Azərbaycanda turizmin ən böyük bəlası: Otellərin ikili qiymət siyasəti (ARAŞDIRMA + FOTOLAR)


12:30     14 Fevral 2019 2019/02/oteller_123_1550132900.jpg


2014-cü ildə dünyanın bir çox ölkələrinin məruz qaldığı iqtisadi böhran Azərbaycana da təsirsiz ötüşmədi. Neft qiymətlərinin aşağı düşməsi bir neft ölkəsi kimi bizim də həyatımızda açıq-aşkar hiss olundu. Çoxumuz 21 fevral 2015-ci il tarixini yaxşı xatırlayırıq. Məhz həmin tarixdə manat öz dəyərini uzun zamanlardan sonra ilk dəfə ABŞ dolları qarşısında itirərək, 1 USD qarşılığında 1,05 AZN oldu. 10 ay sonra isə ölkəmizdə 2-ci dəfə devalvasiya baş verəndə, hər kəsin simasında bədbinlik hissi əmələ gəlmişdi. Sanki ölkəmiz dərin bir uçuruma gedirdi. Çox narahat idik. Bunun qarşısının necə alınacağı ilə bağlı əksəriyyətimiz bir-birimizə cavabı bilinməyən suallar verirdik...

Bu yazımda həmin böhranlı günləri adlayıb keçmiş bir çox otellərimizin satış şöbələrinin ikili qiymət siyasəti barədə yazımı paylaşaraq, həm əcnəbi turizm şirkətləri ilə bir çox yerli turizm şirkətləri arasında, həm də yaxın münasibətdə olduqları çox az sayda yerli şirkətlərlə digər şirkətlərimiz arasında kəskin ayrı-seçkilik siyasətini və bunun iqtisadiyyatımıza zərəri ilə bağlı fikirlərimi bölüşəcəm.

Regionlarda və paytaxtımız Bakı şəhərində son 10-15 ildə açılmış, Avroviziya yarışması ərəfəsində isə sayı bir az da çoxalmış otellərimiz mühüm tədbirlər bitdikdən sonra, qonaqlamanın sayı baxımından çətin vəziyyətlə qarşılaşırdılar. Düzdür, az da olsa turistlər gəlir və otellərə yerləşirdilər. Ancaq onların ödədikləri məbləğ otellərin heç gündəlik xərclərinə də bəs etmirdi. 2013-cü ilin yay mövsümündə Qəbələdə olarkən, ailəmizlə Qafqaz Riverside oteldə qalmalı olduq. Səhər yeməyi zamanı otelin restoranında verilən çoxsaylı yemək çeşidlərinə baxmayaraq, orada qalan qonaqların sayı o qədər aşağı idi ki, açığını deyim, otelə görə narahatlıq hissi keçirtdim. Restoranda olduğumuz yarım saat ərzində bizdən başqa səhər yeməyinə cəmi 2 nəfərin gəldiyini görmək çox məyusedici bir vəziyyət idi...

Beləliklə, devalivasiyanın baş verdiyi bir vəziyyətdə ölkə rəhbərliyi digər qeyri-neft sahələrinin inkişafına diqqəti artırmaqla bərabər, gəlmə turizmin inkişafı üçün də çox mühüm və zamanında addımlar atıb, ölkədəki vəziyyətin yaxşılaşmasına münbit şərait yaratdı. Belə ki, 2016-cı ildən etibarən İran körfəzi ərəb ölkələri vətəndaşlarına Azərbaycana daxil olmaq üçün vizanın alınması proseduru sadələşdi. Əvvəlcə İraq Respublikası vətəndaşlarına, daha sonra isə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Oman, Küveyt, Qətər və Bəhreyn vətəndaşlarına vizanı Azərbaycana daxil olarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında sadə prosedurla almaq imkanı verildi.

Bununla da, həm ölkəmizə xarici valyuta axını baş verir, həm də pərakəndə ticarət sahəsində çalışanların, sürücülüklə ailəsini dolandıranların, həmçinin ölkəmizdə ərəblərə xidmət göstərən digər vətəndaşların vəziyyəti normallaşırdı. Bu da istər-istəməz zəncirvari olaraq digər sahələrdə çalışanların da vəziyyətinə müsbət təsirini göstərməyə başladı.



Bu hadisələrə qədər otellərimizdəki qonaqların azlığı ilə bağlı vəziyyət o qədər xoşagəlməz idi ki, 2016-cı ildə İraq Respublikasından gələn turistləri Qəbələdə otellərə yerləşdirmək üçün hətta otellərin özü tərəfindən turizm şirkətlərinə Bakıdan Qəbələyə və geriyə təmənnasız avtobus xidməti də təklif olunurdu. Eləcə də əcnəbi turistləri gətirən sürücü, bələdçi üçün də otellərdə əlavə təmənnasız otaq və səhər yeməyi verilirdi (qısa zamanda otellərdə qonaqların sayının çoxalması və boş otaqların sayının azalması bu cür xidmətlərdən imtina olunması ilə nəticələndi). 2016-cı ildə otellərin qiyməti onların səviyyəsindən asılı olaraq təqribən 60-110 manat arası dəyişirdi. Beləliklə həmin vaxtdan turizmin inkişafı üçün olduqca gözəl imkanlar açıldı və ilboyu boş qalmış otellərimiz tədricən dolmağa başladı. Məhz həmin vaxtlardan, 2016-cı ilin sonlarından etibarən tam yeni bir sahədə, turizm sahəsində, daha dəqiq ifadə etsək, bir ərəbşünas kimi mənə daha uyğun olan gəlmə turizm sahəsində fəaliyyət göstərməyə başladım.

Bu arada, əcnəbi turistlərin sayı artdıqca, otellərimizdə boş otaqların sayı azaldıqca, qiymətlərdə də müəyyən dəyişikliklər nəzərə çarpırdı. Hər ilin sonunda turizm şirkətləri otellərlə bağladıqları müqavilələri növbəti il üzrə yeniləyirlər. Otellərimizin bir çoxu, həmçinin yazımda toxunacağım Qafqaz otellər şəbəkəsi növbəti devalvasiya riskini nəzərə alıb, yerli turizm şirkətləri ilə müqavilə bağlayarkən, qiymətləri bir az qaldırmaqla yanaşı, həm də manatla deyil, ABŞ dolları ilə qeyd etməyə başladılar. Əvvəlki illə müqayisədə qiymətlər faiz nisbətində xeyli artsa da, ümumi olaraq, acınacaqlı vəziyyət yaranmamışdır. Gəlmə turizm sahəsində çalışan şirkətlər 2017-ci ili də normal qaydada başa vurdular. Ölkədə öncə baş vermiş devalvasiya nəticəsində qiymətlər də dollara nisbətdə ucuzlaşmışdı və bu da turistlərə münasib idi. Otellərimiz də kifayət qədər dolu olurdu. 2018-ci ilə daxil olduqda, Qafqaz otellər şəbəkəsi 2018-ci ilin müqavilə qiymətlərini bir az da bahalaşdırdılar. Bu cür bahalaşmalardan sonra yerli şirkətlərlə çalışan əcnəbi partnyorlara yeni bahalaşmış qiyməti çatdırmaq çox çətindir, çünki ölkədə nəyin baş verdiyini, qiymətlərin niyə qalxdığını anlaya bilmirlər. Qardaş Türkiyədə ildən ilə xidmətlərin səviyyəsi qalxsa da, qiymətlər nəinki qalxmır, hətta aşağı düşür. Bütün bunlara baxmayaraq, yenə də 2018-ci ilin əvvəli, yəni qış ayları, daha sonra yaz ayları otellərimizdə vəziyyət normal oldu. Gələn turistlərin sayı çox idi. Bakıda əcnəbilərin daha çox sevdiyi və gəzdiyi Nizami küçəsi və ümumilikdə Tarqovı adlandırdığımız ərazi ərəb turistlərlə dolu olurdu. Yay vaxtı isə, Qəbələdə normal otel tapmaq problemə çevrilmişdi. Çıxış yolu kimi bu səfalı ərazilərdə otellərin sayının artması gözlənilirdi. Budur, artıq 2019-cu il gəlir və müqavilələri növbəti il üçün yeniləmək zamanı çatır. Müqaviləni yeniləmək üçün müraciət edirik və məlum olur ki, Qafqaz otelləri 2019-cu ilin qiymətlərini yenidən qaldırırlar və bu azmış kimi, müqavilədə açıq-aşkar yazılır ki, yay mövsümü zamanı Bakıdakı otellərin qiyməti əlavə 10%, Qəbələdəki otellərin qiyməti isə 30% artacaq. Bu da Qəbələdəki otellərdə otaq çatışmazlığının aradan qaldırılması üçün çıxış yolu...



Bildirirəm ki, ərəb ölkələrində qarşılıqlı əməkdaşlıq etdiyimiz turizm şirkətləri bizdən növbəti il üçün qiymətlərdə dəyişikliyin olub-olmadığını zarafatla soruşanda və cavabında isə yeni artırılmış qiymətləri eşidəndə, hər biri bunu təəccüblə qarşıladılar. Hazırda onlardan soruşanda ki, niyə qonaq göndərmirsiniz, tam səmimi deyirəm, cavabları o olur ki, Azərbaycanla maraqlanan turistləri də hazırda başqa ölkələrə yönəldirik, çünki burada artıq mövzu qiymətlərdən deyil, hörmətsizlikdən gedir. Ərəb turistlərinin imkanlı olduğunu bilirik. Ancaq nəzərdən qaçırmaq lazım deyil ki, heç bir ərəb pulu çox olsa belə, israfçılığa yol verməyi xoşlamır, özlərinə qarşı hörmətsizliyi isə hamı kimi onlar da heç vaxt qəbul etmir. Yazdıqlarımızın düzgünlüyünü görmək üçün hazırda otellərimizdə ərəb turistlərin sayı ilə bağlı keçən ilin eyni vaxtı ilə müqayisəli kiçik araşdırma aparmaq kifayətdir.

İndi isə qayıdaq ikili qiymət siyasətinə. Konkret faktla danışaraq qeyd edim ki, Qafqaz otellərinin əksəriyyəti yerli şirkətlərin çoxu ilə əcnəbi şirkətlər arasında ayrı-seçkilik yaratmaqla, turizmlə məşğul olan kiçik şirkətlərin az olan işini daha da aşağı salıb. Bəzən qeyd edirik ki, xaricdən idxal olunan məhsullara yüksək gömrük rüsumunun qoyulması, yaxud aksizli mallara yüksək aksiz dərəcələrinin qoyulması həm də yerli istehsalçıların öz mallarını yerli bazarda realizə etməsinə hesablanmış addımlardır və bu da alqışa layiqdir. Həmçinin, 2019-cu ildən etibarən Vergilər Məcəlləsində edilmiş dəyişikliklərdə rezident (yerli) mikrosahibkarlıq subyektlərinə (bir il ərzində dövriyyəsi 200 min manatdan, işçi sayı isə 10 nəfərdən aşağı olan şirkətlər və sahibkar fiziki şəxslər) böyük güzəştlər nəzərdə tutulub. Ancaq gəlmə turizm sahəsində çalışan yerli şirkətlərimiz öz otellərimiz tərəfindən əcnəbi şirkətlərə yaradılmış qeyri-bərabər və üstün imkanların qarşısında aciz duruma düşürlər. Turizm bazarında çox məşhur əcnəbi şirkətlər var ki, onlar öz onlayn rezervasiya sistemləri vasitəsi ilə Azərbaycandakı otelləri də əcnəbilərə satırlar, məsələn Niderlandda təsis edilən və booking portalında domenində yerləşən sistem. Bu sistem bizim onlayn girib baxdığımız və gördüyümüz qiymətləri, əslində onlara otellər tərəfindən təqdim edilən ilkin qiymətin üzərinə 15-18 faiz gəldikdən sonra öz sistemində yerləşdirir və turistlərə satır. 2019-cu ilin fevralın əvvəlinə və sonuna Qəbələdəki 4 ulduzlu Qafqaz Karvansaray otelin 2 nəfərlik otağının qiyməti booking portalında 70 ABŞ dollardır (səhər yeməyi ilə). Riyazi hesablama aparmaqla müəyyən etmək olar ki, həmin sistemə otelin qiyməti təqribən 59-60 ABŞ dollarına təqdim edilir. Biz yerli turizm şirkətlərinə isə həmin otağın təqdim edilən ən aşağı korporativ qiyməti (turizm şirkətləri üçün endirimli topdansatış qiymət) 68 ABŞ dolları təşkil edir. 5 ulduz otellərin qiymətlərində isə məbləğ yüksək olduğuna görə, bu rəqəmin daha yüksək olduğu açıq-aydın nəzərə çarpır. Bakıdakı Qafqaz City otelini isə bu əcnəbi şirkət 78 ABŞ dollarına satır, yerli şirkətlərə isə 81 ABŞ dolları dəyərində təklif edirlər. Yəni, əgər yerli turizm şirkəti əcnəbiyə həmin oteli öz mayasına təklif etsə belə, əcnəbi şirkətin satış qiymətindən baha olacaq. Bəzən bu sistemlərdə qeydiyyatdan keçən müştərilərə əlavə endirimlər təklif olunur. Bu zaman müştərilər onlardan daha aşağı qiymət almaqla, biz yerli şirkətləri bahaçıl olmaqda ittiham edirlər. Bir ərəb ailəsinin Azərbaycanda gəlib istirahət etməsi müddətinin təqribən 1 həftə olduğunu nəzərə alsaq və onların 2 gecə Qəbələdə, 5 gecə isə Bakıda qalacağını düşünsək (adətən belə olur), bu zaman bizim qiymətlərlə booking portalına verilən qiymət arasında 80-90 ABŞ dolları miqdarında fərq yaranır, başqa sözlə, o məbləğ ki, təqribən turizm şirkətlərinin qazancını təşkil edir və bu qazancların toplanmasından həm ofis xərcləri, həm reklam xərcləri, həm də əməkdaşların maaşı formalaşır. Yuxarıda qeyd etdiklərim əsasında belə bir sual yaranır: Əgər otel booking portalına təqdim etdiyi qiymətdən qazanc əldə edirsə və ona həqiqətən də həmin qiymətdən satmaq maraqlıdırsa, o zaman biz yerli şirkətlərə niyə bu qiymət verilmir?!



Maraqlısı isə odur ki, yaxın əcnəbi tanışlarımızdan biri Bakıdakı Qafqaz City otelində özünü əcnəbi turizm şirkəti kimi təqdim edib, qiymət təklifi alanda, aldığı qiymət biz yerli turizm şirkətlərinə təklif ediləndən daha ucuz idi. Həmin tanış şirkət də bizi onlara baha qiymət təqdim etməkdə günahlandırmışdı. Bunun da nəticəsində, ömrü çox da uzaqlara gedib çıxmayan gəlmə turizm sahəsində fəaliyyət göstərmək üçün yaranan şirkətlər böyümədən, rəqabətə davam gətirmədən sıradan çıxır və beləliklə, cənab Prezidentimizin yeni iş yerləri açmaq barədə çağırışına qoşula bilmirlər.

Nəzərə almaq lazımdır ki, bu cür onlayn rezervasiya sistemləri Azərbaycanın turizm imkanlarını heç bir yerdə təbliğ etmir. Ancaq həm dövlətimiz, yəni turizm sahəsinə nəzarət edən orqanlar, həm də yerli şirkətlər Azərbaycanı təbliğ edirlər və turistləri Azərbaycana dəvət etmək üçün əməli fəaliyyət göstərirlər. Bu təbliğatın nəticəsində isə yerli şirkətlərə çatası qazancın çox böyük bir hissəsi məhz əcnəbi şirkətlərə qismət olur.

Belə bir vəziyyətdə, mümkündür ki, bəzi şirkətlər toxunduğumuz məsələnin yanlış olduğunu bildirib, onlara təqdim edilən qiymətin booking portalından daha aşağı olduğunu iddia etsinlər (məndə olan məlumata görə, belə şirkətlər az da olsa var). Bu zaman belə bir sualla üz-üzə qalırıq: əgər belə bir hal varsa, o zaman həmin satış menecerlərinin məhz bu cür şirkətlərə booking portalına verdikləri qiymətdən daha aşağı qiymət təklif etməkdə maraqları nədir? Daha doğrusu, niyə bütün şirkətlərə bu cür endirimlər verilmir və məhz azsaylı şirkətlərə bu cür güzəştlər edilir? Təbii ki, qiymət baxımından şirkətlər arasında qonaqlama sayına görə müəyyən fərqlər olmalıdır. Biz bunu inkar etmirik. Bir şirkət digər şirkətdən daha çox turist cəlb edirsə, onlara daha çox güzəşt edilməlidir. Ancaq bu fərq çox böyük olmamalıdır.



Təbii ki, bizim öz marketinq siyasətimiz var və bir çox hallarda Azərbaycan barədə məlumatın az olduğu yeni regionlarda təşviqat işləri aparıb, turistləri ölkəmizə dəvət edirik. Ancaq bizim vasitəmizlə qiymətlərlə tanış olub, sonradan digər şirkətlərdən fantastik fərqlə aşağı qiymət əldə etdikdə, onlar qarşısında necə inamsız şirkət təsiri bağışladığımızı təsəvvür edirsiniz.

Lakin bu cür siyasət, yuxarıda qeyd etdiyimiz kimi, yanvar ayında ölkəyə gələn ərəb turistlərin sayını xeyli aşağı salıb. Bu səbəbdən də, otellərimizin bəzisi, müqavilə qiymətlərini qaldırmasına baxmayaraq, iş işdən keçəndən sonra növbənöv endirimlər təklif etməyə başladılar. Belə endirimlərdən birini də, 31 yanvar 2019-cu il tarixində Bakı Qafqaz City otelindən əldə etmişik. Otelin satış icraçısının məktubunda bildirilir ki, 2019-cu ilin martın 15-dək 30 gecə bron etsək, əlavə 1 gecə hədiyyə qazanmış olarıq. Ancaq, hesabladıqda belə bir sual meydana çıxır ki, satışa məsul şəxslər həqiqətənmi 3 dollara yaxın bir endirimin nəyisə dəyişdirəcəyinə inanırlar (həm də, hər gecə üçün 3 ABŞ dollarını əldə etmək üçün bir ay ərzində azı 30 gecə bron etməliyik)? Yeganə müsbət hal kimi, Qəbələdəki Qafqaz Thermal otelin gec də olsa yayadək endirimlər təklif etməsidir.





Çox təəssüf ki, məqalə yazılarkən, bu cür halları bir çox digər otellərimizdə də müşahidə etdik. Yaxın dostlarımızdan biri Qusarda yerləşən Zirvə otelin qiymətləri barədə məlumat göndərib "Allah bizə kömək olsun" deyə fikrini bildirdi. Maraqlandıqda, oradakı vəziyyətin daha acınacaqlı olduğunu gördük. Zirvə otelində 2 nəfərlik otağın həftə sonuna olan qiyməti (səhər yeməyi ilə) booking portalında 71 USD (121 AZN) olaraq verilib. Belə çıxır ki, əcnəbi şirkətə bizə təklif edilən müqavilə qiymətindən təqribən 2 dəfəyə yaxın ucuz qiymət verilib.





Bütün yuxarıda sadalananları nəzərə alıb, köməyin heç də Allahdan istənilməsi fikrindən uzaq duraraq, otellərin daha yuxarı rəhbərliyini Azərbaycanın inkişafı naminə, öz vətəndaşlarımızın rifahı, yerli sahibkarlığın inkişafı naminə bu cür özbaşına fəaliyyət göstərən və şəxsi mənafelərini ümumi milli maraqlardan açıq-aşkar üstün tutan bəzi satış menecerlərindən təmizləməyə çağırırıq. Bununla da əcnəbi şirkətlərlə yerli şirkətlər arasında birincinin xeyrinə olan fərqi ikincinin xeyrinə əhəmiyyətli dərəcədə dəyişdirməyi xahiş edirik. Bu, həm otellər şəbəkəsinin mənfəətinin artmasına gətirib çıxaracaq, həm yerli sahibkarlığın inkişafına təkan verəcək, həm də ayrı-ayrı fərdlərdə qanunsuz pul vəsaitinin cəmlənməsinin qarşısını alacaqdır.

Buradan Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevaya da müraciət edərək, turizm sahəsinə nəzarət edən orqanlara müvafiq tapşırıqlar verməsini xahiş edirəm. İnanıram ki, hər bir sahədə olduğu kimi, bu sahədə də Mehriban xanımın dəstəyini görəcəyik və bu məsələ də öz müsbət həllini tapacaqdır.

Onu da bildiririk ki, istər Qafqaz otellər şəbəkəsinin tərkibinə daxil olan otellərdə, istərsə də Zirvə otelində çalışan personalın davranışı, xidmət səviyyəsi və otelin ümumi dizaynı, görünüşü qənaətbəxşdir. Yəni, otellərin özü ilə, digər şöbələrin fəaliyyəti ilə bağlı qonaqlarımızın ciddi bir narazılığı yoxdur və hər kəsi qane edir.

Yazımın sonunda qeyd edim ki, ölkəmizin iqtisadi inkişafında irəliyə doğru çox böyük dəyişikliklərin olacağını 2019-cu il başlayar-başlamaz hiss etdik. Həm cənab Prezidentimizin müvafiq strukturlarda dəyişikliklərlə əlaqədar qəbul etdiyi fərmanları, həm də vergi qanunvericiliyində dəyişikliklər gələcəyə daha nikbin baxmağa əsas verir. Düşünürəm ki, cənab Prezidentimiz İlham Əliyevin mikrosahibkarlara köməyi ilə bağlı siyasətinə ən böyük dəstək məhz həmin sahibkarların özləri tərəfindən olmalıdır. Həm də, göz görə-görə aldadılmaq, buna qarşı da səssiz qalmaq özü də yolverilməzdir. Turizm sahəsində bu cür mövcud problemlərdən yazmaqla, mən də üzərimə düşəni etmək istəyirəm. Və əmin edirəm ki, ölkəmizdə turizmin ən böyük problemi heç də müəyyən xidmət sahələrində qeyri-peşəkarların mövcud olması deyil, peşəkar olmağa daha çox borclu olan otellərimizin qiymət siyasətinin tənzimlənməsinin belə qeyri-peşəkar şəxslərə həvalə olunmasıdır. Çünki bu cür fəaliyyət Azərbaycanın ümumi maraqlarına vurulan böyük zərbədir. Gəlmə turizm öz inkişafının növbəti mərhələlərində ölkəmizə xarici investorların cəlb olunmasına xidmət edən bir sahədir. Bu sahəni hamılıqla inkişaf etdirməliyik ki, ölkəmiz də çiçəklənməkdə davam etsin. Təəssüf ki, bütün bunlar bu şəkildə davam edərsə, gəlmə turizm sahəsi inkişaf etmədən iflasa uğrayacaq və hər dəfə yeni açılmış istiqamətlər üzrə (məsələn, Hindistan) müəyyən qədər turist gətirildikdən sonra, yenidən uğursuzluğun şahidi olacağıq.

İlqar Qarayev

Femida.az

Açar sözlər: #turizm   #turist   #otel   #Qafqaz   #Bakı   #ərəb   #araşdırma  

Oxunub: 4488