Nazirin qardaşı yenidən məhkəməyə çağırıldı - Mübahisə düşdü


14:25     16 Avqust 2017 yaver_camalov__200516.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az-ın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrlik etdiyi iclasda zərərçəkmiş Əlikram Camalov mülki iddia qaldırıb. Məhkəmə iddianı qəbul edib.
Ə. Camalovun vəkili isə jurnalistləri məhkəməyə verəcəyini deyib. Bildirib ki, mətbuatda Ə. Camalovun qardaşının və prokurorluqda işləyən qohumunun adı hallanır, bu isə yolverilməzdir.

Daha sonra Ə. Camalov ifadə verib. Bildirib ki, S. Nəbiyevlə münasibəti yaranıb, ona altı aya qaytarmaq şərti ilə pul verib. Lakin o, vədinə əməl etməyib.

Qeyd edək ki, ötən iclasda məhkəmə istintaqının təzələnməsi barədə qərar qəbul edilib.

Prokuror S. Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, 2015-ci ildə S. Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklif edərək, ondan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına investisiya qoymasını istəyib. Əvəzində isə qazancın yarısını Ə. Camalova verəcəyini vəd edib. Ə. Camalov razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S. Nəbiyev isə vəsaiti mənimsəyərək Ə. Camalova pulu qaytarmayıb. Bundan sonra Ə. Camalov polisə müraciət edib. Təqsirləndirilən S.Nəbiyevə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb və onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Zərərçəkmiş Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 521