Evində alkoqollu içkilər hazırlayanları hansı cəza gözləyir?


23:22     24 Dekabr 2017 4%20(1)01.jpg

“Alkoqol”u hələ qədim zamanlardan qocalar üçün gəncliyi qaytaran vasitə adlandırırdılar. Bu söz ərəb dilində “al-kuhl” sözündən götürülüb. Mənası isə “zərif poroşok” deməkdir. Alkoqollar ailəsinə daxil olan mürəkkəb maddələr insanların dərhal və ya tədricən ölümünə səbəb olan toksinlər - zəhərli maddələrdir. Qeyd olunan təhlükəni nəzərə alan bir sıra xarici ölkələr alkoqolun satışına müəyyən nəzarət və qadağalar qoyub.

Misal üçün Türkiyədə 2013-cü ilin mayından etibarən alkoqolun satışına dövlətin nəzarəti mövcuddur. Hətta alkoqolun satışının məhdudlaşdırılması haqqında qanun da var. Qanuna görə, 22:00 - 06:00 aralığında mağazalarda alkoqollu içkilərin satışı qadağan edilib. Bu qanunu pozan mağaza və müəssisələr 30 mindən 146 min lirə məbləğində cərimələnir.

Qeyd olunan təhlükə halisi alkoqllu içkilərə daha çox meyilli olan Rusiyada da hiss olunub. Bu ölkədə saat 23:00-dan səhər saat 08:00-a kimi spirtli içkilərin satışına icazə verilmir. Dövlətin bununla məqsədi gecə baş verə biləcək cinayətlərin qarşısını almaq və gəncləri bu pis vərdişlərdən uzaqlaşdırmaqdır.

Əhalisinin böyük əksəriyyəti müsəlman olan Çeçenistanda təkcə səhər saat 08.00-10.00 arasında olmaqla iki saat alkoqol satışına icazə verilir. Bu, Çeçenistan prezidenti Ramzan Kadırovun fərmanıyla tənzimlənib.Ramazan ayı ərzində isə respublikada alkoqol satışı tamamilə qadağan edilir.

Misallardan da göründüyü kimi alkoqolla mübarizədə hər ölkənin öz təcrübəsi var. Bəs Azərbaycanda vəziyyət nə yerdədir? Ölkədə alkoqol satışı necə tənzimlənir?

Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə Azərbaycanda alkoqollu içkilərin istehsalı, idxalı və satışı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb. Bu addım istehsalçıların işinin asanlaşdırılması üçün atılmış bir addım idi.

Femida.az -a alkoqollu içkilərin istehsalı və mərhələləri ilə bağlı danışan hüquqşünas Mehriban Məmmədova bildirib ki, alkoqollu içkilərin istehsalı ilə məşğul olmaq üçün müvafiq qaydada Kənd Təsərüffatı Nazirliyinə müraciət etmək lazımdır.





“Həmin vaxt ərizədə hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, faktiki ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü və digər bəndlər göstərilməlidir.İstehsal olunacaq bu və ya digər alkoqollu içki növünün xammalının mənşəyini, eləcə də bütün keyfiyyət göstəricilərini təsdiq edən sənədin surəti də tələb olunan şərtlərdəndir. Eyni zamanda alkoqollu içkilər aksiz markası ilə markalanmalı olan malların siyahısına daxil olduğu üçün onların aksiz markası olmadan satılması və ya satış məqsədi ilə saxlanılması və ya istehsal yerindən çıxarılması miqdarından asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır”, deyə hüquqşünas bildirib.

Qaydaları pozan şəxsləri cərimələr gözləyir...

Hüquqşünas Mehriban Məmmədova bildirib ki, aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub.

“Məcəllənin 450-ci maddəsində qeyd olunur ki, aksiz markası olmayan məhsullar müsadirə edilməklə, fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.”

Evdə alkoqollu içkilər hazırlayanları hansı cəza gözləyir?

Hüquqşünasın sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində alkoqollu içkilərin ticarəti qaydalarının pozulmasına görə də cərimələr də nəzərdə tutulur. Qaydanı pozan şəxslər əlli manatdan səksən manatadək cərimə edilir. Alkoqollu içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə isə yüz manat məbləğində cərimə nəzərdə tutulur. Bundan əlavə ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə mallar müsadirə edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.


Alkoqollu içkilərin satışı ilə bağlı qanunları pozan şəxslər cinayət məsuliyyətinə də cəlb oluna bilər.





Vəkil Elvin Səlimov isə alkoqollu içkilərin istehsalı və satışı zamanı yarana biləcək cinayət məsuliyyətindən bəhs edib. Onun sözlərinə görə, aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etməyə görə həmin şəxs iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu cür əməllər təkrar və qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə cəzası daha ağır olur. O şəxslər beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 5268