Əhalinin siyahıyalınması zamanı ailələrin sayı da müəyyən ediləcək


14:25     01 Oktyabr 2019 azcan%20ehali.jpg

"Budəfəki siyahıyaalmada ilk dəfə ev təsərrüfatları ilə yanaşı, ailələrin də sayı müəyyən ediləcək".


Femida.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində 1-10 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək əhalinin növbəti siyahıalınmasına həsr olunan mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib.

Komitə sədri bildirib ki, siyahıyaalma iki hissədən ibarət olacaq, həm mənzil fondu, həm də əhali sayı siyahıya alınacaq: "Mənzil fondunun siyahıya alınması məqsədilə hər bir ev təsərrüfatı üçün siyahıyaalma vərəqəsi doldurulacaq. Bu siyahıyaalma vərəqəsi bizə bir sıra imkanlar yaradacaq. Bu vərəqədəki sualların cavablandırılması ilə Azərbaycanda ötən 10 il ərzində ev təsərrüfatlarında baş verən dəyişikliklər müəyyən olunacaq. 10 il əvvəl keçirilən siyahıyaalma zamanı Azərbaycanda ev təsərrüfatlarının orta sayı 4,7 olub. Amma son illərdə həm insanların həyat şəraitinin yaxşılaşdırılması, həm mənzil-məişət problemlərinin həlli, həm də müəyyən qədər doğumun aşağı düşməsi tensensiyası nəticəsində ev təsərrüfatlarının ölçüsündə azalma müşahidə olunub. Qəbələdə keçirdiyimiz sınaq siyahıyaalması nəticəsində bu rəqəmin 4,7-dən 4,2-ə düşməsi müşahidə olunub. Siyahıyaalma vərəqəsi nəticəsində Azərbaycanda ev təsərrüfatının orta say tərkibi də müəyyən olunacaq. Eyni zamanda ilk dəfə olaraq bu vərəqələr nəticəsində ev təsərrüfatları ilə yanaşı, ailələrin də sayını müəyyən edəcəyik. Elə ev təsərrüfatları var ki, bir neçə ailə bir yerdə yaşayır. Amma bu ev təsərrüfatlarında neçə ailənin olması müəyyən qərarların qəbulu üçün, xüsusilə də mənzil proqramlarının həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Övladlar böyüyür, ailə qururlar, amma məcburən bir ev təsərrüfatında qalırlar. Ona görə də ölkə üçün ailələrin sayının bilinməsi çox vacibdir”.

Femida.az

Açar sözlər:

Oxunub: 616