• Ana səhifə / Manşet

Xəbər lenti

`Zaurun proqramının pərdəarxası şousu var` - Hüquqşünas


Tarix 11.12.15, 13:49


“İlk vaxtlar QHT adı qorxulu səslənirdi. Elə bilirdilər ki, dövlət əleyhinə bir qurumdur”.

Femida.az-ın “De-yure” layihəsinin qonağı beynəlxalq təlimçi, hüquqşünas Günel Səfərovadır.


- Günel xanım, cəmiyyətdə qadına qarşı zorakılığın çoxalma səbəbləri nədir?

Cinayət hər ölkədə var. Hər ölkədə sevgilisini, həyat yoldaşını, anasını öldürən var, amma bizdə problem cəmiyyətin buna necə yanaşmasındadır. Cəmiyyət deyir ki, yaxşı edib öldürüb. Oğlanla gəzən qızı öldürmək lazımdır. Bu, ən təhlükəli bir şeydir. 2006-cı ildə gender haqqında, 2010-cu ildə məişət zorakılığı haqqında qanun çıxdı. Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, regionlarda xüsusi sığınacaqları var. Amma heç nə dəyişmir. 2009-cu ildə hesabatında 67% məişət zorakılığının qurbanı var ki, bunun 43%-i atası, qardaşı, yaxın qohumu tərəfindən törədilib.

Bizdə problem odur ki, qadın, ailə, uşaq siyasətini formalaşdıran qurum o qədər güclü deyil. Bu Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əlindədir. İcraedici qurum komitədir. Komitənin fəaliyyəti isə ancaq bir konfrans, forumla məhdudlaşır. Ancaq konkret maarifləndirici işlər çox azdır.

- Ümumiyyətlə, qadın hüquqları ilə bağlı sosial iş aparılırmı, və yaxud sosial işi necə qurmaq olar?

Mən deyə bilmərəm ki, aparılmır. Bunlar zəncirvari şəkildə bir-birinə bağlıdır. Azərbaycanda yetərincə qadın hüquqlarının müdafiəçisi olan təşkilatlar var. Əksəriyyəti də beynəlxalq təşkilatlardan maliyyələşdiyi üçün layihə bir il davam edirdi. Sırf bu sahə ilə məşğul olan komitədir. Qadına qarşı zorakılığa yox deyən televiziya verilişləri, sosial reklamlar yoxdur. Varsa da pulladır. Halbuki qanuna görə bu pulsuz olmalıdır. Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyi/(USAİD) maliyyələşdirdiyi “Kaunter part İnterneşnl” təşkilatı tərəfindən icra olunan Qadın İştirakçılığı Proqramı çərçivəsində işlər görülür. Ancaq cəmiyyətin qadına yanaşmasını artırmadan heç bir iştirakçılıqdan söhbət gedə bilməz. Bu gün bələdiyyələrdə, icra hakimiyyəti orqanlarında qadınlar təmsil olunursa da, qadına qarşı zorakılıq yüksələn xəttlə gedir. Bu da onu göstərir ki, bu sahədə iş zəif görülür. Düzdür, qanunlarımız var, amma qanunun olması o demək deyil ki, zorakılıq halları olmayacaq.



- Bəs bunun kökündə dayanan problem nədir?

Bu çox dərin mövzudur. Səbəbi təhsildən, tərbiyədən başlayır. Genderlə bağlı dövlətin siyasəti yoxdur. Və yaxud bu siyasət düzgün həyata keçirilmir. Bu gün Azərbaycanda qadın fəaliyyətini dəstəkləyən dövlət proqramı yoxdur. Varsa da çox məhdudur. Qadın sahibkaralara üstünlük, güzəştlər və.s verilir, amma biz ümumi əhalidən danışırıq. Sizə bir misal çəkim. Məktəb kitablarına baxın. Qadınla bağlı bütün ailə şəkillərində qadın yalnız mətbəx çərçivəsində baxılan bir insandır. Şəkillərdə ata divanda oturub qəzet oxuyur, ana mətbəxdə iş görür. Bu uşağın yaddaşına hopur. Yaxud “Həyat bilgisi” kimi gözəl bir kitab var, orada da qadın hüquqları çox vurğulanmır. Hələ ki bizə bu lazımdır. Yalnız təhsili gücləndirməklə düzələcəkmi?! Əlbəttə ki, yox. Valideyinləri də məlumatlandırmaq lazımdır.

- Selektiv abortların sayı artır. Qadına zorakılıq ana bətnində edilir.

Bilirsiniz, əgər biz ilkin yaşamaq hüququnu cinsə görə veririksə, bu gün cəmiyətdə qadına olan münasibət təbii bir haldır. Çünki qızın yaşamaq hüququnu əlindən almış oluruq. Bəzən rəfiqələrimə zarafatla deyirəm ki, hərəmiz evdə canlı bomba böyüdürük. Tərbiyəni bu cür veririk: Oğlanlar dəcəl, qızlar ağıllı. İcazə verdiyimiz oğlan modeli formalaşdırmışıq. Daha çox tabe olan, sakit, gözləntilərimiz olan qızlar böyüdürük.

- Bir hüquqşünas olaraq sizə ən çox müraciət edilən problemlər hansılardır?

Ən çox müraciət məişət zorakılığıdır. Elə bir gün olmur ki, mən zorakılıqla bağlı bir fakt eşitməyim. Həmişə bunu misal çəkirəm. Mən qadın hüquqları ilə bağlı təlim keçməyə gedirəm, yolda yaxınım zəng edib deyir ki, həyat yoldaşım məni döyüb. Təsəvvürünüzə gətirin ki, qadın hüququ ilə bağlı təlimçi rəfiqələrindən bunu eşidir

- Axır vaxtlar məişət zorakılığında qadına mülkiyyət hüqunun verilməməsi faktları da yer tutur. Burada hansı problemlər ortaya çıxır?

2003-cü ilə qədər kişinin evlilikdən əvvəl qazandığı əmlakı da boşanandan sonra yarı bölünürdü. Yəni qadının tam mülkiyyət hüququ var idi. Sonra qanun dəyişdi. Kişiyə valideyinlərindən qalan əmlakından qadının yalnız istifdə etmək hüququ verildi. Evlənməyin predmenti mülkiyyət olmamalıdır. Amma bu qanundan sonra elə qadınlar var ki, uşaqları ilə çöldə qalıb. Kim pozulmuş münasibətləri eyni evdə davam etdirə bilər?! Heç kim. Bu da qadınların uşaqları ilə birgə sığınacağa üz tutmasına, küçə uşaqlarının sayının çoxalmasına səbəb olur. Qadının boşandıqdan sonra mülkiyyət hüququnun verilməməsi sosial müəssisələrin, sosial xidmət göstərən təşkilatların ən çox qarşılaşdığı problemlərdi.



- Sizə müraciət olunan hüquq pozuntularından hansı daha çox sizi dəhşətə gətirib?

Mən praktiki hüquq müdafiəçisi deyiləm. Mənə gələn müraciətləri həmkarlarıma yömləndirmişəm. Belə faktlar çox olub. Qadını həyat yoldaşı yandırmışdı. O, mənə müraciət etmişdi . Qadının simasına baxırdın, heç nə hiss olunmurdu. Amma bədəni yanıq yerləri idi. İnsan dəhşətə gəlirdi. Və yaxud, qadına şiddətin ən pis tərəfi mütləq iştirakçısı uşaq olur. Göyçayda məişət zorakılığı nəticəsində ana özünü və körpəsini asmışdı. Hər dəfə elə yeniliklər görürük ki, artıq bu faktlar bizi dəhşətə gətirmir. Düşünün, bir uşağı böyüdüb başa çatırasınız və hər hansısa oğlan gəlib onu öldürsün. Burada zərər həm cəmiyyətə, həm də ailəyə dəyir. Bu gün sosial şəbəkələri izləyirik. Orada gənc qızları öldürənə haqq qazandıran bir ordu var. Onlar potensial cinayətkar ola bilər. Bu düşüncəni cəmiyyətimiz aşmasa nədən söhbət edə bilərik ki?!

- Azərbaycan televiziyalarında ailə dramları yaşanan Zaur Baxşəliyev və ya Xoşqədəm Hidayətqızının proqramına münasibətinizi bilmək istəyərdim.

Bu tipli proqramlar cəmiyyəti depresiyaya salır. Daha çox bizi məzlum bir xalq kimi göstərir. Ümid edirəm ki, orada problemi həll edirlər .Ümumilikdə proqramın formatı şouya çevrilməsə, sosial baxımdan qalsa bu yaxşı olar. Ancaq daha çox şoudur. Qadın hüquqları ilə bağlı maarifləndirmə aparsalar, yaxşı olar. Yetər ki, şouya çevirməsinlər. Əmin deyiləm ki, proqrama müraciət edənlərin işi həll olunur. Əmin olsam, radikal mövqe tutmazdım. SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasında işləyəndə Zaur Baxşəliyevin proqramında qonaq olmuşam. Bu həmin proqramda son iştirakım olub. Çünki proqramın pərdəarxası şousu var ki, onun nə karyeramda, nə də gələcək həyatımda rolu olacaq. Ən azından bu verilişləri sosial yönümlü, marifləndirici edə bilərlər.

- Mərhum Anar Məmmədxanlıdan soruşmuşdular ki, cəmiyyətin inkişafı nə yerdədir? O da demişdi ki, Azərbaycanda sivilizasiya yox, debilizasiya inkişaf edir. Siz nə düşünürsünüz?

Anar Məmmədxanlı düz deyib. Biz müasir deyilik. Biz müasirliyi imitasiya edirik. Avropa dəyərlərinə inteqrasiya etməmişik. Avropa institutlarına üzv olmuşuq. Həmişə demoktratiya, insan haqlarından danışırıq. Amma demokratiya, insan haqları qanun deyil. Mən hüquqşünasam və qanunların yazılmasının tərəfdarıyam. Bəlkə də məndən gözlənilir ki, deyim ki, cəza sərtləşdirilsin. Amma nə qədər cəza sərtləşdilisə də cinayət baş verir. Amma o vaxt dəyişə bilərik ki, bizim düşüncəmiz dəyişsin. Biz insan hüququna hörməti hörmətə çevirək. Ona görə yox ki, məni cəzalandıracaqlar. Bu yanaşmamızı dəyişməlik.

- QHT sektorunda da uzun müddət fəaliyyət göstərmisiniz.

QHT sektoru ilə birgə doğulmuşam.

- Bu gün QHT-lərin qarşılaşdığı ən çox problem hansıdır?

İlk vaxtlar QHT adı qorxulu səslənirdi. Elə bilirdilər ki, dövlət əleyhinə bir qurumdur. İndi QHT-ləri problemləri keçib. QHT-lər inkişaf ediblər. Hal-hazırda indi Ədliyyə Nazirliyindən bildiriş almaq çətinlik var. Çünki faktiki qrant müqaviləsi bağlayan təşkilatlar əgər xaricdəndirsə, QHT-lər maliyyəni ala bilmirlər. Bunun tənzimləyən qaydalar tam olaraq qayda şəklində təqdim olunmayıb. Hələ hazırlanma prosesi gedir. Amma bu QHT-lərin işini ləngitdi, işsizliyin sayına təsir etdi.




- Müsahibələrinizin birində demişdiniz ki, “Mənə vətəndaş cəmiyyətini verin, sıfırdan qurum. Amma siyasətdə bu qədər iddialı deyiləm”. Bəs son illərdə nə baş verdi ki, siyasətə gəlmək istədiniz?

Açığı deyim ki, siyasətə gəlmək fikrim yox idi. Bizim əksəriyyətimiz siyasətdə heç vaxt olmayan, amma öz sahəmizdə uğurlu olan insanlarıq. Düşündük ki, əgər ictimai vəkil kimi toplumun fikrini, qanunvericiliyi dəyişməyə təsir təsir göstərə bilirəmsə, bunu ən əsas orqanda - Milli Məclisdə edək. Bu sahədə məndə çatışmayan təcrübəni mənim şəbəkəmdən olan insanlar verir. Hüquq təhsilim buna imkan verir. Düşündüm ki, dar çərçivədə işləmək kifayət edir. Daha geniş çərçivəyə çıxım.

- Yəqin son günlər mediada I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı "qaralama" məqsədilə ABŞ-dakı National Endowment for Democracy təşkilatı vasitəsilə Azərbaycandakı QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən böyük məbləğdə vəsait ötürüldüyü oxumuşunuz? İddia görə kompaniyaya ABŞ dövlət katibi Con Kerri rəhbərlik edir. Buna münasibətinizi öyrənmək istərdim.

15 yaşımdan QHT-lərlə birlikdə işləyirəm. Könüllük fəaliyyəti göstərişəm. Amerikanın bir çox təşkilatlarında fəaliyyət göstərmişəm, amma mənə heç kim deməyib ki, dövlət əleyhinə nə isə bir iş gör. Və yaxud “dövlətin mövqeyinə əks olan mövqe qoy”deməyiblər.

Elə QHT-lər ola bilər ki, pula görə siyasət güdsün. Ona görə də təşkilatlarla dialoqa getməsin. Amma mənim əməkdaşlıq etdiyim təşkilatlarda bunu görməmişəm. Tanış olduğum sənədlər olsa idi, mən bunu deyərdim. Amma son zamanlar QHT-lərin vəziyyəti gərgindir. Qanun ən azı 4 dəfə sərtləşdirilib. Azərbaycanda 350-dən çox QHT var. Bunu da nəzərə almaq lazımdır. Mən bir vətəndaş olaraq tam razıyam ki, QHT-lərin fəaliyyətinə, onların keçiridiyi tədbirlərə nəzarət artırılsın. Onsuzda İcra hakimiyyətlərin icazəsi olmadan tədbir keçirmək mümkün deyil. Kerri məsələsi ilə bağlı belə bir fakt varsa çox üzgünəm. Bu düzgün deyil. Nə ABŞ-ın, nə də Avropanın Azərbaycanın siyasətinə qarışmağa haqqı yoxdur.

- Vaxt ayırdığınız üçün təşəkkür edirəm. Qadınların xoşbəxt olduğu, öldürülmədiyi günlər diləyi ilə

Təşəkkür edirəm.

Oğuz Altay
Fotolar: Nuron Məmmədov

Femida.az

Xəbərin oxunma sayı : 7726









img

Abituriyentlərin öldüyü qəzanın görüntüləri - VİDEO

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img