Deputat generalın qohumunun qətlindən danışdı: Oğlum stressdədir


11:18     04 Sentyabr 2019 19_09_04_1567581465.jpg

Bu yaxınlarda Bakının Şərifzadə küçəsində 1991-ci il təvəllüdlü Fərid Məmmədzadə ürək nahiyəsindən aldığı bıçaq zərbəsi nəticəsində həlak olub. Bu hadisədən sonra Fəridlə eyni məktəbdə oxumuş oğlum, dostları stressdədirlər.


Femida.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun qaynı oğlu Fərid Məmmədzadənin qətlinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, oğlu Fəridin qətli ilə barışa bilmir:

"O, Fəridi məktəb illərindən tanıdığını, necə təmiz qəlbli, saf uşaq olduğunu təəssüf hissi ilə xatırlayır, bu itki ilə barışa bilmir. Hesab edirəm ki, istintaq orqanları hadisəni obyektiv şəkildə araşdıracaq, cinayətkarlar layiqli cəzalarını alacaqlar".

Bir neçə il öncə Milli Aviasiya Akademiyasının professoru Zimirxan müəllimin yeganə oğlu da təsadüfən qonşu qıza sataşan bir yaramaz tərəfindən bıçaqlanaraq öldürülmüşdü".

Millət vəkili qeyd edib ki, düşmənlə üz-üzə müharibədə yox, məhz belə hallarda övladının qətlə yetirilməsinin hər bir valideyn üçün nə qədər dözülməz olduğunu izah etməyə ehtiyac yoxdur:

"Bu hadisədən az müddət sonra, hələ gənc ikən Zimirxan müəllim də dərdə dözməyərək dünyasını dəyişdi".

Deputat qeyd edib ki, heç bir ciddi səbəb olmadan aqressiya, müxtəlif insanlar arasındakı dözümsüzlük, əsasız hegemonluq cəhdləri, paxıllıq, qısqanclıq, birinin digərini qəbul etməməsi, ictimai yerlərdə utanc hissini itirərək əxlaq normalarını pozma və s. hallar cəmiyyətimizi narahat edən məsələlərdir.

Xatırladaq ki, avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə saxlanılıblar.

Açar sözlər:

Oxunub: 1066