"Bu tipli mitinqlər xalqın iradəsini əks etdirmir" - Politoloq


10:10     31 Oktyabr 2019 2019/10/74911456_2461547820751505_8720016159119769600_n_1572502008.png


“Aydındır ki, bu cür mitinqlər ancaq təxribat, ara qarışdırmaq, cəmiyyətdə sabitliyi pozmaq, çaxnaşma və qarşıdurma yaratmaq məqsədi daşıyır”.


Bunu Femida.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. Müxalifətin 2 noyabra təyin etdiyi mitinqi dəyərləndirən politoloq bu mitinqin də 19 oktyabrda keçirilmiş mitinq kimi uğursuzluğa düçar olacağını bildirib. Onun sözlərinə görə, bu tipli mitinqlər xalqın iradəsini əks etdirmir:

"Ötən mitinqdə iştirak edənlərin sayını nəzərə alsaq, görərik ki, onların mövqeyi heç də Azərbaycan xalqının iradəsini əks etdirmir. Orada heç kimin xalqın adından danışmaq ixtiyarı yoxdur. Sadəcə məqsəd çox az sayda tərəfdarı olan bir partiyanın, bir qrupun məqsədli şəkildə qarşıdurma yaratmaq, asayişi pozmaq, mənasız şüarlar səsləndirməklə məqsədli qarşıdurmaya getməsidir".

Politoloqun sözlərinə görə, məqsəd toplaşıb hər hansı bir şeyə etiraz etməkdirsə, bunun üçün şəhərin mərkəzini seçib ictimai asayişi pozmaq düzgün deyil:

"Ora toplaşan insanların istəyi hər hansı şüar səsləndirmək, dövlətdən nələsə tələb etməkdirsə, onu Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müəyyən olunmuş yerdə - Lökbatan qəsəbəsində də edə bilər. Onsuz da media eyni yayımı ordan da edəcək, səsləndirilən şüarlar eşidiləcək. Mitinq Lökbatanda da keçirilsə, plakatı qaldıranda hər kəs görəcək. İnsanlar səslərini çatdıra biləcəklər. Odur ki, məkanın fərqi yoxdur. Belə olan halda niyə məhz əhalinin ən çox gəliş-gedişli, nəqliyyatın sıx olduğu yerdə mitinq keçirməyə cəhd edirlər? Bu sadəcə məqsədli şəkildə qarşıdurmadır. 19 oktyabrda eyni şeyə cəhd edildi. Xəsarət alan insanlar oldu. Bəzi media orqanları bunu qərəzli şəkildə yayımladılar. Eyni şeyi yenidən təkrarlamaq ağılsızlıqdır".



N.Məmmədova bildirib ki, müxalifət bu mitinqləri razılaşdırılmamış şəkildə keçirdiyi üçün polisin müdaxiləsi təbiidir:

"Bu tipli mitinqlər razılaşdırılmamış mitinqdir. Mitinqə çıxanlar da bilməlidir ki, əgər bu toplaşma razılaşdırılmayıbsa, dövlətin aidiyyatı orqanları tərəfindən adekvat addımlar atılacaq. Polisin vəzifəsi asayişi qorumaqdır. Mən bir vətəndaş olaraq asayişi pozacaq addım atıramsa, bilməliyəm ki, bunun adekvat cavabı olacaq. Bilə-bilə bu addımı atıramsa, deməli məqsədli olaraq qarşıdurma yaratmağa cəhd edirəm".

"Bu tipli mitinqlər müəyyən dairələrin, ölkəmizdə əmin amanlığı pozmaq istəyən daxili və xarici kütlənin sifarişi ilə həyata keçirilən bir addımdır. Bu kortəbii bir şey deyil. Planlaşdırılmış, məqsədli, qərəzli bir aksiyadır", - deyə politoloq qeyd edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #politoloq   #Nəzakət   #Məmmədova   #mitinq   #siyasət  

Oxunub: 1541