Azərbaycan Lapşinə qoyduğu qadağanı götürməyib? - FOTOFAKT


15:33     26 Sentyabr 2017 lapsinin%20gelisi%202017.jpeg

Prezident İlham Əliyev sentyabrın 11-i bloger Aleksandr Lapşini əfv etdikdən sonra öz ölkəsinə göndərilməsi barədə məlumat vermişdik. Əfv olunan Aleksandr Lapşin təşəkkür məktubunda ölkə rəhbərliyinə minnətdarlığını bildirməklə yanaşı, əməllərindən səmimi peşmançılıq hissi keçirdiyini də vurğulamışdı.



“İndi mən Qarabağın Azərbaycan torpağı olduğuna və bundan sonra da olacağına dair danılmaz sübutlar əldə etdim. Ümid edirəm ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq”, deyə Lapşin göndərdiyi məktubda yazırdı.

Təcrübəyə əsasən Azərbaycan Respublikası üzrxahlıq edən şəxslərin adını ölkəyə gəlişinə qadağa qoyulan şəxslərin siyahısından çıxarır. Femida.az -ın araşdırması zamanı məlum olub ki, Lapşinin adı hələ də arzuolunmaz şəxslərin siyahısındadır. Bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda da öz əksini tapıb.

Xatırladaq ki, Rusiya Federasiyası, İsrail, Kanada və Ukraynanın vətəndaşı olan bloqqer Azərbaycanın işğal olunmuş ərazilərində separatçılarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ora qanunsuz səfər etdiyi həbs olunmuşdu. Bundan başqa, Lapşinin özünün Puerrtto (LiveJournal) səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etdiyi bildirilir.

Bu ilin İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlu sayılan bloqeri 3 il müddətinə azadlıqdan məhrum etmişdi.
Hökmə görə, Lapşinə verilmiş Azərbaycan əleyhinə açıq çağırışlar ittihamı təsdiqini tapmayıb və CM-in 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ittihamdan çıxarılıb. Bloqer yalnız sərhədi qanunsuz keçməkdə təqsirli bilinib və CM-in 318-ci maddəsi ilə 3 il həbs cəzasına məhkum edilmişdi.




Miri Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 1431