Şeyx Azərbaycan xalqını təbrik etdi
11:37 04 İyun 2019
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
Femida.az həmin təbriki təqdim edir:
“Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm həmvətənlərim, əziz müsəlman qardaş və bacılarım!
Dünya müsəlmanlarının əziz günü -- mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.
Əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara böyük səadət və fəxarət bəxş edir. Həmd-səna olsun Uca Allaha ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olmuşlar. Qoy Islam dininə ehtiramını nümayiş etdirmiş, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun.
Mərhəmət, savab və ülfət ayı olan Ramazan bəşər övladına dözüm, xeyirxahlıq və yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir.
Allah Təbarəkə və Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur. Bu əziz gündə biz Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin.
Bu əziz bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun layiqli davamçısı, müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni-mənəvi qüdrətinin təmini üçün yorulmaz səylər göstərən, dövlətçilik tariximizə yeni, qürurverici səhifələr yazan Prezident İlham Əliyev həzrətlərinə Azərbaycanın tərəqqisi, Haqq işimizin qələbəsi naminə fəaliyyətində böyük nailiyyətlər diləyirlər.
Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm.
Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin! Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Qoy Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! AMIN!
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!”
Femida.az
Oxunub: 407
Oxşar xəbərlər
- Gələn aydan Bakı-Şarm Əl-Şeyx reysi açılır
- Şeyx Ərdəbil məscidinin imamı Amuliyə cavab verdi
- Şeyx yeni dini liderlər şurasının yaradılması təşəbbüsü ilə çıxış edib
- Şeyx Beynəlxalq Dialoq Mərkəzinin növbəti vebinar iclasında iştirak edib
- Şeyx və dini icma rəhbərlərindən ilə birgə MÜRACİƏT
- Şeyx qan verdi
- Seks partisində ölən şeyx belə dəfn edildi - FOTO
- Seks partisində ölən şeyx belə dəfn edildi + VİDEO
- "Şeyx həzrətləri xalq və dövlət qarşısında böyük xidmətlər göstərir" - Prezident
- Şeyx Fransanın Dini işlər üzrə məsləhətçisini qəbul edib