Heydər Əliyevin həyata keçməyən arzusu – Deputat danışır


15:39     12 Dekabr 2017 heyder%20eliyev10.jpg

“Ümummilli liderimizlə ilk dəfə məni Atataürk Mərkəzinə müdir təyin edəndə görüşmüşəm. Onun hüzurunda oldum. Azərbaycanın türk dünyasında yeri barədə ətraflı fikir mübadiləsi apardıq. O zaman anladı ki, Heydər Əliyev təkcə böyük dövlət adamı yox, həm də çox mükəmməl, dərin emosiyalara sahib insan idi”.


Bu sözləri Femida.az-a açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Millət vəkili Heydər Əliyevlə bağlı heç vaxt unutmayacağı xatirəsini də danışır:

“Ulu öndərin bir sözü mənim heç vaxt yadımdan çıxmır. Mənimlə təkbətək söhbət zamanı dedi ki, Təbrizdə olmaq onun arzusu idi. Təəssüflə bildirdi ki, müxtəlif səbəblərə görə o, bu arzusunu həyata keçirə bilmədi. Bu, çox orijinal və heç kəsə deyilməyən bir söz idi. Söhbət əsnasında mənə bunları dedi”.

Nizami Cəfərov bildirdi ki, Heydər Əliyev Azərbaycan tarixinə qalib gəlmiş siyasətçi kimi düşüb:

“Mənim üçün yüz illər boyu mövcud olan Azərbaycançılıq ideallarını, ən azı yüz yaşı olan Azərbaycançılıq ideologiyasını həm inkişaf etdirdi, həm də həyata keçirdi. Azərbaycanın müstəqillik idealları yüzillər boyu olsa da, Heydər Əliyev həmin idealları apardığı mübarizənin nəticəsində həyata keçirməyi bacardı. Gözəl və perspektivli ideyalar çox olur. Dünyada və eləcə də Azərbaycanda siyasətçilər çox olub. Heydər Əliyevin siyasətçi kimi fərqi ondan ibarətdir ki, o təkcə mübarizə aparmayıb, həm də qalib gəlib. Bax, ulu öndər qalib gələn siyasətçi kimi tarixə düşüb. Onun qələbəsinin nəticəsi isə bugünkü müstəqil Azərbaycandır”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3388