Sakinlər binanın qarşısını abadlaşdırdı - İcra Hakimiyyəti sökülməsini tələb edir


13:26     22 May 2019 2019/05/abseron_1558515578.jpg


Xırdalan şəhərində yaşayan bir qrup sakin redaksiyamıza müraciət edərək yaşadıqları problemin işıqlandırılmasını xahiş edib. Sakinlərdən biri Babayeva İntizar Əfsər qızı Femida.az-a bildirib ki, Abşeron Rayon İcra Hakimiyyəti uzun müddətdir ki, 27 ci məhəllə ev 8 ünvanında yaşayan 6 ailəyə qarşı təzyiqlər göstərir. Belə ki, İH rəsmiləri onlardan vaxtilə yaşadıqları binanın qarşısını səliqəyə salmaq məqsədilə çəkdiyi hasarın sökülməsini tələb edir.


Hətta buna görə qurum sakinləri məhkəməyə verib. Abşeron Məhkəməsində baş tutan prosesdən sonra qərar İH-nin xeyrinə çıxıb:

“Binanın qarşısı bərbad gündə idi. Yol dağılmışdı. Küçədən keçən insanlar zibilləri bura atırdılar. Alkoqoliklər, narkomanlar gecələr binanın tininə yığışırdılar. Bizdə 1-ci mərtəbədə yaşayan 6 ailə qərara gəldik ki, binanın qarşısındakı boş ərazini hasarlayaq və qapı qoyaq. Beləcə həm küçə səliqəyə düşsün, həm də xoşagəlməz hallardan canımız qurtarsın. 2002-ci ildə 6 ailə razılaşaraq bir xətt üzrə hasar çəkdirdik. Yolu daraltmadıq, heç kəsə mane olmadıq, bu günə qədər də heç bir problem olmadan yaşayırıq. Bura məhəllə arası bir yerdir və o hasarın heç kimə maneçiliyi yoxdur.



Amma Abşeron İH ötən il hasarın sökülməsi ilə bağlı bizə təzyiqlərə başladı və məhkəməyə müraciət etdi. Bizə deyirlər ki, hasarı sökməlisiz. Biz də deyirik ki, söküntünü tləb edən İH-dir və özləri də gəlib sökməlidir. Onlar isə dedi ki, əgər söküntüyə görə İH xərc çəksə, sizin evinizə, əmlakınıza həbs qoyacağıq. Biz hasarın sökülməsinə etiraz etmirik. Sadəcə aidiyyatı qurumlar gəlib öz kommunal xətlərini, borularını, sayğacları ehtiyatla çıxartsınlar. Eybi yox, sonra hasarı biz sökərik.

Biz əksinə küçənin abadlaşmasında İH-ə kömək etmişik. Binanın arxasında az qala binaya bitişik evlər tikilib. Onlar heç bir qanunvericiliyə uyğun deyil, amma onlara heç bir irad tutmurlar. Bizim kiçik bir hasarımız İH-də narahatçılıq yaradır”.



Qeyd edək ki, binaya gələn bütün kommunal xətlər və borular həmin hasarın üstündən keçir. Eləcə də sakinlərin qaz və işıq sayğacları məhz bu hasarın üzərinə bərkidilib. Vətəndaşlar kommunal xətləri zədələmədən hasarı sökmək üçün mütəxəssis lazım olduğunu bildirirlər:

“Biz sabah fəhlə gətirib bu hasarı uçurtsaq, bütün kommunal xətlər məhv olacaq. Adicə sayğac zədə alsa, bildiyiniz kimi böyük cərimələr yazılır. Ona görə də biz özbaşımıza bunu edə bilmərik. Hasarı İcra Hakimiyyəti özü sökdürməlidir”.



Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin İH-nin mətbuat katibi Seymur Qasımov zənglərimizə cavab vermədi.

Vəkil Sadiq Əfəndiyev məsələnin hüquqi tərəflərini Femida.az-a şərh edib. O, bildirib ki, hüquqi baxımdan İH hakimiyyəti hasarın sökülməsi ilə bağlı qərarında haqlı olsa da, burada sakinlər pis bir əməl törətməyib, əksinə həmin ərazini öz hesabına abadlaşdırıblar:


“Küçə səliqəyə salınıbsa, sökülməsinə nə gərək var? Əksinə bina sakinlərinin avtomobilləri beləcə mühafizə olunur. Neçə illərdir, hasarın üstündən dövlət qurumlarının çəkdiyi kommunal xətlər gedir, niyə İH problemi indi görür?! Mütəxəssis olmadan sakinlər o hasarı necə sökə bilər?



Xırdalanda ümumiyyətlə bu tipli tikililər çoxdur. Hətta yol kənarında, yola girən tikililər belə var. İcra Hakimiyyəti o cür obyektlərə daha çox vaxt sərf etməlidir, nəinki məhəllə içində heç kimə mane olmayan hasara.

Söküntü xərclərinə görə, İH-nin sakinlərin əmlakına həbs qoyması ilə bağlı xəbərdarlıq isə sadəcə formal xarakterlidir. Dəyəri 500-600 manat olan bir söküntüyə görə, vətəndaşın 70-80 min manatlıq evinə həbs qoymaq hansı məntiqə sığışır? Praktikada belə bir şey yoxdur. Vətəndaşlar hasarın sökülməsini istəmirsə, Apellyasiya Məhkəməsinə müraciət edə bilər”.

Femida.az məsələ ilə ilə bağlı Abşeron İcra Hakimiyyətinə sorğu ünvanlayıb.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Abeşron   #Xırdalan   #vətəndaş   #vəkil   #qanun   #hüquq   #əmlak   #tikili  

Oxunub: 2539


Oxşar xəbərlər