Azərbaycanda kimlər silah gəzdirə bilər?


14:59     19 Avqust 2017 silahh.jpg

Bakıda bir nəfərin avtobusun içərisində silah çıxararaq insanları vahiməyə salması ölkədə silah əldə etməyin nə dərəcədə asan olub-olmamasını yenidən gündəmə gətirib.


Əvvəlcə qeyd edək ki, Azərbaycanda pnevmatik tapançaların satışı qanunla qadağan deyil. Amma bununla bağlı qeyri-rəsmi olaraq qadağa mövcuddur. Odur ki, əgər vətəndaşda pnevmatik tapança aşkar olunarsa, dərhal həmin silah müsadirə olunur. Yəni, vətəndaşlar pnevmatik tapancanın gəzdirilməsinə görə cinayət məsuliyyəti daşımasalar da, bu silahın gəzdirilməsinə, saxlanılmasına da icazə verilmir.

Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 12-ci və 13-cü yarımbəndlərinə əsasən pnevmatik silah ov və idman silahı kateqoriyasına daxil edilir. Prezidentin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması qaydaları"nın 4.4-cü yarımbəndinə əsasən vətəndaşlar ov və idman silahını müvafiq olaraq ovla məşğul olduqları zaman və ya idman yarışlarının, yaxud təlim-atəş məşqlərinin keçirilməsi zamanı gəzdirə bilərlər.

Silah əldə etmək üçün…

Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər. Silahın alınmasına xüsusi icazə verilir. Xüsusi icazəni əldə etmək üçün vətəndaş tərəfindən aşağıdakı sənədlər təqdim olunur:

• Ərizə (polis orqanından alınmış blank doldurulur)
• Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;
• Sağlamlıq haqqında tibbi arayış;
• 3x4 sm ölçüdə iki ədəd fotoşəkil.
• Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğu və profilaktiki uçotda olub-olmaması yoxlanılır. Dövlət orqanı tərəfindən xüsusi yoxlanılması həyata keçirilən şəxslər barədə belə yoxlamalar aparılmır.
• Mülki silahın əldə edilməsinə xüsusi icazə verilməsi üçün vətəndaşın ovçular cəmiyyətinin üzvü olması tələb edilmir.
• Əcnəbilər vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidir. Bu halda tibbi arayış təqdim edilmir və məhkumluğu yoxlanılmır.

Əcnəbilər xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq Azərbaycan Respublikasından aparmalıdırlar. Silahın Azərbaycan Respublikasından aparılma müddəti pozularsa həmin silah müsadirə olunur.

Mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin etibarlılıq müddəti 6 aydır. Xüsusi icazədə aşağıdakı məlumatlar göstərilir:

• Mülki silahı əldə edən şəxsin soyadı, adı və atasının adı silahın növü, miqdarı, xüsusi icazənin verilmə tarixi və etibarlılıq müddəti.
• Ticarət təşkilatı tərəfindən mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin arxa hissəsində satılan silahın markası, kalibri, nömrəsi barədə müvafiq qeydlər aparılaraq, imzalanır və möhürlə təsdiqləndikdən sonra vətəndaşa verilir.
• Vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmış silahın sahibinə vətəndaşın odlu və ya idman silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir.
• Odlu ov və ya idman silahının saxlanılması, təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi zamanı ilkin qeydiyyata görə şərti maliyyə vahidinin 10 misli məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb olunur.

Qeyd edək ki, Azərbaycanda qanunvericilik deputatlara və icra hakimiyyəti orqanlarının müəyyənləşdirdiyi digər vəzifəli şəxslərə xidməti silaha sahib olmağa imkan verir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 7735