Pakistanlı general Bakıdadır


20:26     19 İyul 2017 general.JPG

Pakistan İslam Respublikasının Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri, general-leytenant Omar Mahmud Hayatın başçılıq etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Azərbaycanda rəsmi səfərdədir.


FHN-in mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Pakistan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.

Qonaqlar bunun ardınca Şəhidlər xiyabanını ziyarət edərək, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Daha sonra fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə və nazir müavini Tapdıq Əmiraslanovun iştirakı ilə Pakistan nümayəndə heyəti ilə görüş keçirilib.

FHN-də keçirilən görüşdə F. Tağızadə nazirliyin fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, beynəlxalq təşkilatlar və dost ölkələrin uyğun qurumları ilə əməkdaşlıqdan ətraflı bəhs edib. Nazir müavini vurğulayıb ki, dost və qardaş ölkə olan Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyi ilə məhsuldar əməkdaşlığın böyük potensialı var.

Öz növbəsində, Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri, general-leytenant Omar Mahmud Hayat bildirib ki, gündən-günə inkişaf edən Azərbaycanın paytaxtı Bakının gözəlliyi nümayəndə heyətində böyük təəssürat yaradıb. Qonaq rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib, Azərbaycan FHN-lə əlaqələrin daha da möhkəmləndirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “Əməliyyat zalı”nın fəaliyyəti ilə tanış olublar.

Səfər çərçivəsində Pakistan nümayəndə heyətinin FHN Akademiyası və Səbail rayonu Dövlət Yanğından Mühafizə Hissəsində də olması planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1652