Papadan Qüds qalmaqalı ilə bağlı ÇAĞIRIŞ


01:22     07 Dekabr 2017 papa_esas.jpg

Roma papası Fransisk ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürməsi qərarından narahat olduğunu bildirib və status-kvonu qorumağa çağırıb.


Qüdsün müsəlmanlar, yəhudilər və xristianlar üçün müqəddəs şəhər sayıldığını qeyd edən Fransisk beynəlxalq panoramda yeni münaqişələrdən yayınmaq üçün bu məsələdə müdriklik və dözümlülük göstərilməsinin vacib olduğunu deyib.

Anadolu informasiya agentliyinin məlumatına əsasən, Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu öz növbəsində ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etməsi planının bölgəyə sülh əvəzinə xaos gətirəcəyini bildirib.

NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Brüsselə gedən Çavuşoğlu ABŞ-lı həmkarı Reks Tillersonla görüşündən sonra jurnalistlərə verdiyi müsahibədə Qüdsün İsrailin paytaxtı kimi tanınması cəhdini böyük səhv adlandırıb. O, təkcə müsəlmanların deyil, bütün dünyanın ABŞ-ın bu qərarına qarşı çıxdığını deyib

Bu ərəfədə ərəb ölkələrinin, həmçinin Türkiyənin və bir sıra digər dünya dövlətlərinin liderləri xəbərdarlıq ediblər ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması regionda sülh prosesini pozacaq və gərginliyin ciddi surətdə artmasına gətirib çıxaracaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü bu məsələ ilə bağlı Malayziya, Tunis, İran, Qətər, Səudiyyə Ərəbistanı, Pakistan, İndoneziya liderləri ilə danışıqlar aparıb və məsləhətləşmələri davam etdirir.

Ağ evdən verilən məlumata görə, ABŞ Prezident Donald Tramp dekabrın 6-da Qüdsün İsrail paytaxtı sayılması barədə qərarını elan edəcək və ABŞ səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi prosesinə start verəcək.

Qeyd edək ki, Birləşmiş Ştatlar konqresi ABŞ səfirliyinin Qüdsə köçürülməsi planını hələ 1995-ci ildə qəbul edib. Lakin şəhərin mübahisəli statusu və bu problemin müsəlman aləmi üçün həssaslığı səbəbindən amerikalı prezidentlər o vaxtdan indiyədək hər 6 aydan bir bu qərarın təxirə salınması barədə sənəd imzalayırlar. (AzərTAc)

Femida.az

Açar sözlər:

Oxunub: 646


Oxşar xəbərlər