• Ana səhifə / Manşet

Xəbər lenti

`Özünü müxalifət adlandıran dəstə xaricdən idarə olunur` - İlham Əliyev


Tarix 14.11.17, 22:15


“Daxili siyasətlə bağlı qarşıda duran vəzifələrə gəldikdə, Azərbaycanda bundan sonra da sabitlik təmin ediləcəkdir. Heç bir ölkə sabitlik olmadan inkişaf edə bilməz. Bu gün biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır”.


Femida.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib. Onun sözlərinə görə, Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Məhz xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir:

“Bu vəhdət imkan verir ki, biz uzunmüddətli inkişaf strategiyamızı planlaşdıraq. Bu, imkan verir ki, bu gün Azərbaycana milyardlarla dollar xarici sərmayə qoyulur və Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Ona görə bundan sonra da biz elə işləməliyik ki, Azərbaycan daim inkişaf etsin. Mən şübhə etmirəm ki, Azərbaycanda bundan sonra da ictimai-siyasi sabitlik təmin olunacaqdır”.

Prezident deyib ki, Azərbaycanda bundan sonra da bütün azadlıqlar təmin ediləcəkdir: “Biz demokratik cəmiyyət qururuq. Yeni Azərbaycan Partiyasının yaradılması demokratiyanın təzahürü idi. Buna baxmayaraq, o vaxt hakimiyyəti dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat cütlüyü ən antidemokratik addımlar atmağa hazır idi ki, bu partiyaya əngəllər törətsin. Ancaq Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılmasına da çox böyük töhfə vermişdir. Bu gün biz demokratiya yolu ilə gedirik. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları onlara xalqın nifrətini birə-on artırır.

Xüsusilə indiki şəraitdə, internet dövründə nəyisə gizlətmək mümkün deyil. Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur. Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək.

Metodologiya da çox bəsitdir, çox sadədir. Xaricdə bir yalan uydurulur, bir şər-böhtan kampaniyasına rəvac verilir. Ondan sonra bu yalan, böhtan xarici mətbuatda dərc edilir. Daha sonra bunun əsasında da müəyyən tərpənmə, - mən canlanma deməzdim, - müşahidə olunur. Bu tərpənmə bir-iki mitinqdə özünü göstərir. Həmişə olduğu kimi, axırıncı mitinq onun təşkilatçıları üçün məyusedici olur, bununla da məsələ qurtarır.

Yəni, bu gün siyasi mübarizəni bu formada aparmaq istəyən dəstəyə, - bunlara heç qüvvə də demək olmaz, - heç nə dərs olmur. Vaxt dəyişir, insanlar dəyişir, Azərbaycan dəyişir, siyasi mübarizə metodları dəyişir, onlar isə hələ də köhnə təfəkkürlə yaşamaq istəyirlər və öz mənasız həyatlarını bu işlərə sərf edirlər”.

Femida.az

Xəbərin oxunma sayı : 340











img

Bakıda olay: Qardaşının yasına getdi, qayıdanda evinin satıldığını gördü - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img