Azadlığa çıxdı, yenidən həbs olundu


21:08     26 Sentyabr 2017 15d4e2de-c9fe-4559-8088-eda5105a7845.jpg

Bakı şəhərində fəaliyyət göstərən şirkətlərdən birinin 134 min manat pulunu mənimsəməkdə təqsirləndirilən Səidə Məmmədovanın barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.


Femida.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov vəsatəti təmin edib. S.Məmmədova məhkəmə zalından azadlığa buraxılıb.

Daha sonra Nərimanov Rayon Prokurorluğu məhkəmənin qərarından narazı qalaraq apellyasiya protesti verib. O, S.Məmmədovanın həbs edilməsini tələb edib.

Bakı Apellyasiya Məhkəməsində, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, prokurorluğun apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib. S.Məmmədovanın barəsində yenidən həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.
Vəkil F.Mehdiyev bildirib ki, müvəkkilinin barəsində irəli sürülmüş ittihamla razı deyillər.

Qeyd edək ki, S.Məmmədova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata əsasən, Bakı şəhəri ərazisində yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub.

DİN-in Baş Cinayət Axtarış İdarəsi (BCAİ), Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov RPİ və 17-ci Polis Bölməsi əməkdaşlarının iştirakı ilə yaradılan əməliyyat-istintaq qrupunun əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq hadisəsinin Bakı şəhər sakinləri - Tural Quliyev və Asif Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və görülən zəruri tədbirlər nəticəsində onlar Xaçmaz rayonunda tutulublar.

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri zamanı qeydə alınan soyğunçuluq hadisəsinin təşkilatçılarından birinin həmin MMC-nin xəzinadarı, istintaqa əvvəlcə zərərçəkmiş şəxs qismində ifadə verən S.Məmmədova olduğu məlum olub.


Araşdırma zamanı məlum olub ki, S.Məmmədova MMC-nin xəzinəsindən 45 min manat pul götürərək şəxsi ehtiyacları üçün xərcləyib. O, yaranan kəsirin aradan qaldırmaq üçün əvvəldən tanıdığı, dəstənin digər üzvü Tural Quliyevdən kömək istəyib.

T.Quliyev əvvəlcə ona kassadakı puldan 20 min manat da götürərək futbol mərc oyunlarına qoymağı məsləhət görüb. T.Quliyev S.Məmmədovadan qeyd edilən pulu götürüb mərc oyunlarına qoysa da o, həmin pulu da uduzub.

Bundan sonra S.Məmmədovanın MMC-nin xəzinəsində olan kəsiri daha da artdığından dəstə üzvləri başqa plan qurublar.

Belə ki, S.Məmmədova əvvəlcədən T.Quliyevə ofisdən banka pul apardığı vaxtı deyərək ona hücum edib xəsarət yetirməyi və əlindəki içi pulla dolu çantanı alaraq qaçmağı tapşırıb. Hadisə günü T.Quliyev qeyd edilən vaxtda tanışı Asif Abdullayevlə birklikdə sonuncuya məxsus “Niva” markalı avtomobillə ofisin giriş qapısına gələrək plana uyğun şəkildə qeyd edilən cinayəti həyata keçirib.

Plana görə S.Məmmədova ifadəsində onu soyan şəxsləri tanımadığını və kəsirlərini gizlətmək üçün yalandan çantada 134 min manat pulun olduğunu bildirib.

Amma qadının ifadəsindəki ziddiyyətlər və şübhəli davranışları polisin diqqətindən yayınmayıb və baş verən cinayətin üstünü isti izlərlə açmaq mümkün olub.



Femida.az

Açar sözlər:

Oxunub: 1327


Oxşar xəbərlər