“Uşaq mollanın təsiri altına düşmüş ola bilər” – Komitə Ağdaşdakı intiharla bağlı


15:12     07 Dekabr 2017 409675758.jpg

“Komitənin İsmayıllı rayonunda fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzinin əməkdaşları hadisənin baş verdiyi yerə səfər edib və mərhumun valideynləri, ailə üzvləri ilə görüş təşkil ediblər. Onlar ailə ilə görüş zamanı hadisədən kədərləndiklərini bildirərək mərhumun yaxınlarına başsağlığı veriblər”.


Bunu Femida.az-a açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

O bildirib ki, Komitənin bütün icra hakimiyyətlərinin nəzdində monitorinq qrupu fəaliyyət göstərir:

“Biz həmin qrupumuza müraciət etmişik ki, bu iş ciddi nəzarətdə saxlanılsın. Bildiyimiz kimi hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Hadisələrin gedişatını anbaan izləyirik. Hazırda intiharın səbəbləri araşdırırıq”.

A.Veysəlova intiharın baş vermə səbəbi kimi iki əsas amilə diqqət çəkdi:

“İlkin məlumat kimi intiharın səbəbi kimi 2 amili göstərə bilərik. Burada şagirdin aldığı dini təhsil və təhlükəli internet oyunlarının təsirini göstərə bilərik. Çox güman ki, bu iki səbəbə görə intihar baş verib. Lakin hansı mühakimənin doğru olduğunu indidən söyləmək çətindir. Çünki araşdırmalar hələ də davam edir. Ən xırda detallar belə nəzərə alınmalıdır. Aldığımız məlumata görə, uşaq çox savadlı idi, dərslərini yaxşı oxuyardı, idmanda da ciddi uğurlar əldə edib. Yəni həm savadlı, həm də aktiv bir uşaq olub. Bu baxımdan, bütün mümkün variantlar araşdırılmalı, daha sonra isə nəticələr çıxarılmalıdır”.

Komitə rəsmisi məktəblilərə dini təhsilin tədrisi məsələsinə də toxundu:

“Azərbaycan dünyəvi bir ölkədir və bizdə din dövlətdən ayrıdır. Heç kim dini dəyərlərimizin təbliğ olunmasının əleyhinə deyil. Lakin istənilən din düzgün formada təbliğ olunmalı, gənclərə düzgün aşılanmalıdır. Komitə də mütəmadi olaraq bu məsələ ilə bağlı maarifləndirici tədbirlər həyata keçirir. Bu yaxınlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə İslam həmrəyliyi və ailə dəyərləri mövzusunda böyük bir konfrans keçirdik. Yaxın vaxtlarda maariləndirici çap məhsulları da hazırlanacaq. İslam dini intiharı birmənalı olaraq qəbul etmir. Uşağın peyğəmbərin yanına getmək üçün intihar etməsinin arxasında məntiq tapmaq olmur. Bəlkə də həmin uşaq hansısa mollanın, din xadiminin təsiri altına düşüb”.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. 12 yaşlı məktəbli intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubda peyğəmbərin yanına getmək üçün intihar etdiyini qeyd edib. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu bildirilir.

Faktla bağlı Ağdaş Prokurorluğu tərəfindən araşdırma aparılır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1878