Cocuq Mərcanlıda gənc hərbçilərlə görüş


21:57     02 Fevral 2019 2019/02/B0A0FE54-7AA9-4FB7-B03A-2BAC5179E5A2_1549128008.jpeg


Gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi, onların xalqa və dövlətə sədaqət ruhunda tərbiyə edilməsi ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas məqsədlərindəndir. Azərbaycan Prezidenti İlham Əliyev gənclərə xüsusi qayğı göstərir, onların dövlət idarəçiliyində, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində uğur qazanması üçün lazımi şərait yaradır. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsində, ərazi bütövlüyünün müdafiəsində də gənclərin mühüm rolu var.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Müdafiə Nazirliyinin dəstəyi ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gənc hərbçilərlə keçirilən görüşdə söhbət açılıb.

Dövlət Komitəsindən Femida.az-a verilən məlumata görə, 2 fevral - Gənclər Gününə həsr edilmiş tədbirdə komitənin əməkdaşları, veteran hərbçilər, şəhid ailələrinin nümayəndələri, məcburi köçkün fəallar iştirak ediblər. Görüş ön xətdə düşmənlə üz-üzə dayanan və torpaqlarımızın azadlığı uğrunda döyüşə daim hazır olan gənc hərbçilərlə həmrəylik və mənəvi birlik nümayiş etdirmək məqsədi daşıyıb.

Əvvəlcə tədbir iştirakçıları 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Sonra hərbi hissədə əsgər, gizir və zabitlərlə görüşüb, onların xidmət və yaşayış şəraiti ilə tanış olublar. Zabitlər Niyazi Dadaşov, Qəhrəman Abdullayev, Orxan Nəsirov gənc əsgərlərin hərbi xidmətin tələblərinə layiqincə əməl etdiklərini, vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirdiklərini bildiriblər. Qeyd edilib ki, güclü maddi-texniki bazası, silah-sursat təchizatı, yüksək döyüş ruhu olan Azərbaycan Ordusu bütün istiqamətlərdə düşməndən üstündür və hər an Ali Baş Komandanın döyüş əmrini yerinə yetirərək zəfər qazanmağa qadirdir. Aprel döyüşlərindəki qələbəsi ilə ordumuz bunu bütün dünyaya nümayiş etdirib.

Dövlət Komitəsinin təşkilatçılığı ilə məcburi köçkün ailələri tərəfindən hazırlanmış sovqat və hədiyyələr hərbi hissənin şəxsi heyətinə təqdim olunub.

Hərbi hissənin komandanlığı Gənclər Günü ərəfəsində bu görüşün gənc əsgərlərin döyüş ruhunu daha da artırdığını bildirib.

Görüşdə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov, şəhid valideynləri Əşrəf Qəhrəmanov və Ələkbər Hüseynov, Aprel döyüşlərinin iştirakçısı, veteran hərbçi Elşən Əzimov çıxış ediblər. Sonra əsgər yataqxanasına toplaşan görüş iştirakçıları tanınmış xanəndə, Əməkdar artist Ehtiram Hüseynovun, gənc müğənni Cümşüd Kərimlinin və hərbi hissədə xidmət edən istedadlı əsgərin ifalarını dinləyiblər.

Tədbir iştirakçıları belə görüşlərin bir gün Qarabağda, işğaldan azad ediləcək yurd yerlərində keçiriləcəyinə əmin olduqlarını bildiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 640