Suraxanıdakı əmlak mübahisəsi ilə bağlı vəkildən AÇIQLAMA


19:55     17 May 2019 mehkeme_2586865776.jpg


Femida.az saytında 15 may 2019-cu il tarixdə dərc olunmuş “20 ildir işlətdiyi obyekt əlindən alındı - Bakıda əmlak qalmaqalı (ŞİKAYƏT)” adlı məqalə ilə bağlı müraciət daxil olub.

Məhkəmə işi ilə bağlı dərc olunmuş məqaləyə görə iddiaçı tərəf də mövqeyinin işıqlandırılmasını istəyib.

Qeyd edək ki, həmin məqalədə Qafarov Sərdar Qafar oğlu saytımıza müraciət edərək, hüquqlarının pozulduğunu, Suraxanı rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin onun əmlakı ilə bağlı prosesdə ədalətsiz qərar çıxardığını iddia etmişdi.

Qarşı tərəfin vəkili Niyazi Yusifli məsələ ilə bağlı fikirlərini bildirib:

"Vətəndaş Sərdar Qafarovun sözügedən işlə bağlı bildirdikləri həqiqətə uyğun deyil, reallığı əks etdirmir.

Qeyd edim ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Paşayeva Zərifə Cümşüd qızının iddia ərizəsi təmin edilərək cavabdehlər Qafarov Qafar və Qafarov Sərdarın Bakı şəhəri Suraxanı rayonu, keçmiş Balıq zavodunun yaxınlığında (hazırda Əmircan qəsəbəsi, Atamoğlan Rzayev, 10 ünvanda yerləşən restoranın yanı) yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması qət edilib. Bakı Apellyasiya Məhkəməsinin 2 noyabr 2018-ci il tarixli 2(103)-10844/18 saylı qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Hesab edirik ki, hər iki qətnamə iş materiallarında olan sübutlara düzgün qiymət verilərək qəbul edilib. İşin faktiki hallarına uyğun olaraq tam obyektiv, qərəzsiz və ədalətlidir".



Vəkil bildirib ki, Suraxanı rayon İcra Başçısı H.Abutalıbov tərəfindən 4 may 1999-cu il tarixli 909 saylı Sərəncama əsasən Suraxanı Balıq zavodunun yaxınlığında yerləşən qeyri-yaşayış sahəsi olan köşk Paşayeva Zərifə Cümşüd qızının adına keçirilib:

"Sonradan xeyli xərc çəkərək həmin tikilinin sahəsini həyat yoldaşı ilə genişləndirərək qeyri–yaşayış sahəsini avtomobil təmiri məntəqəsi kimi icarəyə veriblər. Ərinin xəstə və özünün evdar xanım olmasını nəzərə alaraq, onlar həmin qeyri-yaşayış sahəsinin gəlir götürmək məqsədi ilə qardaşına həvalə edib və bu səbəbdən də onlara etibarnamə veriblər. Lakin Qafarov Sərdar obyekti avtoservis kimi işlədərək bütün gəliri mənimsəyib. Buna görə də onlar etibarnaməni ləğv ediblər.

Daha sonra qeyri-yaşayış sahəsinin istifadəsinin dayandırılması və ya gəlirin onlara verilməsi xahiş olunsa da, buna heç bir məhəl qoyulmayıb. Ona görə də obyektin boşaldılması ilə bağlı məhkəməyə müraciət olunub".

"Məhkəmənin düzgün nəticəyə gəlməsini və hüquqlarını müdafiə etdiyim şəxsin – iddiaçı Paşayeva Zərifə Cümşüd qızının iddiasının əsaslı olmasını iş üzrə sübutlar təsdiq edir. Bu həm Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən 1999-cu ildə verilmiş sərəncam, həm məhkəmə araşdırması zamanı Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən sorğuya cavab olaraq verilmiş arayış və digər sübutlar təsdiq edir. Halbuki cavabdeh Qafarov Sərdar Qafar oğlu Məhkəməyə heç bir sübut və dəlil təqdim edə bilməyib. Sözügedən məqalədə Suraxanı İcra Hakimiyyətindən 100 kv. metr torpaq sahəsinin alınmasını iddia etsə də, adına olan heç bir sənədi əsas gətirə bilməyib", - deyə vəkil qeyd edib.

Femida.az

Açar sözlər: #məhkəmə   #şikayət   #femida   #torpaq   #vəkil   #qanun   #hüquq  

Oxunub: 849