Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət – Valideynlərin diqqətinə!


14:25     02 Sentyabr 2019 19_09_02_1567420000.jpg

Mütəxəssislər bildirir ki, bir yeniyetmənin, gəncin narkoman olmasına səbəb və yol ailədən başlayır. Valideynin yaxşı, pis olmasının fərqi yoxdur, ailədə, evdə hökm sürən ab-hava uşaqları nəzarət olunmayacaq addıma sövq edir. Bəzən valideynlərin uşağı çox güdməsi, sıxması, xırdaçılığı və ya tamamən görməzdən gəlib azadlıq verib özbaşına buraxması uşağı depressiv bir hala salaraq, hardasa başqa şeylərdən həzz, zövq və rahatlıq tapmağa vadar edir.


Düzdür bu hər uşaqla baş vermir. Amma indi narkomaniya elə yayılıb ki, ən sakit uşağı belə ruhunu incitmədən cənginə alır.
Medicina.az valideynlərin diqqətinə bir uşağın (fərqi yoxdur qız, oğlan) narkotik istifadə etdiyini göstərən əlamətləri çatdırır.

1.Fiziki əlamətlər

Bu uşağın nə qəbul etməsindən asılıdır. Amma ən birinci əlamət göz bəbəklərinin daralması, yığılması və işığa reaksiya verməməsidir. Bəzən isə göz bəbəkləri çox geniş açılmış, bərəlmiş olur. Baxışı donuq şüşə kimidir, gözləri qızarır. Əlləri soyuqdur, az yeyir, iştahı yoxdur, sevimli yeməyinə biganədir, qəbizliyi var. Çox yatır. Dərisi ağ, quru, solğundur.

2.Qəbul etdiyi maddəni orqanizmə təsiri

Bunu da qəbuldan bir neçə saat sonra görmək olur. Təzyiqin qalxması, ürək döyüntüsünün sürətlənməsi, bədənin, əl-ayağın özündən asılı olmadan atışı, titrəməsi, depressiya, elə fikirlər düşünür ki, əvvələr ağlına gəlmirdi. Kiminsə onu izləməsini hiss etməsi.
Həşiş, marixuana çəkdikdə uşaq çox gülür, əylənir, zarafat edir, iştahlıdır, çox yeyir, çox rahatdır, yayılır, göz bəbəkləri kəskin işığa reaksiya vermir, gün ərzində əhvalı kəskin dəyişir, birdən özünə qapılır

3.Siqaret çəkir

Statistikaya görə, birdən-birə açıq aşkar siqaretə başlayan yeniyetmələrin 50%-i artıq marixuanaya başlamış olur. Onlar siqaret çəkmək altında gizlənir, həm də üst-başlarından siqaret qoxusu gəlməklə narkotik qoxusunu gizlədirlər.

4.Qəribə əşyalar

Siz onun əşyaları içərisində, şkafında, çantasında əvvəllər olmayan əşyalar görə bilərsiz: qəlyan borucuğu, qutu, trubka qəlyan, şpris, bint, yod və s. Eləcə də müxtəlif digər fərqli əşyalar.

5.Evdən çıxmağa can atır

Əvvəllər evdən zibil atmağa, çörək almağa güclə çıxan və bundan xoşlanmayan uşaq birdən-birə evdən çıxmağa səbəb axtarır. Nə lazımdırsa edər, təki evdən çıxsın. Bir səbəb olmadıqda isə səbəbsiz çıxır, çox vaxt yerini demir və ya yanıldır.

6.Telefon, kompüterini gizlədir

Bütün istifadə etdiyi qadjetləri parola qoyur, kiminsə açmağını, hətta istifadə etməyini istəmir. Kiminlə yazışdığını gizlədir. Telefonla danışanda, səslərə qulaq asanda evdən çıxır.

7.Yeni dostları peyda olub

Uşağın əhatəsində olmayan, tanış olmağa səbəbi belə olmadığı yeni tanışları, dostları peyda olub. Siz onun dilindən müxtəlif adlar eşidir, soruşanda dostumdur deyir. Amma bu dostu barədə heç bir informasiya vermir.

8.Onun cibxərcliyi artıb, tez –tez pul istəyir

Uşağa gündəlik yolpulu, yemək pulu və xırda-para yetəcək qədər pul versəz də, o pulu tez yoxa çıxarır, yenə pul istəyir, pulsuzluqdan gileylənir. Xərcinin artdığını, ya nəsə aldığını deyir. Pul olmadıqda isə bəzi əşyalarını satır. Əgər uşaq bir gün gəlib telefonum pis idi, satdım, yaxşısını alacam deyirsə, bu o deməkdir ki, o artıq ciddi təhlükədədir.

9.Yuxusu çox pozulub

Ya lazım olmayan vaxtda yatır, ya da yatmır. 2-3 günlərlə yatmaya bilər. Yuxulu gəzir, amma çarpayıya uzandıqda yata bilmir. Yuxuda tərləyir, narahatdır.

10.Geyimi dəyişib

Geyimi səliqəsiz, kirli olur, buna fikir vermir. Təzə geyim almır. Qəfildən dağınıq, uzunqol, kip qolları olan geyimlər geyinir. Qısaqol geyimdən qaçır. Pinti, dağınıq, baxımsız görünür. Üst-başını dəyişəndə, düzəldəndə isə aqressiya göstərir.

Əgər bu və digər əlamətlər varsa, uşağı ehtiyatla izləmək, sorğu-sual etmək və dərhal hərəkətə keçmək, bu işi peşəkarlarla görmək sizin borcunuzdur.

Açar sözlər:

Oxunub: 589