• Ana səhifə / Manşet

Xəbər lenti

Ahıskalıların ikinci sürgünü: Fərqanə hadisələri


Tarix 03.09.15, 11:00


Fərqanə hadisələri və geri dönüş mübarizəsinin yeni mərhələsi....


Sovet rejiminin sonlarına doğru ahıskalıların vəziyyəti yenidən gərginləşməyə başladı. SSRİ-nin demək olar ki, hər tərəfi etnik qarşıdurmalar ocağına çevrilmişdi. Dövlətlər müstəqillik istəyir, xalqlar ayağa qalxıb, müqavimət göstərirdilər. Belə bölgələrdə Sovet liderləri bəzən qəsdən və süni şəkildə “Parçala və hökmranlıq et” siyasəti ilə etnik mübarizəni qızışdırır və həmin ölkələrə təsirini bu yolla artırmaq istəyirdilər. Gürcüstan və Özbəkistana təsir etmək üçün qurban kimi məhz Ahıska Türkləri seçilmişdi. Belə ki, Özbəkistanda süni qarşıdurma yaradılmalı, sonradan bu böyüdülməli və etnik mübarizəyə çevrilməli idi. Ahıskalılar təzyiqlər nəticəsində ölkədən qaçmağa başlayanda isə onsuzda onları hec yerdə qəbul etmirdilər və hamı bu əhalinin Gürcüstana köçürülməsini tələb edirdi. Bu isə eyni anda iki ölkəyə təzyiq və onların SSRİ-dən asılı olduğunu göstərmək üçün vasitə olacaqdı.

Ahıskalılar növbəti zərbəni aldılar...

1989-cu ilin iyununda, sadə bir “anlaşmazlıq” səbəbindən başlayan hadisələr tezliklə bütün Fərqanə vadisini bürüdü. Çoxu ahıskalı olmaqla ümumilikdə 200-dən çox türk həyatını itirdi. Bu Ahıska Türklərinin yeni bir faciəsi idi.

Ahıska türkləri bu hadisələrdən sonra bu dəfə də ayrı- ayrı hissələrə bölünərək, muxtəlif yerlərə köçürüldülər. Azərbaycan, Rusiya, Ukrayna və SSRİ-nin digər bölgələrinə köçürülən əhali ikinci sürgünü yaşayırdılar. Sürgündən sonra SSRİ Baş Naziri Nikolay Rişkov iki ay içərisində onların vətənlərinə dönmələrini təmin edəcəyini söz versə də, bu söz də əvvəlkilərdən fərqlənmədi.



Artıq 20 ilə yaxın bir müddətdə Türkiyə səfirliyinə edilən müraciətlərə də qarşılıq verildi və TBMM 02.07.1992 tarixli 3835 saylı “Ahıska Türklərinin Qəbulu və məskunlaşdırılmasına dair Qanun” –nu qəbul etdi. Bu qanunla bir qisim ahıskalı Iğdır bölgəsində yerləşdirildi.XX əsrin 90-cı illərində artıq SSRİ dağılmış və ittifaq daxilindəki respublikalar öz müstəqilliyini qurmuşdu.

Bəs ahıskalıların talehi necə olacaqdı?!

Gürcüstan artıq müstəqil idi və Ahıskalıların ana vətəni bu ölkə ərazisində qaldığına görə müzakirələr əsasən Gürcüstan-Ahıska türkləri müstəvisində müzakirə edilməli idi. Rusiya bu sürgünü həyata keçirən SSRİ-nin birbaşa varisi olduğundan bu məsələdə məsuliyyət daşıyırdı. Gürcüstan və Rusiya arasında 16 sentyabr 1994-cü ildə imzalanan müqaviləyə görə 1994-cu ilin dekabrına kimi Rusiyadakı Ahıskalılar Gürcüstana dönməli idi. Lakin Çeçen-Rus müharibəsi nəticəsində yaranan gərginlik buna imkan vermədi.

Ahıskalıların sonrakı dönüş mübarizəsi müəyyən qədər təşkilatlanmış şəkildə aparılırdı. Artıq ahıskalılar yaşadıqları ölkələrdə "Vətən" adlı cəmiyyətlərini qurur və həmin ölkədə bu cəmiyyət vasitəsi ilə həm geri dönüş mübarizəsini yönləndirir, həm də həmin ölkə rəhbərliyi ilə birbaşa əlaqədə olub, problemlərin həllində qarşılıqlı çıxış yolu tapmağa çalışırdılar.

Köçdə maraqlı olan dövlətlər...

Köçdə maraqlı olan və olmayan dövlətləri ayırd etmək üçün ilk öncə bölgənin strateji əhəmiyyətinə nəzər yetirmək lazımdır. Ahıska bölgəsi Gürcüstanın şimal qərbində, Ermənistanın şimalında, Türkiyənin Şimal-şərqində, Türkiyə-Ermənistan-Gürcüstan sərhədində, Qara dənizin şərq sahillərində yerləşib, önəmli strateji əhəmiyyətə sahibdir. Bu ərazi Avrasiya Nəqliyat Dəhlizi layihəsi, Bakı-Tiflis-Qars dəmiryolu xətti, Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri kimi həm Azərbaycan, həm Gürcüstan, həm Türkiyənin mənfəətlərinin olduğu nəqliyyat sisteminin üzərində yerləşir.



Cavahetiya ermənilərinin Haydat xülyalarını gerçəkləşdirmək üçün də bu yerin əhəmiyyəti var. Bu bölgədə yaşayan ermənilər muxtariyyət istəyir və əgər Türklər köçürülərsə Ermənistana birləşəcəklərini bildirirlər. Belə ki “Dənizdən dənizə Ermənistan” xülyası ilə yaşayan bu millətin dənizlərə ən yaxın çıxış yolu da məhz bu ərazidən keçir. Bu bölgəyə Stalin tərəfindən köçürülmüş gürcülərin SSRİ-nin dağılması ilə Tiflisə doğru getməsiylə bu ərazidə gürcülərin ermənilərə nisbəti 1:9 kimi olur və bölgə tamamilə ermənilərin nəzarətinə keçir. Göründüyü kimi Azərbaycan və Türkiyə köçün leyhinə, Ermənistan isə əleyhinədir. Gürcüstan iqtisadi səbəbləri bəhanə edərək, əslində isə milli səbəblərdən köçə qarşıdır. Bundan əlavə köçə qarşı olan dövlətlərin siyahısında Rusiyanı da saymaq olar. Belə ki Turkiyənin Qafqazda təsirinin artacağından ehtiyat edən və Qara dəniz uğrunda Türkiyə ilə uzun illər mübarizə aparan Rusiya bu ərazilərdə türklərin yerləşdirilməsinə qarşıdır. 2001-ci il 4 senyabrda İrəvanı ziyarət edən V.Putin ilə görüşdə R.Koçaryan Rusiyanın Gürcüstana Cavaheti bölgəsi ilə bağlı təzyiqlərinin artırılmasını xahiş etdi.



Lakin son dövrlər Gürcüstan ilə münasibətləri pozulan Rusiya Krasnadordakı ermənilərin və erməni lobbisinin təsirləri ilə, həmçinin öz mənfəətləri üçün Krasnadordakı ahıskalıların bu ərazini tərk etməsini tələb etmişdi. Yeni bir sürgün ərəfəsində olan Türklərin Avropa Şurası qarşısında öhdəlikləri olan Gürcüstana gedəcəkləri barədə fikirlər dolaşdığı vaxtda ABŞ Ahıska türklərinin qəbulu ilə bağlı qərar qəbul etdi. Beləcə Ahıskalılarınn qayıdacağı təqdirdə ermənilərin köçürələciyi ilə bağlı iddiaların üstündən xətt çəkildi.ABŞ həm də Qafqazda önəmli müttəfiqi olan Gürcüstan ərazisində həm yeni bir etnik münaqişə çıxmasını istəmirdi(çünki bu halda regional güclərin, xüsusən də Rusiyanın sülhməramlı qüvvələri Gürcüstanda yerləşdirilə bilərdi) həm də ABŞ-dakı erməni lobbisi öz Haydat xülyalarının davam etməsi üçün bu ərazilərin ermənilərdə qalmasını istəyirdi. Türkiyənin Türküstana(Turan elinə)çıxması üçün önəmli məntəqə olan Ahıskada Türklərin yerləşdirilməsini isə nə ABŞ, nə Rusiya, nə Gürcüstan, nə də Ermənistan istəyir.

Avropa Şurasının problemin həllində rolu.....

SSRI-nin süqutundan sonra bu bölgədəki hər bir ölkə öz müstəqilliyinə qovuşdu. Gürcüstan da öz müstəqilliyini qazanan dövlətlər sırasında idi. Artıq SSRİ deyə bir məfhum yox idi ki, Ahıskalılar müraciət etsin. Ortada Ahıskalıların ana vətənlərinin yerləşdiyi Gürcüstan, SSRİ-nin bütün varisliyini qəbul edən Rusiya var idi və müzakirələr onlarla aparılmalı idi. Gürcüstan hər cəhdlə Ahıska nümayəndələrini qəbul etməməyə çalışırdı. Lakin bu uzun sürmədi. Gürcüstan Avropa Şurasına üzvlük üçün müraciət etdikdə ahıskalıların qaytarılması tələbi ilə qarşılaşdı. La Haye konfransı keçirildi və Ahıska məsələsi hər üç tərəfin və əlaqəli başqa dövlətlərin nümayəndələri tərəfindən müzakirə edildi. Gürcülərin istəyi əsasında Ahıska Türklərinin Mesxetiya Türkləri kimi adlandırılması qəbul olundu.

1999-cu ilin aprelində Gürcüstan Avropa şurasına üzvlük üçün müraciət etdi. Avropa Şurası Gürcüstanın Avropa Şurasına qəbulundan etibarən iki il içərisində Sovet rejimi tərəfindən ölkədən çıxarılan Ahıskalıların Gürcütana inteqrasiyası ilə bağlı qanun çərçivəsinin hazırlanmasını, qanunun qəbulundan əvvəl Avropa Şurası ilə məsləhətləşməsini, Avropa Şurasına qəbulundan etibarən 3 il içərisində vətənə çatdırılma və inteqrasiya müddətinin başladılmasını və Ahıskalı əhalinin vətənə qaytarılması müddətinin Avropa Şurasına uzv qəbul edildikdən etibarən 12 il içində tamamlanmasını şərt kimi irəli sürdü.

Gürcüstan 1999-cu ilin 29 aprelində Avropa Şurasının 41-ci üzvü oldu, həmin il 20 may tarixində Avropa İnsan Hüquqları Muqaviləsini, 7 iyul 2002-ci ildə isə Ahıska Türklərinin əsas məsələsi olan mülkiyyət hüququ ilə əlaqəli pratokolu imzaladı.



Bütün bunlar ahıskalıların vətənə dönüş problemini həll etmək üçün əlverişli zəmin yaradır. Amma 1999-cu il iyununda Avropa Şurası, Avropa Təhlükisizlik və Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Mühacirlərin Ali Komissarlığı tərəfindən Gürcüstanla bağlı hazırlanan hesabatda Gürcüstanın köçlə bağlı tədbirlərinin qeyri-kafi olduğunu bildirdi.

Əgər Gürcüstan götürdüyü öhdəlikləri yerinə yetirməsə təzyiqlər edilə bilər.

2001-ci ildə Avropa Şurası Gürcüstana “Sürgün edilən Ahıska Türklərinin vətənlərinə dönmələri məsələsi haqqında Avropa Şurası və BM Mühacirlərin Ali Komissarlığı qarşısında götürmüş olduğu tapşırığı yerinə yetirməsini” və “Sovet rejimi vaxtında Gürcüstana-ana vətənlərinə qayıdan digər etnik qruplara əvvəlki hüquqlarının geri verilməsini” təkid etmişdir.

Gürcüstan götürdüyü öhdəliklər əsasında iki qanun hazırlayıb ki, onlardan əsası Gürcüstan Mühacir Məsələləri Nazirliyi adından Gürcü Gənc Hüquqçular birliyi tərəfindən hazırlanmış qanundur. Bu qanun sonradan Milli Təhlükəsizlik Şurası və Vətəndaşlıqla əlaqədar İnteqrasiya haqqında Parlament Komisiyasında həyata keçirilən görüşlər nəticəsində sonrakı sənədlər üçün əsas təməl rolunu oynadı. Gürcüstan ilə Avropa Şurası və BM Mühacirin Ali Komissarlığı arasında qanunla bağlı müzakirələr aparıldı. Gürcüstan nümayəndəliyi ilə Avropa Şurası hüquqşünasları arasında 2001-ci il martında Strasburqda keçirilən görüşdən sonra qanuna müəyyən dəyişikliklər edilərək, Ədalət Nazirliyinə göndərildi.

Lakin Gürcüstan 2003-cü il seçkilərindən sonra başlayan "Məxməri" inqalıbının yaratdığı iqtisadi problemləri irəli sürərək, Ahıska Türklərinin köç məsələsini biraz da ləngitməyə nail olmuşdu. Avropa Şurası Parlamenti 2004-cü ildə “MDB ərazisində yerlərindən çıxarılan, sürgün edilən və köçgün vəziyyətinə salınan insanların problemləri” başlıqlı hesabat hazırladı ki, bu hesabat Ahıskalıları da əhatə edirdi. Bununla bağlı bir komisiya da yaradıldı. AŞ 2005-ci ildə 1415 və 1428 saylı, 2006-cı ildə isə 1477 saylı qərarlarla Gürcüstandan 2011-ci ilə qədər Ahıska Türklərinin geri dönməsinin təmin edilməsini istəmişdir.

Nəticədə Gürcüstan parlamenti ”Sovet İttifaqı Tərəfindən XX əsrin 40-cı İllərində Gürcüstandan Zorla Köçə Məcbur Edilmiş Şəxslərin Geri Dönüşü Haqqında Gürcüstan Respublikasının 5261-PC Saylı Qanunu” qəbul edir və bu qanun 11 iyul 2007-ci il tarixində təsdiqlənir. Qanuna görə ahıskalılar 2008-ci ilin sonuna qədər tələb edilən bəzi sənədlərlə birlikdə Gürcüstan nümayəndəliklərinə müraciət edəcəklər. Gürcüstan tərəfi bu müraciətləri dəyərləndirib, uyğun bilinənlərin 2010-cu il ərzində bir-bir qəbuluna başlayacaq. Bu qanun Ahıskalıların geri dönməsi məsələsində önəmli irəliləyiş olsa da, qanunda sürgün edilərkən adları çəkilən xalqın adı və danışıq dili, dönəcəkləri yer, milliyəti və məruz qaldıqları zülm göstərilmir, Ahıskalıların Gürcüstanda hansı hüquq və azadlıqlarının olacağı, əsgərlik, iş, sağlamlıq və sosial təhlükəsizlik,mülkiyyət, təşkilatlanma və təhsil hüququ ilə bağlı heç bir tənzimlənməyə yer verilməmişdi.

Bütün bunlardan sonra Ahıska Türklərinin Avropa Şurasına göndərilən nümayəndə heyəti Straszburqda bir neçə önəmli görüşlər keçirtdilər.

Nümayəndə heyəti ilk olaraq Köç və Köçkünlər Komisiyasının Litvalı millət vəkili Boris Cilevicsi, ardınca Şuranın Gürcüstan üzrə hesabatcısı Macarıstanlı millət vəkili Dr.Matyas Eörsi, Avropa Şurası Köç Komisiyası rəhbəri Hollandiyalı xanım Corien Yonker, həmçinin Gürcüstan nümayəndələri Zurab Tsciaberashvili və Petre Tsiskarishvili ilə görüşdülər. Əsas müzakirə olunan məsələ isə vaxt limitinin artırılması və ya tamamilə götürülməsi idi. Çünki bir çox səbəblərdən Ahıskalıların əksəriyyəti verilən müddət ərzində öz müraciətlərini edə bilməmişdi. Belə ki, Gürcüstanda olan bir neçə satqın və bir neçə gürcünün qurduğu bir qrup onları aldatmış pullarını əlindən almışdılar.

Eyni zamanda Gürcüstan tərəfi və yerli əhailinin qızışdırılması nəticəsində ahıskalılara edilən təzyiqlər artırılmış, onların Moskavadakı "Vətən" cəmiyyətinin sədri Süleyman Barbakadze Ahıskada olarkən həbs edildi. Bütün bunlar və ikili vətəndaşlıq problemi bir çox ahıskalının Gürcüstana inamını zəiflətmiş və geri dönüş ümidlərini azaltmışdı.

Aparılan danışıqlar nəticəsində Gürcüstan vaxtı daha 6 ay uzatmağa razılıq vermiş və bildirmişdi ki, bu son vaxt uzadılması olacaq. Lakin görünən odur ki, bu son vaxt uzadılması olmadı.

Bəzi mütəxəsislər bu vaxt limitinin köçə müsbət təsir edəcəyi və tez bir zamanda həyata keçiriləcəyini bildirsədə, bəziləri bunun əksinə olaraq vaxt limitinin götürülməyini vacib şərt hesab edir.



Əgər Gürcüstan götürdüyü öhdəlikləri yerinə yetirməsə onda beynəlxalq huquq normaları əsasında Gürcüstana təzyiqlər edilə bilər. Avropa Şurasına üzv olan Gürcüstan bu təşkilatın nizamnaməsinə əməl etməyərək 1 və 3-cü maddədlərdə göstərilən insan hüquqlarının qorunması ilə bağlı şərti pozur. Belə olduqda nizamnamənin 8-ci maddəsi ilə Gürcüstanının Şura üzvlüyündən xaric edilməsi mümkündür.

Həmçinin Avropa İnsan Hüquqları Müqaviəsini imzalayan Gürcüstan 1997-ci ildə qəbul etdiyi qanunda köçürülən rus, erməni və gürcülərin huquqlarını tanısa və onların qayıtmasına icazə versədə, bu qanun Ahıska Türklərinə şamil edilməmişdi. Belə olduqda Gürcüstan müqavilənin 14-cü bəndinə əsasən ayrıseçkilik etməkdə günahlandırıla bilər.

Belə olan təqdirdə Ahıskalıların beynəlxalq təşkilatlara müraciət edib,Gürcüstanı beynalxalq məhkəmələrə verib, təzminat istəməsi lazım gələcək. Ödəniləcək təzminatın çox böyük olmasını nəzərə alaraq demək olar ki, Gürcüstan bu məbləği ödəyə biləcək iqtidara sahib deyil və bu təzminatı ödəməmək üçün ahıskalıları qaytarmaq məcburiyyətində qalacaq.

İstinad olunub:

1. Aydıngün,Ayşegül,”Ahiska(Meskhetian)Türks: Source of Confilict in the Caucasus?”, The İnternational Journal of Human Rights, C.6,S2, 2002,ss.49-64.

2. Baratashvili Marat,”Legal State of Meskh Repatriates İn Georgia”,United States İnformational Ageny, Tbilisi 1998.

3. Musa Qasımlı, SSRİ - Türkiyə Münasibətləri, C.2, Bakı 2009,ss.337-362

Məhəmmədəli Asifli
Femida.az

Xəbərin oxunma sayı : 5005









Araşdırma
img

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img