Prezident Neftçaladadır


16:02     24 Sentyabr 2017 neftcala-seferi-(2)_1506241984.jpg

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neftçala rayonuna səfərə gəlib.



Femida.az -ın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə prezident İlham Əliyevə məlumat verib.

Ölkə başçısı daha sonra Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verib.

Prezident İlham Əliyev Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlətimizin başçısı Neftçala Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə yaxından tanış olub.

Bildirildi ki, məhəllədəki ən böyük müəssisələrdən biri “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodudur. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müəssisədə “İran Khodro” şirkəti 25 faizlik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. Qeyd edək ki, artıq bu model avtomobillərdən yerli bazarda 4 min ədəd satılıb. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Ümumi investisiya dəyəri 24 milyon manat olan müəssisəyə verilən İnvestisiya Təşviqi Sənədi hesabına təqribən 2 milyon manata qənaət edilib. Müəssisədə 300 nəfər işlə təmin ediləcək. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi istehsal və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır. Zavodun 2017-ci ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.

Prezident İlham Əliyev Neftçala balıq yemi istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış olub.

İllik istehsal gücü 25 min ton olan müəssisədə balıq yemi ilə yanaşı, gələcəkdə mal-qara üçün və digər növ yemlərin istehsalı da nəzərdə tutulur. Müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müəssisəyə 5,9 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, sahibkara 1,2 milyon manat vəsaitə qənaət etmək imkanı yaradır. Müəssisədə 26 nəfər işlə təmin ediləcək.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

İyirmi ildir fəaliyyət göstərən “Metak” MMC də Neftçala Sənaye Məhəlləsində öz müəssisəsini yaradıb. Müəssisədə plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar istehsal ediləcək. İllik istehsal gücü 2 milyon tara olan müəssisəyə 1,35 milyon manat investisiya qoyulub. Müəssisəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 600 min manat güzəştli kredit verilib. “Metak” MMC-yə, həmçinin İnvestisiya Təşviqi Sənədi də təqdim edilib ki, bu, müəssisənin təqribən 35 min manata qənaət etməsinə imkan verir. Müəssisənin məhsulları daxili bazarda, xüsusilə kənd təsərrüfatında qablaşdırmaya olan tələbatın ödənilməsində əhəmiyyətli rol oynayacaq. Qeyd edək ki, ümumiyyətlə “Metak” şirkətinin bütün məhsulları Azərbaycanda istehsal olunur.

Prezident İlham Əliyev Sənaye Məhəlləsinin digər bir müəssisəsi - “Gilan PİVOT” MMC-nin fəaliyyəti ilə də tanış oldu. Müəssisədə müasir texnologiyalar əsasında dairəvi suvarma sistemləri istehsal ediləcək. Ümumi investisiya dəyəri 1 milyon manat olan müəssisənin illik istehsal gücü 60-80 suvarma sistemidir. Müəssisədə 15 nəfərin işlə təmin olunması planlaşdırılır. Müəssisə 2017-ci ilin noyabrında fəaliyyətə başlayacaq.

Dövlətimizin başçısı Neftçala Sənaye Məhəlləsində kiçik sahibkarlar üçün yaradılan emalatxana ilə də tanış oldu. Bu emalatxanada müxtəlif məmulatlar hazırlanacaq. Burada kiçik sahibkarlar üçün hər cür şərait yaradılıb və 10 nəfər daimi işlə təmin olunacaq.

Prezident İlham Əliyev “Toğrul-2008” MMC-nin müəssisəsində də oldu. Bildirildi ki, müəssisədə polietilen suvarma boruları istehsal edilir. 100 min manat investisiya hesabına yaradılan müəssisənin illik istehsal gücü 360 tondur. Hazır məhsul ətraf rayonlarda fermerlərin bu sahədə ehtiyaclarının ödənilməsinə yönəldilir.

Dövlətimizin başçısı “Sun Rise Production” MMC-nin Sənaye Məhəlləsində yaratdığı müəssisə ilə də tanış oldu. Müəssisədə kağız stəkanlar və hazır içkilər istehsal olunacaq. İstehsal sahəsinin yaradılmasına 619 min manat investisiya yönəldilib. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, təqribən 84 min manata qənaət etməyə imkan yaradır.

Prezident İlham Əliyev Sənaye Məhəlləsinin inzibati binasında da oldu. Bina toplantı və təlimlərin keçirilməsi üçün iclas otağından, müasir ofis sahələrindən, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Burada sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, “Startup”lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir. Sahibkarların fəaliyyətinə dəstək üçün Neftçala Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub.

Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

Açar sözlər:

Oxunub: 1066