• Ana səhifə / Manşet

Xəbər lenti

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)


Tarix 06.10.17, 14:15


50 ildən artıq neft sahəsində fəhləlik, böyük geoloq vəzifəsində qədər işləyib, əmək veteranıdır. Tanınmış neftçilərlə bir yerdə çalışıb. Bu gün tək, tənha problemli kiçik bir mənzildə yaşayır.


Femida.az 83 yaşlı Zibeydə Qəmbərovanın həyat hekayətini təqdim edir:






Daimi əməkdaşlıq etdiyimiz vəkillərdən biri tənha qadının acınacaqlı vəziyyətdə həyat sürdüyünü və başına müsibətlər gətirildiyini söylədi. Söhbətin nədən getdiyini aydınlaşdırmaq üçün onun yaşadığı Yasamal rayonu, Ələsgər Ələkbərov 58-68 ünvana yollandıq. 83 yaşlı tənha qadın hərəkət edə bilmədiyi üçün bizi qarşılayan da yox idi. Soraqlaşa-soraqlaşa onun yaşadığı məhləyə qədər getdik. Həyətda oynayan yeniyetmələrə burada tənha bir qadının yaşadığını və onu çəkməyə gəldiyimizi bildirdim. Onlarsa, həmin dəqiqə “bildik, nənəni deyirsiniz”, deyib bizi ünvana qədər apardılar. Köhnə tikililərin yanında kiçik bir pəncərədən ağ saçlı bir qadın boylanırdı.






Bu bizim axtardığımız Zibeydə nənə idi. İlk əvvəl bizi evinə buraxmaq istəmirdi. Zənnimcə haqlı idi. Çünki bu vaxta qədər həm qonşuları, həm də digər insanlar tərəfindən çox incidilmişdi. Bir qədər söhbət etdikdən sonra bizim vəkili Ruhiyyə xanım tərəfindən göndərildiyimizi bildikdən sonra qapını açır.


Otağa girən zaman diqqətimi ilk cəlb edən evdə bitən əncir ağacı oldu. İlk olaraq elə bunu soruşdum. Amma cavabımı xeyli sonra aldım. Çarəsiz qadın səliqəsiz dəmir çarpayısında acı həyat hekayətini nəqlə başlayır...

- 1934- cü ildə “Sovetski”də anadan olmuşam. Atam, anam fəhlə olub. Uşaqlıqdan kasıbçılıq görmüşəm. Evin tək qızı idim. Nimdaş paltarlarla məktəbə gedirdim. 190 nömrəli məktəbi bitirdikdən sonra 1952-ci ildə o vaxtlar S.Kirov adına Dövlət Universitetinə qəbul oldum. 1957-ci ildə geologiya fakültəsini bitirdikdən sonra Suraxanı Neft İdarəsində fəhlə kimi işlədim. Daha sonralar isə böyük geoloq vəzifəsinə qədər yüksəldim. Çox çətinliklərim olub. Başım elə işimə qarışdı. Ailə həyatı da qura bilmədim. Mənə elçilər gələndə paxıl qonşular deyirdilər ki, bunun atası “alkaşdır”. Buna görə hamı qaçırdı. Atam da məni heç sevmirdi. Anam deyirdi ki, mən anadan olanda atam çox məyus olub. Anama deyib ki, ağzına yastıq basın, ölsün, soyadımızı batıracaq. Elə mənim bəxtim doğulandan gətirməyib...

Zibeydə nənə xatirələrini danışdıqca gözləri dolur. Deyir ki, kaş gəncliyində ailə həyatı qurardı. Heç olmasa bu gün ona bir qaşıq su verəcək övladı olardı. Danışdıqca atasından və gətirməyən taleyindən gileylənir Zibeydə nənə. 50 il neft sahəsində işlədikdən sonra 2006-cı ildə avtomobil qəzasına düşüb. Ayaqlarından və qolundan ciddi zədələr aldığı üçün işdən çıxıb.

Zibeydə nənə keçmiş günlərindən danışdıqca iş yoldaşlarını da xatırlayır. Onun yadında daha çox Xoşbəxt Yusifzadə qalıb. Tez-tez onunla görüşdüyünü və Xoşbəxt Yusifzadənin çox lazımlı bir şəxs olduğunu deyir.

Zibeydə nənə ilə çəkiliş apardığımızı görən qonşular da narahatlıq keçirir... Elə Zibeydə nənə də onlardan çox narazıdır. Balaca uşaqların onu tez-tez narahat etdiyini, ondan pul istədiklərini söyləyir...






- “Sovetski”də geniş məhləmiz var idi. 2015-ci ildə orada söküntü işləri aparıldı. Mənim 200 kvadrat metr həyətimdən cəmi 40 kvadrat metrinin pulunu verdilər. Bu isə cəmi 60 min manat pul etdi. Yerdə qalan kvadratın pulunu vermədilər. Həmin vaxt evimdə yaşaya-yaşaya söküntü işi başladı. Ev tapa bilmirdim. Yasamal rayon icra hakimiyyətinə getdim. Orada mənə bir maklerlə tanış etdilər. Ələsgər adlı “makler” də məni aldatdı. Mənə dedi ki, bu ev 22 kvadrat metrdir. Məndən 26 min manat pul aldılar. Evə köçəndə gördüm ki, ev cəmi 8 kvadrat metrdir. Gözüm görmədiyi üçün mənə səhv sənədlərə qol çəkdiriblər. Bu ev ayrı tikili olsa da, ümumi həyətin üstündə qeydə alınıb. Özü də bu evə 14 nəfər qeydiyyata salınıb. Mən bilmirəm heç onlar kimlərdir. Bütün bu oyunları mənim başıma Ələsgər adlı makler açıb...

83 yaşlı qadın küçədə qalmamaq üçün əlacsız şəkildə evə köçüb. Ancaq problem bununla bitməyib. Məlum olub ki, evin qazı, suyu, işığı da yoxdur. Aldadıldığını görən Zibeydə nənə məhkəməyə müraciət edib. Onun məhkəmədən iki əsas tələbi var. Birinci tələb Sovetskidə ödənilməli olan pulun tam hissədə ödənilməsi və aldadılaraq köçürüldüyü bu mənzilin pulunun geri qaytarılması.

“ Bu ev məsələsində başıma iki dəfə oyun gəldi. “Sovetski”də evimi sökənlər pulunu düzgün vermədilər. Həmin vaxt ölkə prezidentinə məktub yazdım. Dərhal da oradan adamlar gəldi. Prezident tapşırıq verdi ki, mənim həyətimin pulunu düzgün hesablayıb, versinlər. Buna baxmayaraq Yasamal rayon icra hakimiyyəti buna əməl etmədi. O problem həll olunmamış məni yeni oyuna saldılar. Onların düzüb-qoşduğu makler məni belə aldatdı. İndi qalmışam məhkəmələrdə. Oktyabrın 9-da Ali məhkəmə baxılacaq işə.”

İki dəfə aldadılan 83 yaşlı tənha qadının indi ümidi vəkili Ruhiyyə İsayevaya və Ali Məhkəməyədir.O qalan ömrünü dinc şəraitdə başa vurmaq istədiyini deyir:

“ Ümidim bu vəkil xanımadır.(Red- Ruhiyyə İsayevanı nəzərdə tutur). Onu da mənə dövlət təyin edib. Pulunu da dövlət verib. Mənə yazığı gəldiyi üçün kömək edir. Məhkəməyə taksi tutub, aparır. Yoxsa özüm gedə bilmirəm. İndi ümidimiz Ali Məhkəmədə qalib. Görək, nə olur...”








Müxbir: Mircəlal Məcidli
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov
Femida.az

Xəbərin oxunma sayı : 7534









Cəmiyyət
img

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img