`Azərbaycanın hava nəqliyyatına böyük maraq göstəririk` - Latviya prezidenti


01:59     18 İyul 2017 1500294504103317694-1000x669.jpg

“Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 23 ildən çox müddət ərzində biz fəal diplomatik və siyasi dialoqu, güclü iqtisadi əməkdaşlığı inkişaf etdirmişik. Bunu dövlətlərimizin nümayəndələrinin tez-tez səfərləri, habelə çoxlu sayda yüksək səviyyəli tədbirlər, nəqliyyat, tikinti, təhsil və elm sahələrində imzaladığımız müqavilələr təsdiq edir. Biz çox iş görmüşük. Amma hələ qarşıda daha çox iş var”.


Femida.az -ın məlumatına görə, bu barədə Latviya prezidenti Raymonds Veyonis iyulun 17-də Riqada Latviya-Azərbaycan biznes forumunda çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, hər iki ölkə qarşıya iddialı məqsədlər qoymalı və imkanlardan tam istifadə etməlidir: “Bu, xüsusən məhsulumuzun Azərbaycana ixracının təşviqinə, habelə informasiya texnologiyaları, əczaçılıq, turizm, o cümlədən müalicəvi turizm sahələrində əməkdaşlığa aiddir. Latviyada yüksək inkişaf etmiş kommersiya bankları şəbəkəsini nəzərdə tutaraq biz peşəkar və müasir maliyyə xidmətləri təklif edə bilərik. Eyni sözləri nəqliyyat sahəsi haqqında da demək olar. Latviya çox əlverişli coğrafi mövqeyə malikdir. Ölkəmizdə nəqliyyat infrastrukturu inkişaf edib. Donmayan limanlar, dəmir yolları, aeroportlar bizi Baltik regionu üçün mühüm nəqliyyat qovşağına çevirib”.

Raymonds Veyonis qeyd edib ki, artıq bu gün Azərbaycan nəqliyyat sahəsində Latviyanın mühüm tərəfdaşıdır: “Biz burada əməkdaşlıq üçün, xüsusən Avrasiya nəqliyyat dəhlizinin və aviasiya əlaqələrinin inkişafında böyük iqtisadi potensial görürük. Biz Latviya ilə Azərbaycan arasında biznes əlaqələrinin inkişafına kömək edəcək müntəzəm hava nəqliyyatına böyük maraq göstəririk. Sahibkarlıq fəaliyyəti turizmin inkişafının yaxşı təməli olacaq. Biz iqlim dəyişmələri sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiririk. Bizim ekologiya, habelə tullantıların təkrar emalı, innovativ yaşıl texnologiyalar sahələrində yaxşı təcrübəmiz var”.

Raymonds Veyonis həmçinin bildirib ki, Latviya bərpa olunan enerji resurslarının istehsalı üzrə Avropa İttifaqında liderlərdən biridir: “Bizim sərvətimiz insanlarımız, onların bilikləri və elmdir. Biz gələcəyimizi iqtisadiyyatın rəqəmsallaşdırılması, müasir elektron idarəetmə və yeni texnologiyalarla bağlayırıq. Bizim ambisiyalarımız təməlində gələcək onilliklərdə inkişafımızı müəyyən edəcək müasir texnologiyalar duran dövlətə çevrilməkdir. Mən ümid edirəm ki, bu biznes forum gələcək əməkdaşlıq üçün yeni əlaqələr qurmaq, fikir və yeni ideya mübadiləsi aparmaq üçün gözəl fürsətdir”

Açar sözlər:

Oxunub: 771