Azərbaycan xəstəxanalarında niyə bu qədər çox adam var? - ARAŞDIRMA + FOTOLAR


15:40     18 Fevral 2019 2019/02/r1_1550489683.jpg


Son vaxtlar Azərbaycan xəstəxanalarında müşahidə olunan sıxlıq həyəcan təbili çalma vaxtının yetişdiyini göstərir. Femida.az xəstəxanalardakı vəziyyəti araşdırmaq üçün Bakının bir neçə tibb müəssisəsində müşahidə aparıb. Vəziyyət heç də ürəkaçan deyil. Xəstəxanalar insan qaynayır. Nəzərə alsaq ki, insanlar adətən xəstəliyin pik həddində həkimə müraciət edirlər, vəziyyət daha acınacaqlıdır. Deməli ən azı xəstəxanalardakı insanlar qədər də hələ həkimə müraciət etməyən xəstələr var.

Statistikaya görə, Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik ürək-damar çatışmazlığıdır. Kordioloji xəstəliklər - ürək çatışmazlığı, insult kimi hallar artıq onkoloji xəstəlikləri də üstələyir. Pis tərəfi də budur ki, sözügedən xəstəliklər Azərbaycanda cavanlaşmağa doğru gedir.

Əvvəllər bu cür xəstəliklər 50 yaşdan yuxarı insanlar üçün xarakterik idisə, indi orta yaşlı insanlarda da müşahidə olunur.

Xəstəxanalardakı vəziyyəti yerində öyrənmək üçün əvvəlcə Respublika Klinik Xəstəxanasına üz tutduq. Həyət darvazasından girən kimi insan axınını görmək içəridəki vəziyyətin necə olduğundan xəbər verirdi. Budur, qarşımıza çıxan ilk korpusa giririk. Burada şüa terpiyası, qulaq, burun, boğaz, urologiya və s. digər şöbələr yerləşir. Koridorda iynə atsan yerə düşməz. Bura gələn xəstələr əsasən əhalinin kasıb təbəqəsidir. Bir neçə dəqiqə müşahidə aparırıq. Fotolardan da göründüyü kimi bir həkim otağının qarşısında azı 10 növbə var. Hətta bəzi otaqlarda 2-3 həkim qəbul keçirir ki, sıxlıq çoxalmasın. Respublika Klinik Xəstəxanasından olan digər fotoları təqdim edirik:













Xəstəliklərin artması, ölüm hallarına səbəb olması, o cümlədən xəstəliklərin cavanlaşmasının müxtəlif səbəbləri var. Bunların əksəriyyəti irsi xarakter daşıyır. Əgər nəsildə hər hansı xəstəlik varsa, sonrakı nəsillərdə özünü göstərir. Ekologiyanın çirklənməsi, insanların fiziki əməklə məşğul olmaması, stress, düzgün qidalanmamaq da əsas səbəblərdən biridir.

Ötən il Azərbaycanda 18 yaşdan yuxarı əhalinin 77,4 faizi tibbi müayinələrdən keçirilib. Onların 6 faizində ilkin xəstəliklər aşkar olunub. 2,9 faizi sağlamlaşdırılıb.

Ümumilikdə isə 2018-ci il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 50 milyona yaxın müraciət daxil olub. Nəzərə alsaq ki, bura özəl klinikalar daxil deyil, ondan bu sayın 50 milyondan da çox olduğunu görürük. Təəssüf ki, müraciətlərin sayı ilbəil artmaqdadır.

Respublika Klinik Xəstəxanasından sonra Semaşko kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzə yollanırıq. Klinik Xəstəxanaya nisbətən burada az adam görünsə də, bu heç də müraciət edənlərin sayının azlığına görə deyil. Burada yuxarı mərtəbələrə çıxmaq mümkün olmadığından yalnız giriş qapısında gözləyən xəstələri müşahidə edirik. Amma giriş-çıxışın intensivliyi mərkəzdə xəstə sayının çox olduğunu göstərir:











Bəzi xəstəliklərlə bağlı statistik rəqəmlərə baxaq. Məsələn, 2006-cı ildə 241 böyrək xəstəsi var idisə, indi bu rəqəm 3600-ü keçib. QİÇS xəstələrinin sayı isə daha çoxdur. Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6111 nəfər qeydiyyata götürülüb. Azərbaycan üçün ən problemli səhiyyə sahələrindən biri də onkologiyadır. Hazırda respublikada 46 minə yaxın onkoloji xəstə qeydiyyata alınıb. Vərəmlə xəstələnlərin sayında isə azalma müşahidə olunur. 5 il əvvəl hər 100 min əhaliyə xəstələnmə göstəricisi 50 nəfərdən çox idisə, indi 38-ə düşüb. Statistik məlumatlar göstərir ki, Azərbaycanda diabet xəstələrinin sayı da artır. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, 2018-ci ilin ilk 8 ayında bu rəqəm 263 mini ötüb.

Qeyd edək ki, son 3 ildə qan analizi vasitəsi ilə 18-60 yaş arasında 274 min insan yoxlanıb ki, bu da ölkə əhalisinin 2 faizini təşkil edir. Yoxlananların 2 faizində hepatit B, 2,08 faizində hepatit C virusu aşkarlanıb. Ümumilikdə 4 faiz Azərbaycan üçün çox ciddi və təhlükəli göstəricidir.

1 saylı Kliniki Tibbi Mərkəzdən sonra növbəti dayanacağımız Gömrük Hospitalı olur. Burada da eyni sıxlıq müşahidə edilir. Əsasən, analiz şöbəsinin qarşısında izdiham müşahidə olunur. Gördüyümüz qədəri ilə bu xəstəxanaya əsasən, orta yaşlı insanlar müraciət edir.













Yeri gəlmişkən, Azərbaycanda evlənmək istəyən cütlüklərdə də ciddi problemlər aşkarlanır. 2015-ci il iyunun 1-dən bu günə kimi 467 min 659 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib. 17 min 139 nəfərdə talassemiya daşıyıcısı,1598 nəfərdə sifilis, 395 nəfərdə isə QİÇS aşkar edilib. 173 cütlüyün hər ikisində talassemiya aşkarlanıb.

Statistikaya əsasən, Azərbaycan xəstəlikdən ölənlərin 88 faizi ürək qüsurlarının vaxtında aşkar edilməməsi və belə xəstələrin vaxtında ixtisaslı invaziv kardiologiya xidməti ala bilməməsinə görə həyatını itirir. 2017-ci ildə Azərbaycanda əhali arasında ölümün əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub. Həmin göstərici 57,8 faiz olub ki, bu da çox yüksək rəqəmdir. Ölkəmizdə hər doğulan 1000 uşaqdan 14-ü ürək qüsuru ilə doğulur. Ürək qüsuru ilə doğulan körpələrdən 25 faizi ilk 6 ay müddətində tələf olur.

Ardınca özəl klinikalardan birinə üz tuturuq. Qapıda bizi mühafizəçi qarşılayır. Və xəstələr olan mərtəbəyə yalnız axşam saat 6-dan sonra gəlməyin mümkün olduğunu deyir. Bununla belə imkan tapıb girişdə olan sıxlığı müşahidə edə bilirik. Fotoda sadəcə qapının yanında gözləyənlər görünsə də, hospitaldakı intensiv giriş-çıxış burada xeyli sayda insanlın müalicə aldığını göstərir.



Bundan sonra daha 2 özəl klinikaya girmək cəhdimiz baş tutmur. Belə ki, burada girişdə yalnız ödəniş etdikdən sonra xəstəxananın içinə daxil olmaq imkanı verilir.

Göründüyü kimi kiçik bir araşdırma Azərbaycanda nə qədər xəstə insan olduğunu göz önünə sərir. Odur ki sağlamlığının qayğısına qalmaq ilk öncə hər bir insanın öz borcudur. Mümkün qədər sağlam həyat tərzinə üstünlük verməli, idmanla məşğul olmalı, pis vərdişlərdən çəkinməli və qidalanmaya fikir vermək lazımdır.

Femida.az mövzunu diqqətdə saxlayacaq.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #xəstə   #xəstəxana   #klinika   #hospital   #tibb   #səhiyyə   #araşdırma  

Oxunub: 3147