Ermənistanı etiraz aksiyaları bürüyür


15:38     18 Noyabr 2017 1510849269193729313_1000x669_1510989450.jpg

Möhlət hüququnun ləğvinə və orduda xidmətə etiraz edən ermənistanlı tələbələr etirazlara başlayıblar.


Son günlər Ermənistanda hərbi xidmətlə bağlı qanunlara nəzərdə tutulan dəyişikliklər və bu ölkənin ordusunda hökm sürən qanunsuzluqlar tələbələri və valideynləri etiraz aksiyalarına başlamağa vadar edir. Bu yaxınlaradək bədnam qonşu ölkədə gənclər üçün xidmətdən yayınmağın ən asan yolu nə yolla olur-olsun ali təhsil almaq, ya da ölkəni birdəfəlik tərk edib getmək idi. Lakin Ermənistanı tərk edən və xarici ölkələrdə şad-xürrəm yaşayanlar azlıq təşkil edirlər. Nisbətən imkanlı ailələrin övladları səfalət bürüyən ölkədə yaşamağa məcbur olduqlarından təhsil ocaqlarına üz tuturlar ki, qanuna dəyişiklik onların da xidmətdən yayınma yollarını bağlayır.

Bu səbəbdən son günlər təhsil alanların hərbi xidmətə çağırışdan möhlət hüququndan məhrum ediləcəyi barədə qanuna dəyişikliklərin olunması ilə bağlı müzakirələr ermənistanlı gənclərin kəskin etirazlarına səbəb olub. Çağırış haqqında qanuna dəyişiklik edilməsi zərurətinin ən əsas səbəbi isə bu ölkədə səfərbərlik ehtiyatlarının kəskin çatışmazlığıdır. Bu qanunla işğalçı ölkə heç olmasa ordusunun çağırışçı ehtiyatlarını qismən ödəməyə can atır.

Şəxsi heyət çatışmadığından postlarda növbə çəkməyə kənd camaatının, hətta özlərini “azadmartik” adlandıran qocaların da cəlb edildiyi barədə məlumatlar Ermənistan media resurslarında dəfələrlə yer alıb.

Ermənistanda tələbələrin etiraz aksiyaları davam edir. Qanedici cavab almayan tələbələr artıq aclıq aksiyalarına da başlayıblar. Polislə etiraz aksiyasında iştirak edən tələbələr arasında toqquşmalar olur. Bəzi deputatlar və ictimai təşkilatlar tələbələrlə həmrəylik nümayiş etdirsələr də, səlahiyyətli qurumlar hələ də tələbələri razı salacaq addımlar atmırlar.

İş o həddə çatıb ki, Ermənistan ordusunun ənənəsinə çevrilən “neustavşina” səbəbindən gənclər hər fürsətdən istifadə edərək orduda xidmətdən yayınmağa çalışırlar. Hərbi xidmətdən yayınmaq üçün özünə bədən xəsarətləri yetirməklə, hətta ömürlük şikəst olmağı belə gözə alanlar var. Xidmətdən möhlət hüququnun ləğvindən qorxuya düşən tələbələr Yerevanda, qanunsuzluqlardan təngə gələn əsgər valideynləri isə tez-tez qondarma “Dağlıq Qarabağ respublikasının “müdafiə nazirliyi”nin qarşısına toplaşaraq etiraz aksiyaları keçirirlər.

Ermənistan ordusundakı qanunsuzluqlar valideynləri təngə gətirib

Qısa müddət ərzində, yəni son 2-3 ayda Ermənistan ordusunda hərbi qulluqçuların müəmmalı ölümü və yaralanması, rüşvətxorluq, xidmət yerindən qaçma, xidmətdən yayınmaq məqsədilə özünə xəsarət yetirmə kimi müxtəlif hadisələr qeydə alınıb ki, bu da əsgər valideynlərinin kəskin etirazlarına səbəb olub. Bundan başqa, orduda özbaşınalıq, komandanlıq tərəfindən tabeçilikdə olan şəxsi heyətə ciddi nəzarətin təşkil olunmaması, vəzifələrinə səhlənkar yanaşma və səlahiyyətləri aşma, intizam cəzalarının düzgün verilməməsi, qarşılıqlı münasibətlərin nizamnamələrə uyğun qurulmaması da bir çox cinayətlərə yol açır ki, bu da Ermənistan ordusunun ənənəsinə, əsgər valideynlərinin isə baş bəlasına çevrilib.

Eyni zamanda, qarabağlı hərbi qulluqçuların Ermənistandan çağırılmış əsgər heyətini daim təzyiq altında saxlamaları səbəbindən bölmələrdə şəxsi heyət arasında nizamnamədənkənar münasibətlərin - “neustavşina” və “dedovşina” hallarının artan templə davam etməsi də ictimaiyyətin və əsgər valideynlərinin Ermənistan ordusuna olan münasibətinin kəskin dəyişməsinə səbəb olub.

Həmçinin istər Ermənistan müxalifətinin, ictimai təşkilatların, istərsə də valideynlərin qəzəbinə səbəb olan və səbr kasasının daşmasına gətirib çıxaran başqa məqamlar da düşmən ordusunda yetərincədir. Ermənistan silahlı qüvvələrinin yürütdüyü siyasət - baş verənləri ya maksimum dərəcədə gizlətmək, ya da ölüm hadisələrini qarşı tərəfin üzərinə yıxmaqla valideynləri sakitləşdirməyə cəhd göstərmələri artıq cəmiyyəti qane etmir. Bunun da səbəbləri müxtəlifdir.

Valideynləri qəzəbləndirən qarşı tərəfin, yəni, Azərbaycan Ordusunun hər hansı aktiv fəaliyyət həyata keçirməsi barədə rəsmi məlumatların olmadığı halda, Ermənistan tərəfinin itkilərinin - ölən və yaralananların sayının durmadan artmasıdır.

Daha bir səbəb isə övladlarının ölümü ilə bağlı valideynlərə doğru-düzgün məlumatların verilməməsidir ki, bu da müəmmalı şəraitdə ölən hərbçilərin valideynlərində bir çox cavabsız sualların yaranmasına zəmin yaradır. Övladlarını itirənlərin etirazına səbəb olan odur ki, hərbçinin ölümü barədə yayılan rəsmi məlumatların, sosial şəbəkələrdə yazılanlarla, hərbçinin xidmət yoldaşlarının danışdıqları ilə və istintaq orqanlarının verdiyi məlumatlarla tam fərqli olmasıdır.

Artıq heç nədən çəkinmədən öz sözlərini deyən valideynlərin etiraz aksiyasına toplaşmalarına səbəb isə heç bir hərbi əməliyyat, təxribat olmadığı halda təkcə oktyabr ayında ən azı 7 nəfərin ölümü, 15-ə yaxın hərbçinin isə yaralanması barədə mətbuatda və sosial şəbəkələrdə ziddiyyətli məlumatların olmasıdır.

Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1192