Millət vəkili Avropada zorakılıqdan danışdı


14:46     08 Dekabr 2017 SAHIBA-QAFAROVA.jpg

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova Parisdə təşkilatın gender bərabərliyi və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak edib.


Femida.az xəbər verir ki, "Gender bərabərliyi və uşaqlara xidmət", "İşə qəbulda ayrı-seçkilik" ilə bağlı məruzələrin müzakirəsinə qoşulan azərbaycanlı deputat Avropada gender bərabərliyinin təmin olunmasına, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasının əhəmiyyətinə, AŞPA-nın bu prosesdə iştirakına toxunaraq, Azərbaycanda gender bərabərliyi sahəsində görülən işlərdən danışıb.

Müzakirələrdə S. Qafarova Azərbaycanda uşaqların fiziki və mənəvi sağlamlığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Vurğulayıb ki, ölkədə uşaq hüquqlarının müdafiəsinin davamlığını təmin etmək məqsədilə "Uşaq hüquqları haqqında" Qanun qəbul olunub. Uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsinə dair hüquqları qanunla təsbit olunub.

"Avropada erkən nikahlar" məruzəsinin müzakirəsində S. Qafarova Azərbaycanda erkən nikahların saylarının azaldılması, erkən nikah hallarının qarşısının alınması məqsədi ilə mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda erkən nikahın qarşısının alınması üçün qanunvericilik bazası yaradılıb, eyni zamanda həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirləri, eləcə də uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər problemin həllinə yardım edir. Azərbaycanda erkən nikahlarla mübarizə üzrə tədbirlər planının icra olunduğunu deyən millət vəkili əlavə edib ki, ölkəmiz bu sahədə bir çox beynəlxalq təşkilatlar, o cümlədən YUNİSEF ilə uğurlu əməkdaşlıq edir.

S. Qafarova Azərbaycanın bu məsələdə bütün beynəlxalq təşəbbüslərə dəstək verdiyini xatırladıb. “Gender əsaslı zorakılıq yalnız qadınların problemi kimi qəbul edilməməlidir. Bu, ümumbəşəri pandemiyadır və bu problemin aradan qaldırılması üçün bütün səylər birləşdirilməlidir”-deyə S. Qafarova bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 704