Məktəblilər dərsdən niyə QAÇIR? - GÜNAH KİMDƏDİR? (VİDEO)


12:55     10 May 2019 19_05_10_1557478692.jpg


Sosial şəbəkələrdə paytaxtın Səbail rayonundakı 239 saylı orta məktəbdə şagirdin məktəbin 2-ci mərtəbəsindən tullanmasını əks etdirən görüntülər yayılıb. Videoda şagirdin dərsdən qaçmağa çalışdığı görünür.


Femida.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı məsələ ilə bağlı maraqlı süjet hazırlayıb.

Məsələnin bir tərəfi şagirdin həmin anda öz həyatını təhlükəyə atmasıdır. O düşərkən ciddi xəsarət ala bilərdi. Hətta daha ağır ola bilərdi. Digər tərəf isə odur ki, bir məktəbli niyə axı dərsdən yayınsın, qaçsın. Özü də qapıdan yox, pəncərədən.

Ziya Məmmədzadə (Təhsil Meneceri): "Bunu bəzən məktəb fobiyası ilə qarışdırırıq. Məktəb fobiyası ilə məktəbdən qaçma halları bir-birindən fərqlidir. Məktəb fobiyası məktəbə getməmək istəyidir. Məktəbdən qaçma isə tədris fəaliyətindən yayınıb, digər fəaliyətlərə yönlənmək".

Ekspertlərin sözlərinə görə, məktəblinin dərsdən qaçmasının səbəbi müxtəlif ola bilər. Bunu təkcə məktəbin daxili fəaliyəti ilə də əlaqələndirmək olmaz.

Ziya Məmmədzadə (Təhsil Meneceri): "Şagirdə valideynin yaşının artması ilə əlaqədar nisbətən diqqəti azalır. Əgər məktəbdə də şagirdin özünə yönəlik hər hansı bir xüsusi diqqət göstərilmədiyi halda, o bu boşluqdan fürsət kimi istifadə edir".

Vəfa Rəşidova (Psixoloq): "Burda məktəbli şagirdlərin yanında özünü qəhrəman kimi göstərmək niyyəti var daha çox. Amma burda başqa səbəblər də ola bilər. Sinifdə oturmaq onlar üçün artıq səbirsiz bir fona çevrilib. Yəni səbirsiz yanaşırlar bu şeylərə. Dərsdə oturmaq istəmirlər. Dərs bunlara sıxıcı gəlir".

Təhsil eksperti Kamran Əsədov isə deyir ki, sözügedən videogörüntündəki hal hər gün əksər məktəblərdə müşahidə olunur. Özünü pəncərədən ataraq, dərsdən qaçanlar isə daha çox repetitor yanına, hazırlıq kurslarına gedən şagirdlərdir.

Kamran Əsədov (Təhsil eksperti): "Onlara getmək üçünsə məktəb rəhbərliyi təbii ki, icazə vermir. Çünki qanunvericiliyin tələbinə görə dərs müddətində məktəbli məktəbdə olmalıdır. Hazırlıq kursları da şagirdin həyatını və təhlükəsizliyini nəzərə almalıdır. Yaxşı olar ki, repetitorlar və hazırlıq kursları mütləq şəkildə saat 4-dən etibarən başlasınlar".

Ekspertlər məktəblərin mühafizəsi və təhlükəsizliyinin aşağı səviyyədə təşkil edildiyinə də diqqət çəkir. Nəticədə belə xoşagəlməz mənzərə yaranır.

Kamran Əsədov (Təhsil eksperti): "Yalnız məktəbin giriş qapısını qorumaqla ki, şagirdlər dərs müddətində çıxmasınlar kənara və yaxud kənar şəxslər məktəbin inzibati ərazisinə daxil olmasınlar bununla təhlükəsizliyin təmin edilməsi mümkün deyil".

Ekspertlər hesab edir ki, əgər məktəb rəhbərliyi hər hansı xoşagəlməz halın baş verməsini istəmirsə, orada profilaktik işlər aparmalıdır. Hər bir şagirdə fərdi qaydada yanaşmaq, onun problemi ilə maraqlanmaq və o problemin həllinə birgə çalışmaq lazımdır. Təbii ki, təhlükəsizlik məsələsi də gözardı edilməməlidir.



Femida.az

Açar sözlər: #məktəb   #təhsil   #şagird  

Oxunub: 1057