Qarabağ münaqişəsini başladan QƏTL: Əsgəran etirazının pərdə arxası


12:36     22 Fevral 2019 19_02_22_1550824591.jpg

1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Vilayət Sovetinin növbədən kənar sessiyasında “DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılıb Ermənistan SSR tərkibinə verilməsi haqqında” məsələ müzakirə olunmuş və səsvermənin prosedur qaydaları pozularaq saxtalaşdırma yolu ilə qərar qəbul edilmişdi.

Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxıb, Ermənistan isə SSR-nin tərkibinə birləşməklə bağlı qərarı Ağdam və Əsgəran sakinlərini ayağa qaldırmışdı. Rayonun sakinləri dinc nümayiş keçirdilər. Lakin ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci qətlə yetirdilər. Qarabağ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin öldürülməsi faktını o zamankı SSRİ-nin baş prokrorunun birinci müavini F.Katusev Mərkəzi Televiziyada çıxış edərkən təsdiqlədi.

31 il öncə bu gün ermənilər Əsgəranda 2 azərbaycanlı gənci qətlə yetirməklə bu günkü Dağlıq Qarabağ münaqişəsinin qığılcımlarını yaratdılar.

Öldürülən gənclər kim idi?

Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər. Belə bir məqamda Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olur, SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb edirdi. Fevralın 21-də minlərlə azərbaycanlı ermənilərin əsassız iddialarına etiraz etmək üçün Ağdamın mərkəzində toplaşdı. Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar kütlə halında Əsgərana doğru hərəkət etdi. Yürüş edənlərin məqsədi dava salmaq yox, yaranan anlaşılmazlığa son qoymaq idi. Əli və Bəxtiyar da mitinqçilər sırasında idilər və haqsızlığa qarşı var səsləri ilə hayqırırdılar. Azğın düşmən tərəfindən mitinqçilərə doğru açılan qəfil atəşlə Əli və Bəxtiyar şəhid edildilər. Onlar, illərdə davam edəcək Dağlıq Qarabağ münaqişəsinin ilk şəhidləri oldular.



İki azərbaycanlı gəncin erməni və azərbaycanlı icmalar arasındakı savaşın ilk qurbanı olması və ilk qətli ermənilərin törətməsi ilə bağlı mötəbər mənbələr az deyil. Əli və Bəxtiyarın intiqamını almaqdan ötrü Ağdamdan Xankəndinə yürüşə gedən, daş və ağacla silahlanmış ağdamlı gənclərin qarşısını o zamankı kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova yaylığını yerə atmaqla aldı.

Fevralın 22-də Dağlıq Qarabağda, Əsgəranda ermənilərin tökdüyü ilk qan 4 gün sonra Sumqayıtda onların növbəti fitnəsinə başlanğıc oldu. Belə ki, ermənilər öncədən planlaşdırdıqları təxribatı həyata keçirdilər. Bir neçə sumqayıtlı erməni Ermənistandan xüsusi göndərilən ermənilər tərəfindən öldürüldü və bu faktı bütün dünyaya azərbaycanlıların erməniləri öldürməsi kimi təqdim etdilər.

Dağlıq Qarabağ vilayətinin Ermənistan SSRİ-nin tərkibinə verilməsi erməni millətçilərini Azərbaycana qarşı əsasız ərazi iddialarından qaynaqlanan təcavüzkar separatçılığının baş qaldırmasına təkan verdi. Təkcə 1988- ci il ərzində ermənilər tərəfindən Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ regionunda 186 nəfər azərbaycanlı qətlə yetirildi, 200 mindən çoxu isə doğma ocaqlarından vəhşicəsinə qovuldu.



Məsələ ilə bağlı Femida.az-a danışan politoloq, Atlas Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu bildirib ki, ermənilər bizə arxadan zərbə vuraraq qəfil separatçılığa başladılar:

“Ermənistan öz birləşmək şüarı altında hərəkətə keçdi. Buna görə də azərbaycanlılar narahat olmağa başladı. Beləcə Ağdamda bir etiraz dalğası qalxdı. Amma etirazçılar heç vaxt bilməzdi ki, ermənilər artıq silahlanıb və dinc əhaliyə atəş açmağa hazırdır. Halbuki bizdə silah yox idi. Sonradan kim bacarırdısa, ov tüfəngi tapmışdı. Ermənilər isə müasir silahlar əldə edirdi. Xankəndindəki Sovet hərbi bazası da bu işdə onlara kömək edirdi. 2 gəncin qətli ilə onlar separatçılığı genişlənndirdilər və işğala başladılar. Düzdür, buna qədər də ermənilərlə tarixi münaqişələrimiz olmuşdu. Amma həmin o 2 gənc müstəqilliyimiz qazanılması yolunda verdiyimiz ilk şəhidlər oldu.

Əlbəttə bütün bunlar planlı şəkildə idi. Silahları əvvəlcədən tapmışdılar. Onlar bilirdi ki, azərbaycanlılar bu separatçılığa dözməyəcəklər. Ona görə də əvvəlcədən hər şey hazırlanmışdı. Biz isə düşünmürdük ki, ermənilər bizə qarşı bu cür davrana bilər. Çünki 70 il bir yerdə yaşamışdıq. Mən uşaqlıqda oralarda çox olmuşam. Amma həmişə bəhanə ediblər ki, Azərbaycanın maliyyəsindən onlara yaxşı pul ayrılmlır, diqqət göstərilmir. Amma halbuki Qarabağda ən yaxşı yaşayanlar məhz ermənilər olub. Onlara sadəcə bəhanə lazım idi”.



Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, bu daha tarixi köklərə dayanan məsələdir:

“Sadəcə həmin hadisə ümumilikdə böyük bir planın tərkib hissəsidir. İllər əvvəl planlaşdırılmışdı. Başda Rusiya olmaqla , böyük dövlətlər Ermənistana havadarlıq edir ki, bu ölkə özbaşınalıqlarını davam etdirsin. Onlar beynəlxalq hüquqları tanımır. Belə olan halda necə deyə bilərik ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağla bağlı addım atır. Dünən Ağdam istiqamətində düşmənin PUA-sı vurulub. Təsəvvür edin, ATƏT-in sədri və Minsk qrupunun Bakı və İrəvana səfəri ərəfəsində ermənilər belə bir təxribat törədir. Ermənistan kimdir ki, Azərbaycana qarşı belə bir təxribat törətsin. Rusiya və ABŞ ermənilərin törətdiyi hansı hadisəyə hüquqi qiymət verib? Boş-boş bəyanatlarla başımızı aldadırlar. Rusiya problemin həll olunmamasına hər vəchlə çalışır. Ona görə mən yenə deyirəm ki, Əsgəranda 2 gəncin öldürülməsi ilə başlayan bu məsələni Azərbaycan xalqı özü həll edəcək”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #erməni   #Əsgəran   #Qarabağ   #Ermənistan  

Oxunub: 4078