Aygün Bəylərin qardaşının məhkəməsi təxirə salındı


17:44     20 Oktyabr 2017 aygun40.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Abbas Hümbətov, Fuad Məmmədzadə, Elmur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.


Femida.az -ın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi iclasda bildirilib ki, təqsirləndirilən şəxslərdən F. Məmmədzadə xəstə olduğu üçün iclasa gətirilməyib. Buna görə, proses təxirə salınıb.

Hakim bildirib ki, F. Məmmədzadə ixtisaslaşdırılmış müalicə müəssisəsindədir və həkim onun iclasda iştirakına icazə vermir.


Proses oktyabrın 27-nə təxirə salınıb.

Xatırladaq ki, prokuror Abbas Hümbətovun 19 il 6 ay, Ramil Əsirovun 20 il, Fuad Məmmədzadənin 20 il, Elnur Əsirovun 18 il, Elmir Alxazovun 20 il, Cavid Alxazovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş şəxsin nümayəndəsi çıxışında məhkəmədən təqsirləndirilən şəxslərin ömürlük azadlıqdan məhrum edilmələrini xahiş edib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin 2016-cı il avqustun 29-da yaydığı məlumatda bildirilir ki,polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümbətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilərək basdırılması müəyyənləşdirilib. E.Hümbətovun meyiti eksqumasiya edilib. İstintaq orqanı tərəfindən Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnurun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi açılıb.

Cinayət hadisəsini törətməkdə təqsirləndirilən şəxslərdən Abbas Hümbətov müğənni Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümbətov isə əmisi nəvəsidir.

Femida.az

Açar sözlər:

Oxunub: 611