Nəsiminin 650 illik yubileyi münasibətilə ədəbi-bədii məclis keçirilib - Foto


17:26     25 Oktyabr 2019 2019/10/DSC_0498_4716029823.jpg


Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük söz ustaları içərisində diqqətəlayiq yer tutan, bədii və fəlsəfi fikir tarixində dərin iz qoyan mütəfəkkir şair Seyid İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyət kəsb edir.

Bu il Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi ili” elan edib.




Bu məqsədlə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı, Kürdəmir Regional Mədəniyyət İdarəsi ilə birlikdə bir sıra kütləvi tədbirlər hazırlayıb keçirib. Belə ki, bir neçə mərhələdə keçirilən Nəsimi qəzəllərinin müsabiqəsi, “Nəsimi sözünün qüdrəti” adlı elmi-praktik konfrans, “Nəsimi şagirdlərin gözü ilə” praktik seminar “Nəsimi ili” çərçivəsində keçirilən silsilə tədbirlərdəndir.

Nəhayət çoxdan gözlənilən Nəsiminin 650 illik yubiley tədbirinin yekunu – ədəbi-bədii məclis oktyabrın 25-də regionun ən böyük mədəniyyət ocağı olan İmişli rayon Mədəniyyət Mərkəzində baş tutdu.



Məclisi giriş sözü ilə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq klassik Azərbaycan ədəbiyyatının ustad şairi, XIV əsrin sonları, XV əsrin əvvəllərindən başlayaraq müasir dövrümüzə qədər Yaxın və Orta Şərqin ədəbi-ictimai fikrini məşğul edən, öz sənətkarlığı, dili, üslubu, ifadə tərzi, fəlsəfi ideyaları, dünyagörüşü, ictimai fəaliyyəti, mübarizəsi və şəxsi mərdliyi sayəsində böyük şöhrət qazanan, yaşadığı dövrdə və özündən sonra yetişmiş bir çox söz ustalarına, şair və aşıqlara güclü təsir göstərən, onların yaradıcılığına nüfuz edən İmadəddin Nəsiminin sənətkarlığından danışdı.

AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Nəsiminin həyatı öz qələmi ilə” mövzusunda çıxış edərək Allahla təbiətin, idrakla eşqin vəhdəti prinsipindən çıxış edən, varlığın sirrini səsdə, hərfdə, sözdə görən, xalqı xaliqdən ayrı düşmüş zərrə sayan və o zərrrəni öz tamına qovuşdurmağa çağıran bir ideologiyanı füsunkar şeir dili ilə yayan Azərbaycanlı şairin şəxsiyyətini, obrazını tamaşaçılara çatdırdı.



Məclisin qonağı olan AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli “Nəsiminin farsca “Divan”ının özəllikləri” mövzusunda çıxış edərək Azərbaycan, Orta Asiya, Anadolu, İran, İraq, Ərəbistan və Şərqin bir çox mədəni mərkəzlərində geniş yayılmış, Şərqin bir çox əlyazma xəzinələri və kitabxanalarının fəxri olan şairin “Divan”ının farsca nüsxəsi haqqında tamaşaçılara ətraflı məlumat verdi.

Məclisin musiqili qonaqları Əməkdar Mədəniyyət işçisi Aşıq Ağamurad Şirvanlı, Əməkdar Mədəniyyət işçisi, balaban ifaçısı Rasim Ələsgərov, 5-ci Televiziya Muğam Müsabiqəsinin qalibi Nisbət Sədrayeva, xanəndə Elbrus Niftəliyev, Altay Niftəliyev, Araz Ağaverdiyev, qiraətçi Hacı Fərəc Əliyevin ifaları tamaşaçıların alqışları ilə qarşılandı. Şagirdlər arasında keçirilən Nəsimi qəzəllərinin müsabiqə qalibi Kürdəmir şəhər 3 saylı tam orta məktəbin şagirdləri Sahilə Abdullayeva və Toğrul Məmmədəliyevin çıxışı da maraqla qarşılandı.

Məclisdə Beyləqan rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Gənclik Xalq Teatrının aktyorları Elnur Abbasov, Əbdülhəsən Tağıyev “Mən bu cahana sığmazam” tamaşasından bir səhnəni mümayiş etdirmişlər.

İmişli rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Sərvər Şirinov, Sənəm Məmmədli, Baxış Babaşov, Elnur Məcidov, Kərim Əhmədov hazırladıqları “Nəsimi” kompazisiyasını da tamaşaçılar alqışlarla qarşıladılar.

Tədbirdə səhnədə quraşdırılmış monitorda Dövlətimizin Nəsimi irsinə verdiyi dəyər, “Nəsimi ili” çərçivəsində dövlət tədbirlərini əks etdirən sujet, “Nəsimi” filmindən fraqmentlərin nümayiş etdirilməsi məclisi daha da rövnəqləndirdi.

Tədbirin yekununda İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edib.

Femida.az

Açar sözlər: #Nəsimi  

Oxunub: 1099