Dini vəsaitlərin istehsalı və satışı üçün icazə NECƏ ALINIR? - QANUN


15:38     18 Dekabr 2019 19_12_18_1576670545.jpg


Dini təyinatlı vəsaitlərin yayılması üçün icazəni necə almaq olar? Femida.az bu mövzuda hüquqi maarifləndirici yazını təqdim edir.


Xidmətin məzmununu dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal, ixrac edilməsinə, habelə sərbəst yayılmasına razılığın verilməsi təşkil edir. Xidməti həyata keçirən dövlət orqanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Komitənin Dinşunaslıq ekspertizası şöbəsi müvafiq araşdırma aparır. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının 20 avqust 1992-ci il tarixli 281 nömrəli Qanununun 22-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli, 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 7.9-6-cı bəndi və Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli “Lisenziyalar və icazələr haqqında” Qanununun 3 nömrəli əlavəsinin 3-cü bəndi əsasında icazə qanunauyğun şəkildə verilməlidir.

Nazirlər Kabinetinin 2014-cü il tarixli 09 iyun tarixli 191 nömrəli Qərarına əsasən dini təyinatlı ədəbiyyatın yayılması üçün əsərlərə nəzarət markası vurulmalıdır. Müraciət daxil olduqdan sonra müvafiq araşdırma aparılır və 30 gün ərzində ərizəçiyə müvafiq sənəd təqdim edilir. Əgər dini ədəbiyyatın tərkibində qanuna zidd hər hansı material, dini ektremizmin təbliği, dindən sui-istifadə hallar və s. hallar aşkarlanarsa, həmin ədəbiyyatlın istahsalı və yayılmasına icazə verilmir.



İstehsal və yayıma icazə verildikdən sonra Dinşunaslıq ekspertizası şöbəsi həmin materialların satışı üçün də əlavə icazə verməlidir. Bunun üçün də əlavə 30 gün tələb olunur. Bunun üçün tələb olunan sənədlər aşığadakılardır:

- Ərizəçinin vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmasını təsdiq edən şəhadətnamənin surəti
- Ərizəçi hüquqi şəxs olduqda onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti
- Ərizəçi fiziki şəxs olduqda onun şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti
- İxtisaslaşdırılmış satış məntəqələrinin olduğu ünvanı təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti
- Ərizə


Ərizəyə əlavə olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə Komitə həmin çatışmazlıqların aradan qaldırılması üçün ərizəçiyə (ərizəçilərə) 20 gün müddət təyin edir. Ərizəyə əlavə olunmuş sənədlərdə çatışmamazlıqlar aşkar edilmədikdə ərizə daxil olduqdan ən geci 15 gün müddətində Komitə müvafiq yerli icra hakimiyyəti orqanına sorğu göndərir. Müvafiq yerli icra hakimiyyəti orqanı sorğu daxil olduqdan sonra 7 gün müddətində ixtisaslaşdırılmış satış məntəqəsinin yerləşdiyi ərazidə nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışının təşkili məsələlərini müəyyənləşdirir. Müvafiq yerli icra hakimiyyəti orqanı sorğu daxil olduqdan sonra ən geci 10 gün müddətində Komitənin sorğusuna əsaslandırılmış cavab verir. Sorğuya cavab aldıqdan sonra Komitə ərizəçiyə (ərizəçilərə) ən geci 10 gün müddətində müvafiq cavab məktubu göndərir. İxtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılıq Komitə sədrinin müvafiq sərəncamı ilə təsdiq edilir.



Dini ədəbiyyat məzmunlu materialların yayılması və satışı ilə bağlı icazə verilməsi xidmətindən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən tənzimlənir. Vətəndaş qərardan narazı qaldığı təqdirdə, yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayətə 1 ay müddətində baxılır. Şikayətin nəticəsi vətəndaşı razı salmazsa, o, məhkəməyə müraciət edə bilər.

Hazırladı: Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #qanun   #DiniƏdəbiyyat   #femida   #din   #DQİDK  

Oxunub: 1496