.

Bu məqsədlə F.Məmmədzadə internet vasitəsi ilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumlarını əldə etdikdən sonra 25 ədəd dibçək və torf alaraq A.Hümmətovun idarə etdiyi “VAZ-210” markalı avtomobillə C.Alxazovun Qala qəsəbəsində yerləşən evinə gətiriblər.

Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son zamanlar onlardan kənar gəzən E.Hümmətovu axtarmağa başlaylıblar.
Mayın 21-də onlar E.Hümmətovu taparaq narkotik vasitələri əkdikləri evə gətirib orada saxlayıblar. Ertəsi gün E.Hümmətovun qaçmağa cəhd etdiyini görən dəstə üzvləri onu öldürmək qərarına gəliblər.

Onlar E.Hümmətovu boğaraq öldürüb, sonra quyu qazaraq meyitini orada basdırıblar. Quyunun üstü açılmasını deyə ora beton da töküblər.
Dəstə üzvləri həmin ilin iyul-avqust saylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar.

E.Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində E.Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçirilib və E.Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub.

Xatırladaq ki, tutulan şəxslərdən A.Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.(Report)

Femida.az

Açar sözlər:

Oxunub: 2673